Tanrıya xoş getməz
Ustad şairimiz Əşrəf Veysəlli üçün.
Ürəyim qoşular ürək ağrına,
Kükrəyən, çağlayan dənizsən mənə.
Məni qucaqlayıb basdın bağrına,
Dedin nə doğmasan, əzizsən mənə.
.
Öz tamı, dadı var ahıl yaşın da,
Etibar, sədaqət adında qalıb.
Sənin ocağında, süfrə başında,
Şeirdən söz saldıq, yadında qalıb?
.
Qəlbim tar, görən kim simini qoyub?
Qışda da üzümə gülümsəyər yaz.
Göylər ruhumuzun himini qoyub,
Təbim də təbinə oxşayır bir az.
.
Axır üzümüzə gülər qızıl dan,
Qoymuşam arzumu hələ dincə mən.
Tanrıya xoş getməz, köçsəm dünyadan,
Səni ” Xalq şairi ” görməyincə mən.
17. 11. 2025
Payız
Sarı güzgüsü var, özünə baxsın,
İçi qəmlə dolu gözünə baxsın.
Necə ağacların üzünə baxsın?
Yaşıl yarpaqları solduran payız.
Əmanət, kişidən kişiyə torpaq,
İstəməz darıxa, töyşüyə torpaq.
Qoymaz qış gələndə üşüyə torpaq,
Üstünü xəzəllə dolduran payız.
.

Əmanət, kişidən kişiyə torpaq,
İstəməz darıxa, töyşüyə torpaq.
Qoymaz qış gələndə üşüyə torpaq,
Üstünü xəzəllə dolduran payız.
.
Gəldiyi yollardan duman, çən keçər,
Quş kimi huşundan bəzən dən keçər.
Bəzənib düzənmək könlündən keçər,
Saçını küləyə yolduran payız.
.
Dalımca sürünüb hey izlər məni,
Tozum var, yağışı təmizlər məni.
Gecə də, gündüz də əzizlər məni,
Sözün zirvəsinə qaldıran payız.
11. 11. 2025.
Səkkiz noyabrda toydadı vətən
Sinəndən asılan daş görmüşəm mən,
Qüssədən ağaran baş görmüşəm mən.
Hərdən gözlərində yaş görmüşəm mən,
Yarın da axı o taydadı, vətən!
.
Halalın küncü yox, küncdən yanadı,
Haramın evləri xana- xanadı.
Əzəldən bilirsən, öncə anadı,
Sonra sən gəlirsən, qaydadı, vətən!

Taleyin işidi, dövran, çağ belə,
Qayğıya bələnib uca dağ belə.
Yalandan demərəm bostan, bağ belə,
Sinəmdə ürəyim boydadı vətən.
.
Yer, göy də qızardı şəhid qanıyla,
Günəş üzə güldü qızıl danıyla.
Ordusu, Ali Baş Komandanıyla,
Səkkiz noyabrda toydadı vətən!
5. 11. 2025
Aparsın
Dərdin soruş, üstünə ah gətirənin,
Bəzən savab, bəzən günah gətirənin.
Qeydinə qal, sənə pənah gətirənin,
Elə gərək ürəyində daş aparsın?
.
Alqışlara qərq eləsin el, ömrünü,
Gah şəlalə, gah çağlayan sel ömrünü.
Yaşamasın kimsə çiçək, gül ömrünü,
Aparanda qoy hər kəsi yaş aparsın.
.
Dərd gəlibsə, hamı onu çəkəsidi,
Sinəsinə bir dən kimi əkəsidi.
Elə bil ki, çəkim uşaq çəkisidi,
Qorxuram ki, göydən məni quş aparsın.
.
Nə ana var, nə də bacı, saçın yola,
Köç eyləsəm bir gün bağçam, bağım solar.
Tanrım, səndən istəyim var dinlə, nolar,
De, məni də anam kimi qış aparsın.
27. 10. 2025…
















