Faiq BALABƏYLİ Poeziyasına Ədəbi-Bədii Baxış – Sevil AZADQIZI

Faiq BALABƏYLİ Poeziyasına Ədəbi-Bədii Baxış – Sevil AZADQIZI

 Faiq BALABƏYLİNİNİN oxuculara təqdim etdiyimiz “Bezmişəm” şeiri artıq təkcə bir şairin fərdi etirafı yox, müasir insanın mənəvi durumunun ümumiləşdirilmiş fəlsəfi manifestinə çevrilir.

Şeirdəki əsas xətt daxili yorğunluqdur, amma bu yorğunluq sadə bezginlik deyil, uzun illər yığılıb qalmış, açılmayan, danışılmayan, paylaşılmayan dərdlərin nəticəsidir. Qaşların arasındakı düyün insanın düşüncə mərkəzində, alın yazısının yerləşdiyi yerdə yaranan bir gərginlikdir və bu, taleyin insan şüurunda buraxdığı iz kimi oxunur. Bu düyünə kimin yaxınlaşa bilməməsi, kimin qorxması, kimin qaçması sualları cəmiyyətin ağrıdan qaçan psixologiyasını göstərir, çünki müasir insan başqasının dərdinə baxa bilir, amma ona toxunmağa cəsarət etmir. Lirik qəhrəman isə bu ağrını gizlətmir, onu ovucu ilə əzir, yəni dərdlə barışmır, onu içində fəal şəkildə yaşayır. Şeirdəki cadu və kor qarı obrazı taleyin irrasional, izahsız və bəzən də ədalətsiz tərəfini simvolizə edir, bu cadu nəticəsində nə sevgi bar verir, nə ümid çiçək açır, nə də sinədəki dağların qarı əriyir. Qarın əriməməsi zamanın donması, duyğuların hərəkətsiz qalması və insanın içindəki soyuğun daimi hala çevrilməsi deməkdir. Balıqçı qarmağı metaforası insanın öz taleyini bilmədən riskə atmasını, sevgiyə, ümidə kor-koranə inanmasını göstərir, gözlərin işığında mürgü vurmaq isə aldanışın nə qədər cazibədar və təhlükəli olduğunu ifadə edir. Burada sevgi həm xilas, həm tələ, həm də gecikmiş ayılmadır. Samavar səsinin qəfil diksindirməsi gündəlik həyatın ən adi detallarının belə insanın içindəki boşluğu üzə çıxardığını göstərir, çünki təkliyin nəfəsi artıq səssiz deyil, eşidilən və boğan bir hala gəlib. “Bezmişəm” sözü bu nöqtədə şikayət yox, etirafdır və bu etiraf insanın özünə qarşı səmimi qalmasının göstəricisidir. Qonşunun saralmış barmaqları arasından qalxan tüstünün dua kimi təsviri inamın zəiflədiyini, duaların mexaniki vərdişə çevrildiyini və ünvanına çatmadığını göstərir. Burada Allaha narazılıq əslində insanın öz səmimiyyətsizliyinə, ümidini itirməsinə və inamı formal hala salmasına yönəlmiş etirazdır. Şeir bu mənada təkcə fərdi kədər yox, mənəvi böhran içində olan bir cəmiyyətin portretidir.
Nəticə olaraq demək olar ki, “Bezmişəm” mövzusu insanın taleylə mübarizəsinin, təkliyin ağır nəfəsinin, sevgi və inam arasında qalan ruhun poetik ifadəsidir və bu şeir oxucuya göstərir ki, bezmək zəiflik deyil, uzun müddət susmuş ruhun özünü dərk etmə mərhələsidir, çünki insan bezdiyini etiraf edirsə, hələ də içində dəyişmək, anlamaq və yaşamaq istəyi tam ölməyib.
✍ Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.
Faiq BALABƏYLİ
BEZMİŞƏM
Qaşlarımın arasından
Bu düyünü kim açar
Kim yaxına gələr bir az
kim qorxar bu düyündən
bu düyündən kim qaçar?
Nə gizləninb bu düyünün
alt qatında, bilirsən?
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Mən ovcumla dərd əzirəm
alnımın ortasında
sən baxırsan,
ağrısından ölürsən.
Mən bilirəm, ilk gündən
mənimlə bir oyun qurub
Cadu edib bu yöndəmsiz kor qarı
görmürsən ki
çiçək açmır baxçamızın ağacları?
Həm də ki heç əriməyir
sinəmizdə çarpazlanan
bu dağların ilk qarı?
Balıqçı qarmağının ucunda
taleyimi yem eləyib
dəryalara atmışam.
Nə biləydim gözlərinin işığında
mürgü vurub yatmışam.
Bunu da bil,
Aradabir diksinirəm
samavarın səsindən.
Onda başa düşürəm ki,
deyən axı bezmişəm
təkliyin nəfəsindən.
Qonşudakı kişinin
Saralmış barmağının
arasından dua tək
qalxan tüstüsü yazıq.
Dualar yetişməyən
Allaha nə sözümüz,-
ondan da narazıyıq.

Share: