Faiq BALABƏYLİNİN “FALIMA BAX, QARAÇI” şeiri haqda Sevil AZADQIZININ təəssüratı

Faiq BALABƏYLİNİN “FALIMA BAX, QARAÇI” şeiri haqda Sevil AZADQIZININ təəssüratı
FALIMA BAX, QARAÇI
Nə durmusan qarşımda sən əl açıb,
Bir söz deyim, yenə sənə dil açıb.
Ovcuma bax, qarşındadı əl açıq
Falıma bax, falıma bax, qaraçı.
.
Bu həsrətin hara gedir son ucu,
Sən bilərsən, həqiqətlər nə acı.
Çoxlarına sən tapmısan əlacı
Falıma bax, falıma bax, qaraçı.
.
Düz demədi düz bildiyim adamlar
Adamlıqdan çıxmış neçə adam var.
Söylə görüm mənim neçə qadam var
Falıma bax, falıma bax qaraçı.
.
Mən bir sevda dilənçisi, sən isə
Gələcəkdən xəbər verən, tələsən.
Ağrıtmayım gəl başını, nə isə,
Falıma bax, falıma bax, qaraçı.
.
Fikirlərdi – məni belə aldadır
O gözəlin acı dili bal dadır.
Bəlkə elə xoş günlərim daldadır,
Falıma bax, falıma bax, qaraçı.
Yola gəldim, yola gəlmir, yol açıq
ən belə ha desinlər yola çıx.
Heç olmasa yalandan de ,al acıq
Falıma bax, falıma bax qaraçı.

O, bir sevda dilənçisi…

Çox fərqli bir şeirdir. Bəlkə də toxunulmamış bir mövzudur. Sətiraltı mənalar, kinayə, maraqlı, cəlbedici qafiyələr və əsası, mənə elə gəlir ki, eşitmədiyimiz xitablar. Falıma bax, falıma bax, qaraçı. Bir sevda dilənçisinin bir sərvət dilənçisindən umacağı xəbər…
Təzada baxın: biri sevda dilənir, digəri para. Həsrətdən bezən tələ olduğunu bildiyi insandan dil açıb şadxəbər dilənir. Yalanlar-dolanlar, “düz”ün əyrisi , qadalar, bəlalar bir qaraçıdan imdad halına gətirib insanı.
Hər misrası reallıqdır, gerçəkdir, VALLAH.
Şübhəsiz, hər insanın bircə anlıq da olsa yaşadığı məqamın təsviridir, ifadəsidir.
Onbir hecalı, bəndləri  dörd misralı olan bu şeirin məzmun çəkisi, bədii forması çox mükəmməldir. Diqqəti çəkən çox vurğular var. Həqiqətin acı dadı belə vurğulardan biridir.O qədər ruhu incikdir ki, qaraçıdan yalandan da olsa, bir xoş gün, xoş rüzgar xəbərini arzulayır…
Şair, xoş günlərimizi RƏBBİM qismət etsin. Əslində, onu deyim ki, bu şeiri yazmaq istedadını Sizə bəxş edən YARADANIMIZ elə xoşbəxt yaradıb Sizi. Ruhunuz əl açmır, əl tutur, könüllərə zövq bəxş edir.
Sizə sağlıqlı, bərəkətli ömür və yaradıcılıq uğurları diləyirik, dəyərlimiz Faiq Balabeyli !
✍Sevil Azadqızı
Share: