Gecə-gündüz kənd üçün çalışan bələdiyyə sədri- Şərafəddin İlkin yazır

Gecə-gündüz kənd üçün çalışan bələdiyyə sədri- Şərafəddin İlkin yazır

Hər insanın yolunu müəyyən edən bir mayak olur. Kiminsə ömrünə müəllim sözü, kiminsə taleyinə kitab işığı, kiminsə həyatına isə ata öyüdü işıq tutur.

Rauf Cəbiyevin yolunu daha uşaqlıqdan atasının yorulmaz əməyi, el-obanın qayğısına qalması, zəhmətə bağlılığı işıqlandırdı. Masallının tanınmış ziyalısı, böyük hörmət sahibi Oğlan Cəbiyev kəndin, rayonun çətinliklərinə biganə qalmayan bir rəhbər idi. Rauf balaca yaşlarından atasının insanlara göstərdiyi qayğını, kəndin problemlərinə necə həssas yanaşdığını görür, qəlbinin dərinliyində bir arzu bəsləyirdi: “Bir gün mən də atam kimi kəndimə xidmət edəcəyəm, kəndimin yollarını işıqlığa çıxaracağam.”
Uşaqlıq arzuları böyüdükcə daha da möhkəmləndi. Kəndinin gözəlləşməsini, dağ kəndlərinin çətinliklərdən azad olmasını istəyən bir gənc kimi hər zaman yeni layihələr haqda düşünürdü.
…Səhərin ilk işıqları Talış dağlarının zirvələrindən süzülüb Kolatan kəndinə düşəndə, insanlara təkcə yeni günün yox, həm də yeni arzuların müjdəsini gətirir. Quşların səsi, dağ çaylarının gurultusu, kənd ocaqlarında yanan odun alovu ilə yanaşı, artıq kəndin yollarında görünən abadlıq işləri də bu günün ümidini gücləndirir.
Bu dəyişimin arxasında Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyevin yorulmaz əməyi dayanır. Onun məqsədi sadədir: kəndlərin üzünü işığa çıxarmaq, insanlarda dövlətə inamı qaytarmaq.
Kolatan bələdiyyəsinə aid olan kəndlərdə yol məsələsi illərlə ən böyük çətinlik olmuşdu. Çünki yol olmayan yerdə nə təsərrüfat inkişaf edir, nə də ümidlər yaşar.
Rauf Cəbiyevin təşəbbüsü və qətiyyəti ilə yollar asfaltlanır, kəndlərarası əlaqə möhkəmləndirilir. Ən mühüm işlərdən biri isə Xanalıyanla Kolatanı birləşdirən yolun bərpasıdır. Bu yol düz 30 il ərzində vətəndaşlar tərəfindən zəbt olunmuşdu. Nəticədə iki kənd arasındakı gediş-gəliş çətinləşmişdi. Rauf prinsipial mövqe ortaya qoyaraq həmin yolu camaata qaytardı və bərpa etdi. Bu gün həmin yol kəndlərin ürəyini bir-birinə bağlayan həyat damarına çevrilib.
Bununla yanaşı, Xanalıyan çayı üzərində salınan körpü də kənd camaatının təhlükəsizliyini təmin edən ən böyük uğurlardan biridir. Artıq kəndlilər qışda çətinliklə, qorxu ilə deyil, rahatlıqla qarşı tərəfə keçə biləcəklər.
Rauf Cəbiyev hər layihəni təkbaşına hazırlamır. O, kənd camaatı ilə müzakirələr aparır, sakinlərin təklif və ehtiyaclarını dinləyir, ağsaqqalların tövsiyəsinə qulaq asır. Bu yanaşma onun fəaliyyətini yalnız texniki iş deyil, həm də icma ilə birgə həyata keçirilən ümid və etibar layihəsinə çevirir.
Rauf Cəbiyev üçün inkişaf təkcə yol, körpü, asfalt deyil. O, hər kəndin girişində nəfis tərtibatla kəndin adını bildirən göstəricilər quraşdırıb. Bu lövhələr kəndin kimliyinə, tarixinə, qüruruna verilən dəyərin rəmzidir. İndi Kolatan bələdiyyəsinə aid kəndlərə gələn hər bir qonaq ilk andan hiss edir.
Rauf Cəbiyev sadəcə vəzifə sahibi deyil, kənd camaatının xidmətçisidir. Onun iş üslubu gecə-gündüz tanımır – bəzən gecə saat 2–3-ə qədər iş başında olur. Bu, sadəcə zəhmət deyil, bir amalın təzahürüdür: insanlarda ölməkdə olan inamı qaytarmaq, dövlətin qayğısını hər evdə hiss etdirmək.
Atasından miras qalan nüfuz da onun fəaliyyətinə dəstək verir. Masallının tanınmış ziyalısı Oğlan Cəbiyev vaxtilə rəhbər vəzifələrdə camaatın böyük hörmətini qazanmışdı. Bu gün isə oğlu Rauf atasının yolunu ləyaqətlə davam etdirir, kəndlərin gələcəyi naminə yorulmadan çalışır.
Bu gün Kolatan bələdiyyəsinə aid olan kəndlərdə salınan hər bir yol, ucaldılan hər bir lövhə, çəkilən hər bir körpü sadəcə infrastruktur deyil – xalqın dövlətə inamına çəkilən yollardır.
Rauf Cəbiyevin arzuları böyükdür: kəndlərin çiçəklənməsi, gənclərin doğma torpaqda işləyib yaşaması, dağ kəndlərinin şəhər səviyyəsində imkanlara sahib olması.
İndi Kolatan kəndində hər səhər bir az da parlaq açılır. Dağların başında sübh şəfəqi necə kəndi işığa qərq edirsə, Rauf Cəbiyevin gördüyü işlər də insanların könlünü ümidlə işıqlandırır.
Kəndin yollarında çəkilən hər asfalt, kəndin girişində ucalan hər göstərici, çayın üzərində salınan hər körpü sanki bir pıçıltı ilə səslənir:
“Burada həyat var, burada sabah var, burada arzular gerçəkləşir.”

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı

Share: