Filarmoniyanın Orqan və Kamera Musiqisi Zalında “RR DUO” konsert proqramı baş tutacaq.
Elchi.az xəbər verir ki, klassik və müasir akademik musiqini birləşdirən proqram musiqisevərlərə təqdim olunacaq. RR DUOnun üzvlərindən Renata Abubekirova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin birinci violin ifaçısıdır. O, həmçinin “Neue Philharmonie München” beynəlxalq layihəsinin iştirakçısıdır. Eyni zamanda Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrdə solo ifalarla, eləcə də aparıcı orkestr heyətlərinin tərkibində çıxış edib. Duetin digər üzvü, Azərbaycan Respublikasının Əməkdar artisti Rena Rəhimova Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin solistidir. O, Almaniya, İtaliya, Avstriya, Fransa, Yaponiya, İsveçrə, Çin və digər ölkələrdə solo konsert proqramları ilə çıxış edib, bir sıra beynəlxalq yığma orkestrlərin tərkibində iştirak edib. Rena Rəhimova valehedici və yüksək ifa ustalığı ilə seçilir. Konsert proqramına Volfqanq Amadey Motsartın “Simfoniya-konçertante” əsəri, Yohan Halvorsenin “Passakaliya”sı, Frans Şubertin “Meşə çarı”, eləcə də Astor Pyasollanın “Invierno Porteno” və “Night Club 1960” kompozisiyaları daxil edilib. RR DUOnun təqdim edəcəyi konsert proqramının musiqisevərlər tərəfindən maraqla qarşılanacağı gözlənilir.
Biletlər aşağıdakı keçid vasitəsilə əldə etmək mümkündür.
























