Gözlərində qorxu olmayan nəsil – Bakıdakı dəhşətli hadisənin pərdəarxası

Gözlərində qorxu olmayan nəsil – Bakıdakı dəhşətli hadisənin pərdəarxası

Müstəqil Az  Günel Novruzun Klis.az -da yayınlanan  “Game Over” yazısını təqdim edir.

Bu gün ölkəmiz Amerikanın hansısa ştatındakı məktəb xəbərlərini xatırladan dəhşətli bir hadisə ilə çalxalandı. “İdrak” liseyində silah səsləri eşidildi. Amma bu dəfə səslənən, bilik yarışının start fitini çalan simvolik tapança deyildi. Budəfəki həqiqi silah idi. 10-cu sinif şagirdi müəlliminə atəş açdı. Müəllim xəstəxanada, həyatla ölüm arasında çırpınır. Cəmiyyət isə şokda… Yoxsa bizə elə gəlir?

Bu hadisə sadəcə bir kriminal xronika deyil. Bu, illərdir xalçanın altına süpürdüyümüz tozların, telefon ekranlarına həbs etdiyimiz uşaqların və reytinq xatirinə hər şeyi qurban verən “media”nın yaratdığı ortaq faciədir.

***

Hadisə baş verər-verməz, xəbər lentlərinə düşən ilk videolara diqqət yetirdinizmi? Məktəbin qarşısı qarışqa yuvası kimi qaynayır. Polis maşınları, təşviş içində valideynlər və əllərində kamera, mikrofon tutmuş jurnalistlər.

Normal cəmiyyətdə, belə bir travmatik hadisədən sonra uşaqlar dərhal psixoloq nəzarətinə götürülər, hadisə yerindən uzaqlaşdırılar və qorunarlar. Bəs bizdə nə baş verdi? Jurnalistlər hələ heç nəyi dərk etməyən, bəlkə də şokun təsiri altında olan azyaşlıların ağzına mikrofon uzadıb “Hadisə necə oldu?”, “Qan gördünmü?”, “Müəllim necə yıxıldı?” kimi suallar yağdırmağa başladılar.

Bu, təkcə qeyri-etik deyil, bu, cinayətə bərabər səhlənkarlıqdır. O uşaqların üzü açıq şəkildə efirlərə verildi, sosial şəbəkələrdə tirajlandı. Sabah o uşaq məktəbə gedəndə, küçəyə çıxanda hamı onu “o hadisəni danışan uşaq” kimi tanıyacaq. Biz uşaq hüquqlarını, onların məxfiliyini kobud şəkildə pozuruq. Medianın “eksklüziv” həvəsi, uşağın gələcək psixologiyasından daha üstün tutulur.

Sosial şəbəkələr isə daha betərdir. Həmin videoların altında yazılan şərhlər, paylaşımlar, o uşaqların sifətinin zarafat obyektinə çevrilmə ehtimalı… Biz dərindən düşünmürük, amma o uşaqları qorumaq əvəzinə, onları bu qanlı şounun iştirakçılarına, “kontent” materialına çeviririk. Uşaq faciənin şahidi yox, xəbər portalının “klik” mənbəyidir artıq. Bu yanaşma cəmiyyətin mənəvi aşınmasının ilk simptomudur. Biz faciədən də qazanmağa çalışan, faciəni “tiktoklaşdıran” bir kütləyə çevrilmişik.

***

Lakin məsələnin ən dəhşətli tərəfi başqadır. O müsahibə verən uşaqların gözlərinə baxdınızmı? Diqqətlə baxın. Orada nə görürsünüz?

Dəhşət? Qorxu? Göz yaşı? Titrəmə?

Yoxdur! Heç biri yoxdur!

Uşaqlar hadisəni elə soyuqqanlılıqla, elə rahatlıqla danışırlar ki, sanki dünən axşam baxdıqları bir döyüş filmindən bəhs edirlər, yaxud həyətdə futbol oynayarkən kiminsə topunun partladığından danışırlar.

– “Gəldi, vurdu, qaçdı…”

– “Müəllim yıxıldı, qan axdı…”

Cümlələr qısa, konkret və duyğusuzdur. Sanki qarşılarında insan vurulmayıb, sanki sevdikləri müəllim qan içində çabalamayıb. Bu soyuqqanlılıq haradan qaynaqlanır? Axı biz bir vaxtlar məktəbdə sinif yoldaşımızın burnu qanayanda bütün sinif olaraq ağlaşan, qorxudan rəngi ağaran uşaqlar idik. İndi nə dəyişdi?

Əvvəlki nəsil olsaydı, bu hadisədən sonra bir ay özünə gələ bilməzdi. Məktəbə getməyə qorxardı, yuxularına qan girərdi, valideyninə sığınardı. Amma indiki uşaqlar hadisədən 10 dəqiqə sonra kamera qarşısında müsahibə verir, bəlkə də içindən “Kaş bu videonu tiktok-da paylaşalar, məşhur olaram” deyə düşünürlər.

Budur əsl faciə. Tapançadan çıxan güllə müəllimin bədənini yaraladı, amma bu mənzərə cəmiyyətin ruhunu öldürdü. Hissiyyatsızlıq, laqeydlik və ölümün adiləşməsi…

***

Gəlin bir az geriyə, indiki valideynlərin və müəllimlərin uşaqlığına qayıdaq. Bizim qəhrəmanımız kim idi? Cırtdan.

Cırtdan balaca idi, zəif idi, amma ağıllı idi. Ən əsası, Cırtdan qorxurdu. O, Divdən qorxurdu. O, qaranlıqdan qorxurdu. O, meşədə azmaqdan qorxurdu. Və məhz bu qorxu onu sağ qalmağa, düşünməyə vadar edirdi. Cırtdan Divi görəndə ona şillə vurmurdu, onu öldürməyə çalışmırdı. O, “İt hürən tərəfə yox, işıq gələn tərəfə gedək” deyirdi.

Bu “İşıq gələn tərəf” sadəcə kəndin yolu deyildi. Bu, metaforik mənada Xeyir idi, Ümid idi, Təhlükəsizlik idi. Cırtdan nağılı bizə öyrədirdi ki, Şər (Div) var, o realdır, o səni yeyə bilər. Ona görə də ehtiyatlı olmalısan, həyatın dəyərini bilməlisən. Biz nağıllarla böyüdükcə, ölümün və itkinin nə olduğunu hiss edirdik. Nağılda kimsə ölürdüsə, o geri qayıtmırdı. Bu, bizdə həyata qarşı bir ehtiram, ölümə qarşı isə bir qorxu (sağlam qorxu) yaradırdı.

Bəs indiki nəsil?

Onların Cırtdanı yoxdur. Onların “Counter-Strike”ı, “PUBG”si, “GTA”sı, “Call of Duty”si var.

Onların dünyasında “İşıq gələn tərəf” yoxdur, “Loot” (qənimət) olan tərəf var.

Onların dünyasında Div yoxdur, “Boss” var və o “Boss”u öldürmək üçün sadəcə düzgün silahı (“drop”u) tapmaq lazımdır.

Ən dəhşətlisi isə odur ki, onların dünyasında Ölüm yoxdur.

Kompüter oyunlarında yüzlərlə adam öldürürlər. Başından vurursan, qan fışqırır, adam yıxılır. Amma 5 saniyə sonra nə baş verir? Oyunçu düyməni basır və ölən adam yenidən qalxır, heç nə olmamış kimi qaçmağa davam edir.

Bu uşaqlar səhərdən axşama qədər bu reallıqda yaşayırlar. Onların beyni “öldürmək = yox etmək” funksiyasını silib. Onlar üçün “öldürmək = müvəqqəti dayandırmaq” və ya “xal qazanmaq” deməkdir.

O şagird müəlliminə atəş açarkən, bəlkə də şüuraltında elə bilirdi ki, bu, oyunun bir hissəsidir. O, tətiyi çəkəndə qarşısındakının bir ata, bir övlad, canlı bir insan olduğunu dərk etmirdi. O, sadəcə bir “NPC”yə atəş açırdı.

Düşünürdü ki, vuraram, yıxılar, sonra da heç nə olmamış kimi qalxıb dərsini keçər. Yaxud ən pis halda oyun bitər, yenidən başlayarıq.

Amma həyat yenidən başlamır, əziz uşaqlar. Həyatda elə şanslar yoxdur. O müəllim yıxılanda, ekranda “Game Over” yazılmır, real qan axır. Və o qan təmizlənmir.

***

Biz uşaqlarımızın əlinə planşetləri verib “səsi çıxmasın, başımı ağrıtmasın” dediyimiz gün uduzduq. Biz onlara “Cırtdan”ı oxumağa tənbəllik edib, yutubda aqressiv, mənasız, rəngli və səsli videoları açdığımız gün uduzduq.

Bu gün liseydə baş verən hadisə, həmin o “sakitləşdirmək” üçün verdiyimiz telefonların bizə verdiyi “qarşılıqdır”.

Virtual aləm uşaqların empatiya hissini kütləşdirib. Onlar ağrı hiss etmirlər. Başqasının ağrısını anlamırlar. Ekranda baş kəsmək, adam vurmaq o qədər adiləşib ki, real həyatda baş verən qan onlara sadəcə “qrafika” kimi görünür. Ona görə də müxbirə müsahibə verən şagirdin gözündə qorxu yoxdur. Çünki o, bunu hər gün monitorda görür. Onun üçün bu, fövqəladə hal deyil, sadəcə “qrafikası yüksək olan” bir səhnədir.

***

Günahkar kimdir? Tətiyi çəkən 10-cu sinif şagirdimi? Əlbəttə, hüquqi cəhətdən o.

Bəs mənəvi cəhətdən?

O silahı məktəbə gətirənə qədər, o şagirdin beynini “silahlandıran” kimlərdir?

Günahkar – övladı ilə maraqlanmayıb, onu virtual dünyanın qucağına atan valideyndir.

Günahkar – tərbiyəni sadəcə “test həll etmək” və “bal toplamaq” üzərində quran, şagirdin ruhu ilə maraqlanmayan təhsil sistemidir.

Günahkar – zorakılığı təbliğ edən oyunlara, filmlərə nəzarət etməyən cəmiyyətdir.

Və günahkar – o uşağın psixologiyasını düşünmədən, qan hələ qurumamış onu kameraya çəkib “Xəbər var!” deyə qışqıran mediadır.

***

“İdrak” liseyində baş verən bu hadisə, əslində, bizim “idrak”ımızın iflasıdır. Biz texnologiyanı inkişaf etdirdik, amma insanlığı geridə qoyduq. Uşaqlarımız daha ağıllıdır, kompüteri bizdən yaxşı bilirlər, ingilis dilində sərbəst danışırlar. Amma onlar “Cırtdan”ı tanımırlar. Onlar “İşıq gələn tərəf”in harada olduğunu bilmirlər.

Və qorxulu olan odur ki, onlar qorxmurlar.

Divdən qorxmayan Cırtdan, Divin özünə çevrilir.

Bu gün müəllimini vuran şagird sabah cəmiyyəti vurar. Çünki onun dünyasında ölüm yoxdur, sadəcə növbəti mərhələ var.

Bizim isə indi bir vəzifəmiz var: O uşaqları o virtual “oyun zalından” çıxarıb, real həyata, torpağa, kitaba, insan sevgisinə qaytarmaq. Yoxsa, bir gün hamımızın ekranında böyük hərflərlə bu yazı yazılacaq:

Share: