Anamın şəkli
Məni öz səhvimdi yandırıb yaxan,
Mənə göstərməsin yetən şəklini.
Sevinc yaşlarıdı gözümdən axan,
Tapmışam anamın itən şəklini.
.
Ana həsrətidi üzən qəlbimi,
Kədərə bələnib, donub elə bil.
Şəkli bahar çağı kəpənək kimi,
Ruhumun üstünə qonub elə bil.
.
Nə var ki, ümiddən, arzudan qabaq,
Gözümdə heç nəydi dağ da, aran da.
Deyirəm dünyanın işinə bir bax,
Bəxtəvər olarmış adam bir anda.
.
Şəklinə baxmaqdan doya bilmirəm,
Yoxmuş şəkildən də gözəl pay, ana!
Əlimdən harasa qoya bilmirəm,
Qorxuram itirəm yenə, ay ana!
.
Neynirəm qızılı, demə ləlim var,
Nə yaxşı əlimə keçib bu şəkil.
İtirib tapsam da, bir təsəllim var,
Çoxdan gözlərimə köçüb bu şəkil.
06. 01. 2026.
Şah istəyim
Dünyada ehtiyac nolar, yox ola,
Ümidlə açasan hər gün səhəri.
Sayın bilməyəsən, pulun çox ola,
Yığasan şəhərdən dilənçiləri.
.
Ayrı duyğusu var könül səsinin,
Hər kəsin gözündən dərdin biləsən.
Xəbəri olmaya borc yiyəsinin,
Nisyə dəftərində borcun siləsən.
.
Ürəyin səxavət əlini aça,
Tanrıdan, hər işə izn alasan.
Kasıbın qeyrətin tutasan uca,
Qızına cehizin özün alasan.
.
Sevən ürəklərdə ümid əkəsən,
Sevənlər nə irad, nə tənə bilsin
Eləcə boy- boya evlər tikəsən,
Qoy evsiz cavanlar evlənə bilsin.
.
Kimsəni incitmək gəlməz əlimdən,
Toxunmasın nalə, ah istəyimə.
İlahi, gəlirəm dərgahına mən,
İmza at, möhür bas şah istəyimə.
16. 01. 2026.
Bu da belə
Görməmişəm dağı qarsız,
Payız çağı bağı barsız.
Dost çıxanda etibarsız,
Deyirəm ki, bu da belə.
.
Daşım ağır, daşım düşmən,
Özgə yox ki, yaşım düşmən.
Ürəyimlə başım düşmən,
Düşməmişdim oda belə.
.
Qəm gəlibsə, gərək çəkəm,
Sinəmə dən kimi əkəm.
Bacı, qardaş köçüb, təkəm,
Ana belə, ata belə.
.
Həyatda hər həddi bildim,
Hər cızığı, səddi bildim.
Diş ağrısı nədi, bildim
Qıymadım heç yada belə.
.
Sünbül dərdim saçaq- saçaq,
Dərd əlindən hara qaçaq?
Tanrım, nə vaxt yığışacaq?!…
Görən bu qan- qada belə.
11. 01. 2026.





















