20 yanvar Azərbaycanda ümummilli matəm günüdür. Amma ilin bu günündə dünyaya gələn insanlar az olmayıb. Onlardan biri də yazıçı Yeganə Kərimzadədir.
Səmimi, xoş xasiyyətli xanımdır. Yazıb yaratmaq, bildiklərini, düşüncələrini yazıya çevirmək onun həyat kredosudur. On yeddi yaşı olanda “Mozalan” satirik jurnalı üçün ssenari yazıb. O vaxt hətta Moskvadan, “Yunost” jurnalından gəlib onun şəklini də çəkiblər. Bu yaşda yeniyetmənin ssenari yazması onlara çox maraqlı gəlib. On səkkiz yaşında olarkən AzTV-də sərbəst verilişlər hazırlayan bu xanımın istedadına heyran qalmamaq olmur…
Deyir ki:- “Mən daşları sevirəm. Daşlar haradasa azıb qalan yaddaşdı mənim üçün. Həm də bu bugünkü düşüncəm. Amma zaman vardı ki, mənim və dostlarımın oynamağa oyuncaqları yox idi. Bizim kimi uşaqlar oyunlarımızı daşlarla, yollardan yığdığımız şüşələrlə oynardıq. Onda bizim indiki kimi kompüterlərimiz, dəbdəbəli gəlinciklərimiz, hörümçək adamlarımız yox idi. Həyat bizim üçün küçədə, torpaq üstə, daşların arasında daha mənalıydı. O vaxt “beşdaş” bütün uşaqların sevdiyi bir oyun idi, amma mənə o “beşdaş” oyununa gedən yol daha maraqlı gəlirdi. Düşünürdüm ki, o yolu necə gedim ki, fərqli və düşündürücü olsun. Necə ana dünyaya övlad gətirirsə, eləcə də torpaq dünyaya daşları gətirir. Bax məni həmişə bu fikir düşündürürdü. Atam bir dəfə məni Qərbi Azərbaycana – Vediyə aparmışdı, mənə ermənilərin etdiyi vəhşiliklərdən danışırdı. Mən də çay daşlarını yığırdım. Amma atamdan sonra aparıb hamısını qəbristanlıqda basdırdım…”
Atası Fərman Kərimzadə Azərbaycanın məşhur yazıçılarından biri idi. Əsərləri əldən ələ gəzir, geniş oxucu aiditoriyası qazanmışdı. “Sonuncu eksponat”, “Ömrümüz-günümüz”, “Heykəl dilə gəlir”, “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu”, “Qoca qartalın ölümü” kimi kitabları özündən sonra yadigar qalıb…
“Ailədə üç bacı, bir qardaş olmuşuq. Mənə qədər iki qız da dünyaya gəlib, amma onlar vəfat ediblər. Evin böyük övladı mənəm. Ailəmizin elə də böyük tələbatı olmayıb. Sadə həyat tərzi sürmüşük. Maşınımız vardı. Rəngi göy olduğundan atam ona “göy at” deyirdi. Kinostudiyanın binasında yaşayırdıq. Rəhmətlik Adil İsgəndərov o evi atama vermişdi. Atam bizi respublikanın hər yerinə aparırdı. Siqnal səsi eşidən kimi eyvana cumurduq. Yuxarı qalxmağa da hövsələsi çatmırdı. Deyirdi, əyin-baş götürüb geyinin, düşün aşağı. Hara gedəcəyimizi bilmirdik. Az qala Azərbaycanın hər rayonunda döyməyə qapısı vardı. Öz evi kimi idi döydüyü qapıların hamısı. Raykom katibləri, vəzifəli adamlar başına and içirdilər, amma onun dostları daha çox sadə adamlar idi. Bizi Şuşanı, Laçını, Kəlbəcəri qarış-qarış gəzdirib. Cənub zonası, Şimal zonası, Şəki-Qəbələ tərəflər. Azərbaycanın dörd tərəfi cənnətdir, harada gözəl təbiət, saf sulu bulaq, təmiz dağ havası vardısa, maqnit kimi çəkirdi onu özünə. Gəlişi toy-bayram olurdu dostları üçün. Quzular kəsilirdi, süfrə açılırdı. Belə şeyləri götürmürdü, heyvan kəsiləndə gözləri dolurdu, amma kimə deyirsən, adamlar bilmirdilər necə dursunlar onun qulluğunda. Ailədə çox mehriban idi, üstümüzə acıqlandığını xatırlamıram. Özü də səfərlərə çox çıxırdı. Mütləq bizə nəsə hədiyyə gətirməliydi. Paltar, suvenir, oyuncaq və s.. Ayaqqabı həvəskarı olduğum üçün çalışırdı mənə çoxlu ayaqqabı alsın. Bir də görürdün qripə yoluxurduq, qızdırmamız qalxırdı. Özünə yer tapa bilmirdi. Tez nəsə bir hədiyyə alıb başımızı qatmaq istəyirdi. Saçları tez ağarmışdı, qar kimi idi, amma uşaq kimi saf, insanlara inanan, onları sevən biri idi atam. Övladları arasında heç vaxt ayrı-seçkilik salmazdı. Dördümüzü də eyni məhəbbətlə sevirdi…”- söyləyir.
