Fəxrəddin TEYYUB ” Tanrıya məktublar” a məktub yazdı

Fəxrəddin TEYYUB ” Tanrıya məktublar” a məktub yazdı

Sözün nəfəsini və hənirini hiss etmək, duymaq hər qələm adamına müyəssər olmur. Şair tanıyıram ki, hıqqana- hıqqana şeir adına nəsə yazır, daha doğrusu sözə əzab, işgəncə verir.

Amma, şair də var ki, təbi, ilhamı dağ şəlaləsidi.Şeirlərini oxuyanda ruhuna qəribə bir rahatlıq gətirir. O şairlərdən biri də” titullarını sadalamağa ehtiyac duymadım, çünki onlar çoxdu” Bəhruz Niftəliyevdir.Keçən il ” Bakı Mətbəəsi ASC- də nəfis tərtibatla çap olunmuş ” Tanrıya məktublar” kitabı masamın üstündədir.Hər dəfə yuxu qabağı o kitabdan mütləq bir şeir oxuyub sonra yatmalıyam.Elə bil ki, oxuduğum şeir anamın laylasını əvəz eləyir mənimçün.Bu kitabda yer almış şeirlərin hər birində Tanrıya sevgi var.Əbəs yerə deyil ki, müəllif kitabın adını ” Tanrıya məktublar” qoyub. Mən B. Niftəliyevi ” Mədəniyyət” kanalında ” O” verilişinin aparıcısı kimi tanımışam. İntellekti, ensiklopedik biliyi, savadı, gözəl nitqi, fəlsəfi düşüncələri məni həmişə heyrətləndirib.
Bir bir və ya daha çox şəxs və kostyum şəkili ola bilər
Söhbət etdiyimiz mövzu ürəyimcə olan mövzuydu.
Bir saat ərzində Ulu Tanrının möcüzələrindən danışdıq.
Verdiyi suallar çətiniydi, ancaq Allah özü o mürəkkəb suallara cavab verməkdə mənə yardımçı olurdu. Ona olan sevgimi hiss edirdi, duyurdu Tanrım. İstəmirdi ki, çətin duruma düşüm.Əlbəttə böyük Allah haqqında hər kəsin özünün düşüncələri və qənaətləri var. Mən həmişə demişəm, yenə də deyirəm, bir insan ömrü Allahın dərki üçün yetərli deyil, azdır.Sonralar sosial şəbəkələrdə paylaşdığı şeirlərə rast gəldim. Sözün doğrusu hər dəfə təzə yazdığı şeirini oxuyub duyğulanırdım. Təbii ki, oxuyandan sonra münasibətimi bildirirdim.Əsas o idi ki, mənim bu istedadlı şair haqqında artıq müəyyən qənaətlərim varıydı. Hətta arada yaradıcılığı haqqında bir yazı yazmaq fikrinə də düşmüşdüm.Və birdən vatsapıma bir dəvətnamə gəldi. Bəhruz Niftəliyev məni özünün ” Tanrıya məktublar” kitabının təqdimatına dəvət edirdi.Keçən ilin noyabr ayının 28- də, şəhərin mərkəzində, Üzeyir Hacıbəyli- 5 ünvanında yerləşən kitab evində möhtəşəm bir tədbir keçirildi.Çoxdan idi ki, belə izdihamı görməmişdim.Hətta tədbir iştirakçılarının əksəriyyəti oturmağa yer tapmadı.
İstedadlı kamança ustası Munislə yanaşı oturmuşduq. İkimizin də ürəyindən bir istək keçdi.Bu tədbir kaş R. Behbudov adına mahnı teatrında, yada ki, muğam mərkəzində keçiriləydı.Bəlkə heç Bəhruz müəllim təsəvvür etməzdi ki, tədbir belə izdihamlı olacaq. İlahi, bu tədbirdə kimlər yoxuydu. Bütün zümrələri təmsil edənlər oradaydı.Deputatlardan tutmuş hörmətli
akademikimiz Nizami müəllim Cəfərova qədər.Bir- bir ad çəkib oxucuların vaxtını almaq istəmirəm.Çıxış edənlərin hər biri bu bənzərsiz şairin yaradıcılığından sitatlar gətirir və şeirlərinin işığına yığışdıqlarını qeyd edirdilər. Hörmətli akademikimiz N. Cəfərov ” Tanrıya məktublar” kitabındakı şeirlərin incə bir məqamına toxundu. Qeyd etdi ki, şair hər şeirinin tamamında, yəni sonuncu misrasına nöqtə qoyanda, uşaq anadan doğulan kimi, şeirin də doğum vaxtını, tarixini qeyd edir.İlk baxışdan bu məqam sadə olsa da, əslində Allaha bağlılığın və sevginin təntənəsidir.Mənə elə gəlir ki, ədəbi tənqid və ədəbiyyatşünaslar mütləq bu kitabın izinə düşəcək və dəyərli fikirlərini dövri mətbuatda, ədəbi orqanlarda bildirəcəklər.” Müharibə və məhəbbət” şeirində fikirlərin qısa və lakonik ifadəsi adamı heyrətləndirməyə bilmir.
Şair yazır:
Həyat savaş,
Mən yaralı,
Sar yaramı, tibb bacısı
və ya
” Hələlik” adında sevgi şeirində şairin iç dünyası təlatümlərlə doludu.Misra- misra hiss edirsən ki, sevginin nə yaşı var, nə də ki, ömrü.O ilğım kimidi adamı gedər gəlməzlərə aparır.
Hələ səni öpmədim,
Necə qadın olduğunu hardan
biləsən?
Hələ səndə sönmədim,
odun deyil,
Yadın olduğumu hardan
biləsən?
Şeh bil dodağında məni,
Şah bil yatağında…
Yaşat məni, yaşat getsin,
” Ah… ” bil ən gözəl cümləmi.
Sünbül kimi dop- dolu şeirlər oxucunu dərin ədəbi qatlara endirir və oxucu heç cürə ordan çıxa bilmir.
” Tanrının şərəfinə” adlı şeiri də bir az səmavi ovqata köklənib.
Bir az hissimdən, bir az
duyğumdan qopub gəlsən?!
Fələkdən bir gün, ya ömür
qapıb gəlsən?!
Yarama sarıl, nolar,
Ayrılığın gözlərindən öpüb
gəlsən,
Kədəri sevib, dərdimdən ölüb gəlsən?!
” Tanrıya məktublar” kitabı 767 səhifədən ibarətdir.
İllərlə ürəyində poetik hissləri, saf duyğuları gizlədən
şairin bu müqəddəs və möhtəşəm kitabı müəllifə bütün zamanlarda baş ucalığı gətirəcəkdir.
Bəzən istedadlı bir qələm adamının keçmişinə, qanına, geninə nəzər salanda bəzi nəsnələr üzə çıxır. Bəhruz Niftəliyev ” əməkdar jurnalist”, Prezidentin fərdi təqaüdçüsü, ” Şöhrət” ordenli Flora xanım Xəlilzadənin ədəbiyyatımıza, poeziyamıza bəxş etdiyi ədəbi simadı. Flora xanım kimi bir ananın övladı olmaq, sözün bütün mənalarında fəxarətdir. Əsrlər, min illiklər, üç min illiklər keçəcək” Tanrıya məktublar ” dakı şeirlər öz təravətini itirməyəcək. Tanrıya xitab olan bu kitabın ömrü Ayın, Günəşin, suyun, havanın ömrü qədər olacaq. Qalır şairə uğurlar diləmək. Eşq olsun gözəl şairimizə, ucaların Adamına!
23. 01. 2026.
Share: