Əzirud qartalının, əbədi ömür hekayəsi – Leyla Məcidova

Əzirud qartalının, əbədi ömür hekayəsi – Leyla Məcidova

 

Xalq şairi Məmməd Araz deyib :

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.

Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır.
Haqqında bəhs etdiyim,elimin mərd oğlu Aprel döyüşünün əfsanəvi qəhrəmanı
Pəncəli hələ, kənd orta məktəbinin beşinci sinifində oxuduğu zaman .
Məktəbdən qayıdıb adəti üzrə əlindəki kitab-dəftərini yerinə qoyduqdan sonra. Fikir verdi ki, evdəkilər bir otağa yığışıb televizora baxırlar. Hamının üzündə bir kədər kölgəsi vardı.Ekranda göstərilən Xocalı faciəsinin dəhşətləridən doğan bu kədər balacanın da diqqətini cəlb etdi. Yaxına gəlib Nurməmməd kişidən soruşdu:
-Ata, uşaqları, qocaları, qadınları öldürənlər kimlərdir?
-Ermənilərdir, oğul!
-Onlar nə istəyirlər?
-İstəyirlər ki, torpağımızı onlara verək. Bizimkiləri torpaqa sahib olmaq üçün,əzabla öldürürlər.
Uşaq ani fikirlərə qərq olduqdan sonra dilləndi: – Mən erməniləri öldürmək üçün əsgər olacağam…
Hamı dönüb Pəncəliyə baxdı. Uşağın üzündə bir kədər buludu çökmüşdü. Çoxuna elə gəldi ki, bu sözlər yalnız uşaq marağından irəli gəlir. Lakin vaxt zaman yetişdi, həyat balaca “kişi”nin dediklərinin, ürəkdən gəldiyini təsdiqlədi.
Teymurov Pəncəli Nurməmməd oğlu 1981-ci ildə Astara rayonunun Əzərud kəndində fəhlə ailəsində doğulub. Qonşu Əsxəkəran kənd orta məktəbini bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə çağrılıb. Hərbi xidmətini yüksək döyüş və hazırlıq əlaçısı kimi başa vuraraq o vaxt Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Milli Orduda yaradılan Xüsusi Təyinatlı Qüvvələrdə Xidmətini davam etdirir. XTQ-nın ilk döyüşçülərindən və yaradıcılarından biri olan Pəncəli xidmət üçün Kəşfiyyat Desant Taborunu seçib. Qısa müddətdə özünü bacarıqlı kəşfiyyatçı kimi göstərib.
24 iyun 2015-ci ilin bu günü Pəncəli işğal altında olan rayonlarda növbəti xüsusi əməliyyata çıxıb. Düşmənlərin daha çox toplaşdığı yerləri və hansı silahlara malik olduğunu öyrənib. Qayıdanda kefli halda olan erməni zabitini və düşmən postlarındakı 7 əsgərini öldürüb…
26 iyul 2015-ci il Xocalı qatillərinin izinə düşüb onları bir-bir oradan götürmək üçün keçirilən əməliyyat uğurla başa çatırıb. Bu əməliyyat qatillərdən birinin general rütbəsi almağa gedən erməni zabitinin ölümü ilə nəticələnir. Pəncəli bu qatili uzun müddət izlədikdən sonra Xankəndinə keçən yerdə yaxalayır. İmkan vermir ki, Xocalıda soyqırıma əl atan, əli körpə uşaqların qanına batan bu qatil general rütbəsi sevincini yaşasın…
14 dekabr 2015-ci il kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabiti və 20 əsgərin olduğun “Ural” markalı maşını partladır.Bütün düşmən heyəti məhv olur. Bu, düşmən ordusunu lərzəyə salır. Bu qəhrəmanlıqdan sonra erməni hərbi komandanlığı Pəncəlinin başına 1 milyard erməni dramı təyin edir. Düşmənin dəfələrlə etdiyi cəhdlərə baxmayaraq onu ələ keçirmək mümkün olmur. Hətta Pəncəlini bir gün pusquya salsalarda, yenə də istəyinə nail ola bilmirlər. İyirmi bir gündən sonra pusqudan çıxan Pəncəli düşməni növbəti dəfə şoka salır.
3 aprel 2016-cı il Talış yüksəkliklərini qaytarmaq üçün keçirilən əməliyyat strateji hazırlıq görülmüşdü. Əməliyyatda döyüş yoldaşlarından Murad Mirzəyev, Samid İmanov, Muhud Orucov, Pəncəli ilə birlikdə iştirak edirlər. Bu əməliyyata gedərkən Pəncəli nədənsə öz toyunda söylədiklərini xatırlayır. O, demişdi: “Mən xalqım, vətənim üçün canımdan keçməyə hazıram.
Həmişə arzu eləmişəm ki, vətən uğrunda şəhid olum. Azərbaycan Respublikasının Ay-ulduzlu, üç rəngli bayrağına bükülən tabutumla dəfn olunum…
Elə bu sözlər onun vətənə hədsiz bağlılığının, alovlu vətənpərvərliyinin parlaq sübutdur. Pəncəli el-oba qarşısında söylədiklərini öz qəhrəmanlığı ilədə doğrultdu. Əməliyyat uğurla başa çatdı. Strateji yüksəkliklər ələ keçirildi. Lakin bu qələbə döyüş yoldaşlarında nə qədər böyük ruh yüksəkliyi yaratsa da, Aprel döyüşlərinin qəhramanı Pəncəli Teymurovun ölümü bir o,qədər ruh düşkünlüyünə səbəb oldu.
Pəncəli Teymurovun qızğın döyüşdə qəfil ölümü Xüsusi Təyinatlı Qüvvələrin korpus komandiri, hazırda Azərbaycan Respublikası Müdafiə nazirliyinin müavini general-polkovnik Hikmət Mirzəyevi də sarsıtdı. O, demişdi: “Pəncəli Teymurov Azərbaycan xüsusi təyinatlı qüvvələrin onurğa sütunu idi. O, Astaranın ikinci Milli qəhramanı kimi xatirələrdə əbədi yaşayacaqdır…”
Pəncəli Teymurov cəmi 35 il yaşadı. Xalqın qəhrəmanı böyük insan seli ilə 2016-cı il aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kənd qəbiristanlığında torpağa tapşırılıldı.
Pəncəli Teymurovun döyüş qəhrəmanlıqları heç də diqqətdən yayınmadı. Ölkə Başçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən Pəncəliyə “İgidliyə görə”, “Hərbi xidmətdə fərqləndiyinə görə”, “Qüsursuz hərbi xidmətə görə”, “Vətən uğrunda” və digər dövlət mükafatlarına layiq görüldü.
Xalqın çoxdan gözlədiyi an Azərbaycan Respublikasının Prezidentinin 7 noyabr 2025-ci il tarixli fərmanı ilə Pəncəli Nurməmməd oğlu Teymurova Azərbaycan Milli Qəhrəmanı
Fəxri adıda verildi.
Pəncəli Teymurovun uyuduğu torpaq el-obanın ziyarətgahına çevrildi. Onun xatirəsini yad etmək üçün buraya təkcə Astaradan, ətraf rayonlardan deyil, respublikanın hər yerindən axın-axın adam gəlir. Vətən şəhidinin xatirəsini əbədiləşdirmək üçün ev-muzeyi yaradılıb. Qəhramanın büstü hazırlanıb.
Adətən Aprel döyüşünü böyük qələbənin müdafiəçisi adlandırırlar. Təbii ki, bu sözlərdə danılmaz həqiqət var.Aprel döyüşü tarixdə onu göstərdi ki, ölkəmiz Milli Ordunun gücü və qəhrəman övladları ilə öz tarixi torpaqlarını işğaldan azad edə bilər. Bir də ki, bu döyüş zamanı geri alınan strateji yüksəkliklər azğın düşmənin məğlubiyyətini tezləşdirmək, əlverişli mövqe tutmaq üçün silahlı qüvvələrimizin uğurlu döyüş əməliyyatlarının həyata keçirilməsində mühüm rol oynadı. Elə buna görə də Aprel şəhidləri 44 günlük II ci Vətən müharibəsində qazanılan böyük zəfərin ilk qaranquşları sayılır. Təbii ki, onlardan biri də əfsanəvi kəşfiyyatçı, düşmənə öz içində ona qan udduran və onu lərzəyə salan Aprel döyüşlərinin qəhramanı Pəncəli Teymurovdur. Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn övladları ilə yaşayır, tanınır,qürur duyur.
Azərbaycanın Milli Qəhrəman, Aprel döyüşlərinin əfsanəvi kəşfiyyatçısı, Vətən şəhidi Pəncəli Teymurovun əziz xatirəsinə həsr etdiyim “Ey Vətən oğlu” şeirimi də bu yazıya əlavə edirəm.

