ETİRAF, EHTİRAS, ETİMADDI SÖZ…
Aləmi qatmısız biri-birinə,
Söhbət bu mövzudan, bu rəydən gedir.
O bunun, bu onun susur yerinə,
Sevgilər yox olur ürəkdən, gedir.
Bir daha yaşanmaz bu əyyam, bu dəm,
Zilindən düşəcək sonunda hər bəm.
Gərək olmayaydı, oldusa, nə qəm,
Oldusa, olanlar “gərəkdən” gedir.
Yaşa istəkləri günbəgün, an-an,
Əllərim duadır söküləndə dan…
Xəmiri nahaqdan yoğrulan zaman,
Bərəkət çəkilib çörəkdən gedir.
Nələri yaşadıq şəhərdə, kənddə,
Vicdanla üz-üzə qaldıq əlbəttə…
Bitmir ki, mövzular bu məmləkətdə,
Söz üryan qalanda tüləkdən gedir.
Olmadıq həqiqət zikrinə ortaq,
Olduq düşmanların məkrinə ortaq.
Gələnlər dünyanın fikrinə ortaq,
Gedənlər sevincdən, fərəhdən gedir.
İnsanı tanıya bilmir əməllər,
Yalanla atılır inşa-təməllər.
Tək əldən səs çıxmaz, tək qalır əllər,
Əllər üz çevirib kürəkdən gedir.
*
Həyat məngənədi, sıxır bir anda,
Atlını atından yıxır bir anda.
Çıxır hissə-hissə, çıxır bir anda,
İnsanlıq ayrılıb adından çıxır.
Ürəklər susdusa, dinən nə oldu?
Yüksələn nə oldu, enən nə oldu?
Faiqdən soruşma dünən nə oldu,
Səhər yedikləri yadından çıxır.
İstəyim, amalım, yolum haqqadı,
“Olum” aldanışdı, “Ölüm” haqqadı.
Şeirlər duadı, əlim haqqadı,
Söz də öz tamından-dadından çıxır.
Təndə can kimidi, böyük addı söz,
İlahi qüvvədi, istedaddı söz.
Etiraf, ehtiras, etimaddı söz,
Kişidə gizlənir, qadından çıxır.
Al güllü xatunlar, şux şahzadələr,
Bax, necə qəhqəhə çəkir badələr…
Südünə su qatan haramzadələr,
Dəyyusun kökündən, zatından çıxır.
Fəqanə yetişdi bu bülbül ömrüm,
Tutuşub kül oldu ilbəil ömrüm.
İbrahim misalı, qızılgül ömrüm,
Nəmrudun cəhənnəm odundan çıxır.
*
Bu qədər sadədi, bu qədər bəsit,
Tam ola bilməzsən kəsir saxlasan.
Günbəgün, ilbəil məhv olacaqsan,
Hissini içində əsir saxlasan.
Həyatı bu qədər çəkmə dərinə,
Çatarmı dediyin söz məhşərinə? –
Oğluna, qızına miras yerinə,
Bir həsir, bir Məmmədnəsir saxlasan.
Mən çoxdan yenildim şeytana, cinə,
Nə hacət axunda, şeyxə, mömünə?
Yox olub getmişik yaşam naminə,
Açılmaz bir ömür bu sirr, saxlasan.
Ümid söz sonluğu, “-acaq, -əcək”dir,
Şair bu ümiddən ev hörəcəkdir.
Tikilən binalar çat verəcəkdir,
Təməldən, əzəldən qüsur saxlasan.
Gözümün yaşını sıxıb gələrdim,
Qəlbimə eşq oxun taxıb gələrdim.
Bu qışdan, payızdan çıxıb gələrdim,
Bizi yaşamağa fəsil saxlasan.
Faiq Hüseynbəyli
2025
TƏHLİLİ:
Faiq Hüseynbəylinin “Etiraf, ehtiras, etimaddı söz…” misrası ilə başlanan bu çoxqatlı şeir yalnız poetik duyğuların deyil, həm də ictimai, mənəvi və fəlsəfi düşüncələrin güclü ifadəsidir. Şeir boyunca müəllifin təkcə fərdi hiss və müşahidələrini deyil, bütöv bir cəmiyyətin taleyini, mənəvi deqradasiyasını və dəyərlər sistemindəki çatları müşahidə etmək mümkündür. Hər bənd, hər misra oxucunu düşündürməyə, silkələməyə və bir həqiqətlə üz-üzə qoymağa xidmət edir.
İlk bəndlərdən başlayaraq şair bəşəri münasibətlərdə baş verən soyuqluğa, insanların bir-birinin yerinə susduğuna, sevginin ürəklərdən yox olduğuna işarə edir. Artıq insanlar bir-birinə etiraf etmir, ehtirasdan uzaqlaşıb, etimadı itiriblər. Bu “söz”lərin itməyə üz tutması sadəcə dilin yox, bütöv bir insanlıq dəyərinin itkisidir.
Müəllif zamanın amansız axarını və onunla birgə yox olan dəyərləri xüsusi bir səmimiyyətlə təhlil edir. “Bir daha yaşanmaz bu əyyam, bu dəm” misrasında keçmişə qayıdışın mümkünsüzlüyü, “bərəkət çəkilib çörəkdən gedir” deyimində isə halalın yoxa çıxması, mənəvi aclıq ifadə olunur. Cəmiyyətin dağılması yalnız siyasi və ya iqtisadi səbəblərlə deyil, ilk növbədə mənəvi təməllərin çürüməsi ilə bağlıdır.
Şair çox yerdə ironiyadan, simvollardan istifadə edir:
“Söz üryan qalanda tüləkdən gedir” – burada sözün artıq qorunmadığı, çılpaq və mənasız bir hala düşdüyü vurğulanır. Söz gücünü itirib və bu, bütöv bir cəmiyyətin susmağa, acizliyə məhkum olmasına səbəb olur.
“İnsanı tanıya bilmir əməllər” misrası insan və əməl arasında yaranmış təzadın qabarıq göstəricisidir. Əvvəllər əmələ baxıb insanı tanımaq mümkün idisə, indi isə maskaların çoxluğu, saxtalığın normaya çevrilməsi bu tanımanı mümkünsüz edir.
Hüseynbəyli insanlığın adından ayrılmasını, “ad”la “mahiyyət”in bir-birindən qopmasını vurğulayır:
“İnsanlıq ayrılıb adından çıxır”. Burada dərin fəlsəfi sual doğur: insan öz adını daşısa da, artıq “insanlıq”dan uzaq düşüb.
Sonda şair öz mövqeyini gizlətmir. O, bir az qəzəblə, bir az peşmanlıqla, bir az da içindəki həsrətlə yazır. “Mən çoxdan yenildim şeytana, cinə” – bu etiraf yalnız şairin deyil, bütöv bir nəslin ruh halını ifadə edir. Bəzən doğru olmaq üçün dövrə qarşı çıxmaq gərəkdir, amma dövrə boyun əyənlər zamanla öz mənliklərini itirirlər.
Şeirin son bəndləri ümidi də tam söndürmür. Hərçənd ümidi ironiya ilə təqdim edir:
“Ümid söz sonluğu, -acaq, -əcək’dir…” – yəni gələcək zamanla bağlı olan, heç vaxt tam çatılmayan bir haldır. Amma bu ironiyada belə, yaşamaq üçün bir səbəb qalır:
“Bizi yaşamağa fəsil saxlasan” – bəlkə də bir bahar, bir sevgi, bir ümman…
Faiq Hüseynbəylinin bu şeiri həm poetik mətn kimi oxunmalı, həm də dərin sosial-fəlsəfi esse kimi analiz edilməlidir. Bu əsərdə söz – sadəcə kommunikasiya vasitəsi deyil, eyni zamanda yük, silah, dua və etiraz formasıdır. Etiraf, ehtiras, etimad – bunlar artıq yalnız söz deyil, itirilmiş insanlıq dəyərlərinin simvollarıdır.
Sağlıqlı, bərəkətli, uzun ömür və yaradıcılıq uğurları diləyirəm, Faiq Hüseynbəyli!

✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlilçi və tənqidçi. Şair.
21.08.2025
















