Hər bir cəmiyyətin gələcəyi gənclərin düşüncəsində, onların ictimai mövqeyində və məsuliyyət hissində formalaşır.
Gənclər nə qədər maarifli, hüquqlarını bilən və cəmiyyət qarşısında öz rolunu dərk edən fərdlər kimi yetişərlərsə, sabah bir o qədər möhkəm və dayanıqlı olar. Məhz bu məqsədlə keçirilən maarifləndirici görüşlər gənclərin həyatında yeni düşüncə qapıları açır, onları həmrəyliyə və fəallığa səsləyir.
17 dekabr 2025-ci ildə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən maarifləndirici görüş də məhz bu missiyaya xidmət edirdi. Tədbir tələbələrin ictimai fəallığının artırılması, sosial məsuliyyət hissinin gücləndirilməsi və həmkarlar ittifaqı ideyalarının təbliği baxımından əlamətdar hadisə kimi yadda qaldı.
Görüşdə Mərkəzin direktoru Səbinə Hacıyeva, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov, komitənin əməkdaşları Kəmalə Möhbaliyeva və Tural Hacıyev, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin həmkarlar təşkilatının sədri Ramil Əliyev, eləcə də tələbə həmkarlar təşkilatının sədri Dadaş Şeydayev iştirak edirdilər. Zalda toplaşan gənclərin diqqətində isə bir sual dayanırdı: müasir dövrdə tələbə olmaq yalnız dərs oxumaqdanmı ibarətdir?

Görüş çərçivəsində tələbələrin peşə təhsili ilə yanaşı, hüquqi və sosial biliklərə yiyələnməsinin vacibliyi diqqətə çatdırıldı. Qeyd olundu ki, bu cür maarifləndirici təşəbbüslər gənclərin dünyagörüşünün genişlənməsinə, cəmiyyətə daha fəal inteqrasiyasına və gələcək əmək fəaliyyətinə hazırlıqlı başlamasına mühüm töhfə verir.
Tədbir zamanı həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu, tələbələr üçün yaratdığı imkanlar, sosial dəstək mexanizmləri və üzvlüyün üstünlükləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, həmkarlar ittifaqı tələbələrin hüquq və maraqlarının qorunmasında mühüm rol oynamaqla yanaşı, onların müxtəlif maarifləndirici layihələrdə və sosial təşəbbüslərdə iştirakına geniş imkanlar yaradır.

Xüsusi olaraq qeyd edilməlidir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədovun rəhbərliyi bu cür təşəbbüslərin gerçəkləşməsində böyük rol oynayır. O, rəhbərlik etdiyi sahədə işi yalnız ənənəvi çərçivələrlə məhdudlaşdırmır, əksinə, günün tələblərinə uyğun, müasir və çevik idarəetmə prinsiplərinə əsaslanaraq qurur. Gənclərlə birbaşa ünsiyyətə üstünlük verilməsi, interaktiv formatda görüşlərin təşkili, könüllülük və ictimai fəallığın təşviqi Sübut Əsədovun novator düşüncə tərzinin bariz nümunəsidir. Bu yanaşma həmkarlar ittifaqını gənclər üçün daha cəlbedici və faydalı platformaya çevirir, tələbələrin isə öz hüquq və imkanlarını daha dərindən dərk etməsinə şərait yaradır.

Görüş interaktiv mühitdə keçdi. Tələbələr onları maraqlandıran suallarla çıxış etdilər, fikir və təkliflərini səsləndirdilər. Bu canlı dialoq bir daha göstərdi ki, gənclər təkcə dinləyən deyil, eyni zamanda düşünən, soruşan və təşəbbüs göstərən tərəf olmaq istəyirlər.
Sonda belə qənaətə gəlmək olar ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən bu maarifləndirici görüş sadəcə bir tədbir deyil, gənclərin gələcək ictimai mövqeyinə atılan mühüm addım idi. Həmkarlar ittifaqı ideyalarının təbliği və sosial məsuliyyət anlayışının formalaşdırılması baxımından bu cür görüşlər gənclərin həyatında mühüm rol oynayır. Axı güclü cəmiyyət məhz hüquqlarını bilən, həmrəy və fəal gənclərin çiyinləri üzərində qurulur.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.