…Dilimizin saflaşmaması, əksinə gün-gündən bərbad hala düşməsi onu çox kədərləndirir. Düşünür ki, dilimiz yad sözlərlə dolduqca dolur. Müstəqillik həyatımıza hər mənada daxil olsa da, amma dilimiz inkişaf etmək əvəzinə kirlənir…
Deyir ki:- “Özüm televiziya jurnalisti olmuşam. Hər bir veriliş üçün günlərlə çəkilən əziyyət, o iş üçün sərf olunan hazırlıq prosesi var. Televiziyanın məsuliyyəti böyükdü, ona elə-belə yanaşmaq olmaz. Səhv informasiya, səhv söz və ya bir yazını görən milyonlarla insan qarşısında məsuliyyət daşıyırsan. Bu gün televiziyada problem varsa, bu, birbaşa orada işinə barmaqarası yanaşan qeyri-peşəkarların günahıdır ki, çox insan bu gün televiziyadan küsüb. İtirən yenə televiziya olur. O, tamaşaçısını itirir. Ona görə də rəqabət xatirinə peşəkarlarla işləmək vacibdir. Televiziya ekranı böyük gücə malikdi. Oradan deyilən söz güllədən betərdir. Oradan deyilən sözə cavab yox, reaksiya verə bilərsən. Yəni təsir gücü böyükdür. Milli mədəniyyətdən uzaq düşüb kimsə kimliyini bilmək istəmirsə, onu bilməyəcək də. Milli təfəkkür, milli adət-ənənə və mədəniyyətimiz efirlə dəyişə bilməz, çünki dediklərimiz şəxsiyyətimizə kodlanıb, zamanla üzə çıxır. Demirəm ki, başqa mədəniyyətlərlə maraqlanmayaq, onları da izləmək vacibdir, ən azı dünyagörüşü baxımından, amma bütün hallarda milli olmalısan ki, özün olasan.”
Onun yaradıcılığına baş vurmaq istəmirəm. Çünki bu iş ədəbiyyatşünasların, ədəbi tənqidçilərin işidir. Bu söhbətimidə daha çox onun ömür yoluna işıq tutmağa çalışdım. Bəli, nə qədər ağrı-acısını çəksək də yanvarın 20-si həm də Yeganə xanımın növbəti ad günüdür. Onu növbəti ad günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram…
“Mən həmişə istəmişəm ki, Fərman Kərimzadənin qızı kimi yox, özüm olaraq, Yeganə Kərmzadə olaraq tanınım. Amma elə bil həmişə atamın adının kölgəsində qalmışam. Bu hər zaman qəlbimdə yığılıb qalan sözlərdir. Amma mənim də uğurlarım az olmayıb.”- söyləyir.
…Rəsmi göstəricilrə görə, Azərbaycanda hələ heç kim Şirəli babadan çox yaşamayıb. Yeganə azərbaycanlıdır ki, 168 dəfə ad gününü görüb. Bu rekordu təzələməkdə Yeganə xanıma Allahdan uzun ömür diləyirəm…
Hörmətlə, Elman Eldaroğlu





















