Gənc kapitan Kənan Həsənov – “BİZ DƏNİZİ SEÇDİK” layihəsinin ilk qonağı

Gənc kapitan Kənan Həsənov – “BİZ DƏNİZİ SEÇDİK” layihəsinin ilk qonağı

Bəzən onunla söhbət edərkən özümün də kapitan olduğumu unuduram

 Müstəqil.Az portalı “Dənizçilərə Sosial Dəstək” İctima Birliyi  ilə birlikdə yeni lahiyəyə start verir. “Biz Dənizi seçdik” layihəsi 2026-cı ildə gerçəkləşdirilir.  Layihədə dənizçi ailələrindən onların əldə etdikləri uğurlardan bəhs ediləcək, yazmışdıq.

Layihədə, əlbəttə ki,  əsasən gənclərə yer veriləcək, onların tanıtımı, dənizçiliklə bağlı fikirləri, gənc yaşlarında əldə etdikləri uğurlardan onların öz diliylə  söz açacağıq

Layihəmizdə gənc dənizçilərin şərəfli, məsuliyyətli  və eyni zamqanda  kifayət qədər təhlükəli sahənin seçimində özlərinə kumir seçdikləri doğmalarından nələri əxz etmələrini, onların etimadlarını necə doğrultduqlarını  da öyrənəcəyik.
Beləliklə ötən ilin sonlarında anonsunu verdiyimiz layihəyə start veririk. Layihəmizin ilk qonağı AXDG QSC XDND-nin balansında olan “Azərbaycan” kran gəmisinin kapitanı, təcrübəli və peşəkar kapitan Nasif Həsənovun  oğlu, AXDG QSC XDND-nin “Qurban Abbasov” kran gəmisinin gənc kapitanı Kənan Həsənovdur.
– Kimdir  Kənan Həsənov? Özünüz haqqında qısa da olsa  məlumat verərdiniz.

-Mən  1991 ci ilin  may ayının 3-də Bakı şəhərində, dənizçi ailəsində  anadan olmuşam. 2008-ci ildə Nərimanov rayonundakı  177 saylı orta məktəbi bitirmişəm. 2008-2012-ci il Azərbaycan Dövlət Dəniz Akademiyasında  “Gəmi sürücülüyüy və gəmilərin hərəkətinin idarə olunması” ixtisası üzrə ali təhsil almışam.

2012-2013-cü ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşam.

– Dənizçi ailəsində böyümüsən, atanəz Nasif kapitan təcrübəli və peşəkar gəmi kapitanıdır. Dənizə marağınızın yaranmasında atanızın dənizçi olmasının nə dərəcə rolu olub?

– Mən uşaq vaxtlarımdan dənizlə dost olmağı bacardım. Tez-tez atamın işlədiyi gəmilərə gedərdim. Mənə heyətin qayğısı, dənizçilərin özünəməxsus davranışları, atama olan hörmət, onun ciddi davranışı, hər şeylə maraqlanmağıma rəğmən göstərdiyi təmkin, verdiyim suallara ətraflı cavab verməsi mənim bu sahəyə marağımı artırırdı və artıq o vaxtlardan mən öz seçimimi etmişdim, atama bənzəmək, onun kimi kapitan olmaq istəyirdim..

Elə  o zamandan məndə dənizçi, gəmi kapitanı olmağa böyük həvəs yarandı və sonda istəyimə çatdım.

Qarşıma qoyduğum məqsədə doğru irəlilədim. 2013-cü ildən XDND idarəsinin gəmilərində kapitanın ikinci köməkçisi vəzifəsində dənizçi həyatıma start verdim.

-İlk olaraq hansı gəmilərdə işlədiniz?

– 2016-cı ilə qədər XDND idarəsinin balansında olan “Nefteqaz -64”,  “G.Ə. Şıxlinski” gəmilərində  kapitanın 2-ci köməkçisi vəzifəsində işləmişəm.

2016 –cı ildən donanmanın müxtəlif gəmilərində kapitanın böyük köməkçisi vəzifəsində çalışmışam.

2022-ci ildən isə artıq gəmi kapitanı olaraq çalışıram. Hal-hazırda donanma rəhbərliyinin göstərdiyi etimada və göstərişə uyğun olaraq “Qurban Abasov” kran gəmisində kapitanam.

-Demək məqsədə doğru irəliləmək üçün təhsillə yanaşı seçdiyin sənətə maraq və sevgi əsas rol oynayıb.

-Əlbəttə. Xüsusi olaraq qeyd edim ki, mənim gənc yaşımdan bu qədər məsuliyyətli bir vəzifəyə qədər yüksəlməyimin əsas səbəblərindən biri və bəlkə də birincisi dənizçi çörəyi yeməyimdə, atamın gəmi kapitanı olmasında, onun və dostlarının dənizçilik sahəsinə olan sevgisindən bəhrələnməyimdir. Atamın təcrübəsi isə mənim karyeramda xüsusi rol oynayıb.

– Atanız XDND-nin tanınan, peşəkar kapitanlarındandır. Bir ailədə iki gəmi kapitanın olmasının hansı müsbət tərəfləri var?

–  Bir ailədə iki dənizci kapitanın olmasının, əlbəttə müsbət tərəfləri çoxdur. Doğrusu, bu mənə daha çox sərf edir, atamdan məsləhətlər alıram, nəzəri biliyimin üzərinə təcrübələrdən gələn, peşəkarlıqdan ötürülən biliklıri də əlavə edirik. Bu çox vacib və şərəfli bir işdir.

– Nasif kapitanla ata-bala kimi söhbətləriniz daha səmimi olur, yoxsa iki həmkarın, iki kapitanın?

– Atama həm də bir həmkar, mütəxəssis kimi yanaşıram, qeyd etdiyim kimi ondan həmişə öyrənmişəm, öyrənirəm  və öyrənəcəm də. O, mənim üçün doğurdan da bir məktəbdir. Bəzən onunla söhbət edərkən özümün də kapitan olduğumu unuduram, elə bilirəm ki, həyatda, ailədə, işdə kapitanım olan bir insandan yeni tapşırıq məsləhət alıram və dediyim kimi çox qürurlanıram. Söhbətimiz isə həmişə səmimi olub. Amma yenə də qeyd edim, iş barədə söhbətimiz olduqda, mən həmişə ondan, onun peşəkarlığından bəhrələnirəm.

Şəkilin açıqlaması yoxdur.

– ASCO rəhbərliyinin gənclərə diqqəti, perespektivli gənclərə hər hansı bir qayğısını ğz üzərində hiss etmisənmi?

– Əlbəttə, qayğı, diqqət, örnək olmaq, məsləhətlərini əsrgəməmək – bütün bunlar gənc kadrların inkişafında müstəsna rol oynayıb. Mənim kapitan olaraq hər hansı bir uğura tərəf addımlamağımda XDND rəhbərliyinin, xüsusi ilə idarənin rəisi Taqət Qurbanovun, birinci müavin, keçmiş gəmi kapitanı Məqsəd Fərhadovun, xidmət rəisi Rza Panəliyevin  diqqət və tövsiyyələrini danmaq olmaz. Həmçinin,  ASCO-nun sədri Rauf Vəliyev işlədiyim müddətdə bizlərlə, gənc mütəxəssislərlə bir neçə dəfə görüş keçirməsinin qürurunu, inamını yaşayıram. O, hər zaman gənclərə dəstək olub. Bu diqqət və qayğıya görə bütün rəhbərliyə təşəkkür edirik.

Söhbətləşdi: Tural Balabəyli,

Layihənin kordinatoru

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: