Fikrət Sadığın 95 illiyinə həsr olunmuş “Fikrət Sadıq işığı” adlı yubiley tədbiri qeyd olundu

Fikrət Sadığın 95 illiyinə həsr olunmuş “Fikrət Sadıq işığı” adlı yubiley tədbiri qeyd olundu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Rəşid Behbudov adına Mahnı Teatrının birgə təşkilatçılığı ilə Fikrət Sadığın 95 illiyinə həsr olunmuş “Fikrət Sadıq işığı” adlı yubiley tədbiri qeyd olunub.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şairin doğmaları iştirak edib.

Xalq şairləri Vahid Əziz, Sabir Rüstəmxanlı, Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, filologiya elmləri doktoru, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Prezident təqaüdçüsü, qəzəlxan şair, publisist Mahcamal Kərim qızı Şərif, rəssam Nəvai Metin, şairin övladı — Əməkdar incəsənət xadimi, yazıçı Orxan Fikrətoğlu çıxışlar edərək Fikrət Sadığın poeziyası və daxili dünyası barədə söz açıblar.

Tədbirin bədii hissəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblı
(rəhbər Mirxalid Salayev, orkestrin direktoru Zülfiyyə Mövsümova) müşayiəti ilə Fikrət Sadığın sözlərinə yazılmış musiqi əsərləri təqdim olunub. Xalq artisti Gülyaz Məmmədova, teatrın solistləri Aynur İsgəndərli və Fəxri Kazım Nicat öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

Eyni zamanda ifaçılara Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin şagirdləri
(bədii rəhbər Günel Eynullayeva) öz rəqsləri ilə müşayiət ediblər.

Tədbirdə “Fikrət Sadıq işığı” mükafatı övladı, yazıçı Aysel Fikrət tərəfindən təqdim olunub.
44 günlük Zəfər tariximizdə iştirakçı olmuş “Döyüşən Şair” Həsən Kürə ünvanlanmış mükafat mərhum şairin ailəsinə təqdim edilib.
Fikrət Sadığa ithaf olunmuş şeirlərini AYB Xəzər bölməsinin katibi, Prezident təqaüdçüsü şair Zaur Rəxşan və AYB Xəzər bölməsinin üzvü şair Saleh Sabat təqdim ediblər.

Tədbir boyu Fikrət Sadığın şeirləri əsasında kompozisiya təqdim olunub. “Bir Könüllü” Tələbə Təşkilatının sədr müavini Rufiz Quluzadə, Beynəlxalq müsabiqələr laureatı, Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin ictimai əlaqələr üzrə mütəxəssisi Ayla Qafqazlı, ADMIU-nun tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Akademik Dram Teatrının aktyoru Əliyulla Vəliyev, ARB Media Qrupunun əməkdaşı Məhəmməd Salmanzadə, ADMIU-nun ikinci kurs tələbəsi Ənvərpaşa Vəliyev və Nərmin Quliyeva (müəllim: Elnurə Ənvərqızı) tərəfindən təqdim olunub.

Tədbirdə ssenarist Günel Mehrinin “Günün şeiri” layihəsi çərçivəsində İctimai TV-nin Fikrət Sadığın 95 illiyinə həsr etdiyi qısa videoçarx təqdim olunub. Rəssam Nəvai Metin şairin portretini onun ailəsinə təqdim edib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin aparıcısı Səmray Əliyevanın yüksək peşəkarlıqla aparıcılıq etdiyi “Fikrət Sadıq işığı” adlı möhtəşəm tədbir tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılanıb.


Share: