Qayıt gəl
Baxışlarım yollarına dikilib,
Darıxıram yaman, zalım, qayıt gəl!
Ayrılığa, əzablara son qoyağ,
Pərişandır sənsiz halım, qayıt gəl!
İllərdi ki, həsrətinlə yanıram,
Hər an, hər vaxt səni candan sanıram,
Heç bilmirsən, səni necə anıram,
Məhəbbətdə, ay bəlalım, qayıt gəl!
Yaşamadım, ömrüm sənsiz qaraldı,
Həsrətindən gözüm kökü saraldı,
Ayrılığın əzablarla aradı,
Bu ömrümə cah-cəlalım, qayıt gəl!
Xəyal deyil, ürəyimi yaxanım,
Bir eşq olub ürəyimə axanım,
Bu ömrümə şimşək olub çaxanım,
Yanan canım, xoş camalım, qayıt gəl!
Bilmirəm
Yenə gözlərində o həmin baxış,
Alışıb qəlbimi od kimi yaxar!
Yenə baxışların sönməyən atəş,
Bütün bədənimdə şimşəktək çaxar!
Bilmirəm, ilahi, bu nədir belə?!
Baxışlar könlümü ediblər kölə,
Odləyib, yandırıb, döndərib külə,
Sonra da gözümə sevgi ilə baxar!
Yenə gözlərində həmin baxış var,
Bu aləm könlümə olub yenə dar,
O baxış özünə məni edib yar,
Coşan selə dönüb qəlbimə axar!!!
Gözümün yaşı
Aşıq, al sazını, çal dərdlərimi,
Sinəmə xal düşüb yanır, odlanır!
Çal aşıq, ruhani, yanıq Kərəmi,
İllərdi ürəyim qəmlə dolanır!
Aşıq, gəl oturub, bir az dərdləşək,
Kimə mən söyləyim, axı dərdimi?!
Həsrətin alovu yandırır məni,
Bir canı yandırdım, mən Əsli kimi!
Aşıq, çal sazını qəlbim yaralı,
Elə çal oynasın qəmim, kədərim.
Axıb selə dönsün gözümün yaşı,
Fələkdən yazılıb bəxtsiz qədərim.
Ay aşıq, dayanma çal bir dilqəmi,
Dərdlərim daşlaşıb, çal sarıteli.
Qəlbimdə gizlənib illərin qəmi,
Başımdan çıxmayıb sevginin yeli!
Bu gecə gəlmişdin yuxuma yenə
Qəribə oyunu vardır taleyin,
Çərxinə salmışdır məni fələyin,
Gizlicə aldadıb,edib kələyin,
Bu gecə gəlmişdin, yuxuma yenə!
Həsrətlə gözlərin üzümə baxdı,
Qəlbindən qəlbimə bir atəş axdı,
Sənin bu gəlişin qəlbimi yaxdı,
Bu gecə gəlmişdin, yuxuma yenə!
Əllərim əlində, gözün gözümdə,
Dilim dolaşırdı hər bir sözümdə,
Yaman karıxmışdın sənin özün də
Bu gecə gəlmişdin, yuxuma yenə!
Toxundu əllərin ipək təlimə,
Silib göz yaşımı çəkdi üzümə,
Dolayıb əlini incə belimə,
Bu gecə gəlmişdin, yuxuma yenə!
Elə qəmgin -qəmgin baxırdı gözlər,
Danışa bilmirdi nə dil,nə sözlər,
Bilirdim, həsrətin bu günü gözlər,
Bu gecə gəlmişdin, yuxuma yenə.
Səssiz
İçimdə bir sevgi yaşayır səssiz,
Hərdən gülümsəyir, hərdən ağlayır.
Gizlənib qəlbimin dərinliyində ,
Həsrətə bürünüb məni dağlayır.
İçimdə bir sevgi yaşayır səssiz,
Bəzən duyğularım darıxır onsuz.
Gözlərim dözməyib bu səssizliyə,
Dikilib yollara ağlayır sonsuz.
İçimdə bir sevgi yaşayır səssiz,
Deyəsən, dağlarsız darıxır yaman.
Darıxır dumansız, darıxır çənsiz,
İllərdi qəlbimi yandırır zaman!






















