Gəl, səbrimə məlhəm, divanə duyğularımın xanəgahı ol… -Aysel XANLARQIZI

Gəl, səbrimə məlhəm, divanə duyğularımın xanəgahı ol… -Aysel XANLARQIZI

Sevdim səni

Buludları tapdayıb,
Nəfəsində susduğum.
Kirpikləri sığalım,
Ovucları yastığım
Canımda sevdim səni…
.
Uzaq, bitməz yollarda,
Saçlarından asılan,
Mənəm dərviş ömürlü…
Səni axtardım hər an
Hamında,
Sevdim səni…
.
Ayağı yerdən üzüb,
Qanadsız uçdu ürək.
Sərhədləri adlayıb,
Neçə qitə keçdim tək
Sonunda
sevdim səni…
.
Telefon tuşlarında,
Gözüm qalıb hər yanda.
Uçmaqdan yorulmayan,
Bir təyyarə önündə…
Önündə
Sevdim səni…
.
Tənhalığın o nimdaş,
Əynində sevdim səni.
Olsan da, olmasan da
Yanımda
Sevdim səni…
Sevdim səni…
Şəkilin açıqlaması yoxdur.

Sənin üçün, müəllim! 

Sənin üçün bulanmış
Axar dağ çaylarını.
Gözü nəmli, sulanmış
Bulud haraylarını,
Duruldaram, müəllim!
.
Gizli,üzə çıxmamış
Dəniz yataqların da.
Sənin məhəbbətinlə
Susmuş dodaqları da,
Dirildərəm, müəllim!
.
Ağ saçın zülmətimdən
Yol açıb nur səpərək.
İstəsən ağ saçını
Dayanmadan öpərək
Qaraldaram, müəllim!
03.10.1999.

Gəl!

Sən-
çilə otağımda
yuxusuz gözlərimin
xəyalına diz çökdüyü
zikir…
Sən,
Səcdələr boyunca
Sevgiyə ac ruhumu
Təslim etdiyim
Fikir…
Sən
Gecələdiyim xaraba
Dünyamın
Ən böyük imarəti,
Eşqinə dərviş
Könlümün hərarəti…
Şəkilin açıqlaması yoxdur.
Mən,
Günlərcə hücrəmə
Qapanan bir münzəvi,
Laməkan ruhumun
qoynundur evi…
Xəyalını qoydum heybəmə,
Diyarbədiyar nə xarabalar
dolaşaraq…
Səyyah arzularım,
əlimdə əsa,
sənə qovuşmaq üçün
buludları aşaraq…
Sənə tələsirəm,
səssiz pıçıltıları dodağımda
nəğməyə dönən göz yaşlarıyla,
duaların ovcundan
daşaraq…
Gəl,
viranə ruhumun
verdiyi
bu İlahi eşq savaşının agahı ol.
Gəl,
səbrimə məlhəm,
divanə duyğularımın
xanəgahı ol…
Gəl!
Share: