Əgər şifahi xalq yaradıcılığını nəzərə almasaq, Yardımlıda yazılı ədəbiyyatın tarixi elə də uzağa gedib çıxmır. Bu yurdun ilk şairləri- Sahib Əliyev, Mirzəli Cəfər, Zöhrab Zevinli, Sabir Rüstəmxanlı, Maşallah Məftun XX əsrin 60-cı illərindən yazıb yaratmağa başlayıblar.
Onların arasında ölkə miqyasında məşhurluq isə, xalq şairi Sabir Rüstəmxanlının qismətinə düşüb. Beləliklə, digər bölgələrlə müqayisə edəndə Yardımlıda poeziyanın yaşı çox gəncdir…
Sevindirici haldır ki, artıq bu rayonda da yaradıcılıqla məşğul olan insanların sayı gün-gündən çoxalır. Və onların arasından istedadlı qələm adamları yetişməkdədir. Bu gün sizə onlardan biri- AYB-nin üzvü, şair Fikrət Şahbazlı haqqında danışmaq istəyirəm. Amma, əvvəlcə onun şəxsi keyfiyyətləri barəsində qısa da olsa məlumat verirəm. Fikrət bir insan kimi çox sadə, təvazökar və qayğıkeşdir. Dostlara qarşı diqqətli, mehriban, gülərüzdür. Yerində, zamanında zarafat etməyi bacarır və bu, onda duzlu-məzəli alınır. Qonaqpərvərdir, dost yolunda rahatlığından, varından keçə bilir. Dözümlü və səxavətlidir…
…Gəlin sizə bir sirr açım; rayonda, yaşadığı evin həndəvərində Fikrətin balaca bir dükanı var. Orada tərtib etdiyi “borc dəftəri”nə baxanda adamın gözləri qamaşır, bəlkə də bir maşının qiyməti qədər onda-bunda pulu var. Necə deyərlər, nə çatar, nə də batar…
Fikrət Şahbazlının yaradıcılığına gəldikdə isə bəziləri kimi uzun-uzadı, pafoslu danışıb vaxtınızı almaq istəmirəm. Onu Füzuli, Nizami, Mirzə Ələkbər Sabir, Əliağa Vahid və s. poeziya mogikanlarına bənzədib şişirtməyin də yeri yoxdur. Bəli, Fikrət Şahbazlı təpədən dırnağa şairdir. Təbi rəvan, poeziyası rəngarəngdir. Şeirlərinin bədii tutumu, texniki göstəriciləri yerli yerindədir. Şeirlərindən nümunə gətirib, söhbətimi məcrasından çıxarmaq istəmirəm. Odur ki düşünürəm, bu gün şeir vaxtı deyil. Axı, insanın yubileyində arzu və diləklərə daha çox vaxt ayrılsa yaxşı olar. Dekabrın 23-ü Fikrətin 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
…Yeri gəlmişkən, qarşıdan gələn yeni ili də mübarək olsun!..
Hörmətlə, Elman Eldaroğlu
