Ey vətən oğlu

Sevgisi sığmırdı mərd ürəyinə,
Sən nankor çıxmadın duz-çörəyinə,
Şəhid libasını geydin əyninə,
Ey vətən övladı, ey vətən oğlu.

Qorxudan bir əsər yox idi səndə
Düşməndən can aldın düşmən içində.
Sənlə qürur duyur ana Vətən də,
Ey vətən övladı, ey vətən oğlu.

Səndə bu torpağın qüdrəti vardı!
Həzi, Mübarizin qeyrəti vardı.
Düşməndən min qisas, niyyətin vardı,
Ey vətən övladı, ey vətən oğlu

Elə ki, başladın zəfər marşına,
Düşmən pul ayırdı məğrur başına
Köçdün əbədi el yaddaşına,
Ey vətən övladı, ey vətən oğlu.

Cənub bölgəsi əzəldən əbədi qəhrəmanlar yetişdirən torpaqdır, Pəncəli kimi əfsanəvi qəhrəman yetişdirən, ona vətənpərvərliyi, torpağa məhəbbəti aşılayan isə fədakar Anamız Fahimə anadır. Allahdan ona səbr arzulayıram. Allah qəhrəman Pəncəlinin timsalında bu günkü qələbəni bizə bəxş edən,bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun inşallah.

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru:Məcidova Leyla Qadir qızı.

Share: