SEVİL AZADQIZI QƏLƏMİNDƏ ŞAİQ MUSTAFAYEVİN, ŞAİQ MİSKİNLİNİN ŞEİRLƏRİNİN ƏDƏBİ TƏHLİLİ

SEVİL AZADQIZI QƏLƏMİNDƏ ŞAİQ MUSTAFAYEVİN, ŞAİQ MİSKİNLİNİN ŞEİRLƏRİNİN ƏDƏBİ TƏHLİLİ

I

DESƏM Kİ, “MƏN VARAM” DUYANLAR GÜLƏR.
Gülüm, deyiləsi sözüm var sənə,
Çox deyil, sərçənin dimdiyi qədər.
Qəlbimin odundan közüm var sənə,
Kiçikdir… körpənin çimdiyi qədər.

Qıraqdan dünyaya sən diqqətlə bax…
Mənim gözlərimdən düşmüş gilədir.
Müsibət görməzsən, gəl, qəlbimə ax,
Duy, o nə haraydır, o nə nalədir.

Sən ki, tanıyırsan onun səsini,
Dinir həsrət dolu təranə kimi.
Zilə qaldırıbdı… indi pəsini,
Həyatla dilləşən biganə kimi.

Desəm ki, “mən varam” duyanlar gülər,
Ömrü xərcləmişəm , bilənlər bilir.
Desəm ki, “mən yoxam” uyanlar gülər,
Mənim xərclərimi silənlər silir.

Bir eşqdə, sevgidə pak ola – ola..
Qovuşa bilməmək bir fəlakətdir.
Saf bir məhəbbətdən kam ala – ala…
Cavankən ölmək də bir səadətdir.

(ŞAİQ MİSKİNLİ)

Şeirin adı hər şeydir: mövzu, məzmun, ideya. Artıq söz anlayanlar, şeir, sənət adamları incik bir ruhun ayrılıq nəğməsi çalan kaman səsini eşidəcək, ney naləsini duyacaq.
Sərçənin dimdiyi qədər olan sözdə qartal yükü var, körpənin çimdiyi qədərki közdə bir dünya həsrəti var, odu var…
Onun dünyası gözündən düşmüş gilə litotasındadır hay da , haray da…
Pəsini zilə qaldıranın içinin hıçqırtısıdır, ahıdır bu səs…
Ömrü xərcləmək, yelə vermək illərini, günlərinin o “mən yoxam” dəhşəti fəlakət nidasıdır!…
Sevgisi pak insan, duyğusu saf adam, ölmə, ölmə, ümid et, ümiddir yaşadan, ümiddir gələcəyə səsləyən, o ümidi itirmə!
İncik ruhlara, yorğun könüllərə məlhəmdir, bəlkə, yazdığınız şeirlər, düzdüyünüz misralar! Yazın, saf qəlbinizin hisslərini tökün ağappaq vərəqlərə… Sevin, sevilin!Sevilin, sevin bu dünyanı… Sevin!…👏👏👏

ıı

Şairiun  “DÜNƏNİN KÖYNƏYİN GEYİNMƏ… ADAM..!” şeirinin təhlili

Gələcək gələcək, keçmiş keçmişdir,
Dünənin köynəyin geyinmə, adam..!
Sabahın köynəyi daha genişdir,
Ötən günlərinlə öyünmə, adam…!

Həqiqət gözləmə nadan dilindən,
Yavanlıq götürmə namərd belindən,
Suyu içəndə iç… mərdin əlindən,
Nanəcib köksündə döyünmə, adam…!

Gedənə yas tutub , çürütmə canı,
Zatı zay olanı sözündən tanı,
Murdarın torpağa axmasın qanı,
Torpağı kirləyib, söyülmə, adam..!

Bir ömür boyunca çalışır insan,
Həsrətdə, hicranda alışır insan,
Axırda torpağa qarışır insan,
Qismətin dalınca deyinmə, adam..!

Çalış bu dünyadan nişansız köçmə,
Ötüb keçən günü, illəri ölçmə,
Şaiqdən nəsihət – Yalan and içmə,
Düşüb cəhənnəmə, “döyülmə”, adam!

Dünənin köynəyin geyinmə adam…! Bir nəsihətdir. Amma məna fərqli. Şair dünəni unut demir, keçmişi heç unut demir. Şair keçmişinlə öyünmə deyir. Bu gününlə öyün, sabaha üzüağ get!
Adam rədifli şeirin ideyası da, mövzusu da elə ADAMDIR ! Ancaq adam kimi adam, insan kimi adam!
Şairin nəsihətlərini qulağında sırğa edən adamdır o !
O, adil insandır, mərd adamdır, əsil köksündə döyünəndir!
O, zatı pak insandır, torpağı müqəddəs biləndir, çalışandır, qismətilə barışandır!
Əməli ilə nişan qoyandır, cənnəti haqq edəndir!
Gələcəyin libasın seçən, ümid verəndir! Budur, Şaiq bəyin insani dəyərləri, olana nə xoş, öyrənənə min halal!
Belə nəsihət tipli şeirlərə gəncliyin çox ehtiyacı var, işıqlanmalıdır, tez-tez səslənməlidir! Bayağı sevgi şeirləri yetər artıq. Bax, sevginizi insanlara, adamlara, cavanlara, gənclərə belə verin, Şaiq müəllim kimi! Doğru yol, dürüst hədəf, məsləki zəhmət, ruhu halallıq olan insandır bu şeirin qayəsi!

ııı

ÜMİDİM QOŞULUB MƏNLƏ SÜRÜNÜR…!
Mən bu gün o qədər yol qət etmişəm…
Beynimdə yüz fikir, əlimdə kitab.
Bilmirəm kimlərə qonaq getmişəm…
Dönəndə əlimdə varıydı mizrab.

Elə bil süzülüb qəlbə dolmuşam,
Kiminsə həzzində yanıb- solmuşam,
Mən bu gün həyasız biri olmuşam,
Günəş də bağlayıb başına hicab.

Bəlkə də həyata bu gün gəlmişəm,
İçimdə nə varsa üzə sərmişəm,
Elə bil… uşaqdım, artıq ərmişəm,
Nə yaşamışamsa, silibdi şərab.

Ümidim qoşulub mənlə sürünür,
Titrəyən qollarla mənə bürünür,
Elə tənha, Yazıq, bədbəxt görünür,
Suallar o qədər, axtarır cavab.

Ürəkdə o qədər arzular yatır,
Nakam olanları ox olub batır,
Hissim, həyacanım aranı qatır,
Bədən başqa yerdə axtarır ərbab.

Dünyaya gəlməyib məndən betəri…
Göz atdım varına ani, ötəri…
Biləndə yolçuyam… adi köçəri…
Aldadıb mələyi yazdırdım savab.
Şaiq Mustafayev

Bu şeir dərin daxili təlatümləri, yaşantıları və ümidlərlə dolu bir ruhun səyahətini təsvir edir. Şeirin hər bəndində insanın öz daxili dünyasında keçirdiyi dəyişikliklər, həyatın mənası ilə bağlı düşüncələr və taleyin gətirdiyi suallar yer alır. Şair oxucunu onunla birgə bu düşüncələrə, duyğuların təlatümünə çəkir.
Şeirdə “Ümidim qoşulub mənlə sürünür” misrası insanın həyat yolunda hər zaman ümidə sarıldığını, amma bəzən ümidin də yorulduğunu, sürükləndiyini göstərir. Bu ümid həm də insana dəstək olur, ona sığınıb güc verir.
Şairin “Dünyaya gəlməyib məndən betəri” misrası isə yaşadığı daxili mübarizənin və özünütanımanın nə qədər dərindən olduğunu vurğulayır. Bu hisslərdə hər bir insanın həyat yolunda qarşılaşdığı suallar, itirilən arzular və axtarılan cavablar var.
Ümumiyyətlə, şeir insanın həyatla, ümidlə, taleyin gətirdiyi yollarla apardığı daxili mübarizəni və hər birimizə tanış olan həyatdakı təzadları incə bir dillə oxucuya çatdırır.
Sizə cansağlığı, bərəkətli ömür və yaradıcılıq uğurları diləyirəm, əziz qardaş Şaiq Mustafayev !
ıv

QAYĞIM AZALANDA GÜMANIM SUSUR.
Durub yol üstündə, xəyaldı gedən,
Arzumun fəryadı ürək yandırır.
Gözümün yaşında intihar edən,
Ümüdüm namuslu qızı andırır.

Diləyim kövrələn ürəkdə deyil,
Rəngbərəng hisləri əməndə coşur.
İstəyim çağlayan küləkdə deyil,
Şəfəqdən parlayan çəməndə coşur.

Qayğım azalanda gümanım susur,
Nağıllar deyirəm ləyaqətimə…!
İnamım itəndə… imanım susur,
Noğullar verirəm şəxsiyyətimə…!

Soyuq göz yaşımla elə doluram,
Günlərlə, aylarla yatmayıram mən.
Heyrətə gəlirəm! Üzməkdə bir xam,
Gözümün yaşında batmayıram mən.

Təbim qonaq gələn qanadlı quşdur,
Yuxusuz qoysa da, kara gəlir o.
Onun diqtəsiylə yaşamaq xoşdur,
Əks halda… harasa uça bilər o.

Mübaliğə, inversiya, təşbeh, epitet, təkrir, təzad, fonetik, leksik, qrammatik obrazlılıq, yəni şeir üçün lazım olan bədii təsvir və ifadə vasitələrinin təsir gücü — hamısı var. Amma sözün gücü, sözün sanbalı, sözün şeirdə yaratdığı dəyər … Şeirdə elə frazemlər var ki, ruhu insandan qoparır. Misraların çarpaz qafiyəsi ayrı bir rəng verir şeirə. Bir az ümid, bir az kədər, bir az inam , bir az iman… Şeirin sonunda isə təbəssüm… Təbim qonaq gələn qanadlı quşdur … Nə gözəl!
Şair, təbinizin diqtəsi sizi tərk etməsin… Təbiniz sevincdən kara gəlsin….
Sizə sağlıqlı, bərəkətli ömür və yaradıcılıq uğurları diləyirəm, əziz qardaşım Şaiq Mustafayev !

v

ŞUŞA

(Şahmar Şuśalıya)
Minlərlə igidin, ər qəhrəmanın,
Düşməni əzdiyi meydandır Şuşa!
Yalın əlləriylə dağları aşan,
Ölməz şəhidlərdən nişandır Şuşa!

Tarix dəyişdilər zəfərləriylə,
Səlnamə yazdılar hünərləriylə,
Ömrü yaşadılar şərəfləriylə,
Qeyrəti olana ünvandır Şuşa!

Laçına yol açır baxışlarıyla,
Uğurlar diləyir alqışlarıyla,
Xankəndinə nurdu naxışlarıyla,
Zəngəzur eşqidir, gümandır Şuşa..!

Dik duran qaməti Günəşə çatır,
Qarlı zirvəsində qartallar yatır,
Bülbül bu xoş ana nəğmələr qatır,
Açıb xarı bülbül, əlvandır Şuşa..!

İsa bulağımız qaynayıb, daşır…
Doğma dodaqlarda fərəhlə coşur,
Şöhrəti günbəgün sərhədlər aşır,
Belə bir ummana limandır Şuşa…!

Əzəmət rəmzidir Şuşa qalası,
Sərhəddi, səngərdi hər bir qayası…
Mərdliklə yoğrulub təmiz mayası,
Şanlı tarixini yazandır Şuşa..!

Hər yanı yamyaşıl meşəli dağdır,
Ətəyi ətirli meyvəli bağdır…
Zirvəylə öpüşən dumanı ağdır,
Üzey(i)ri oyadan kamandır Şuşa..!

Toy – bayram qurulur Cıdır düzündə,
Çadırlar düzülür əlvan çölündə…
Bizi ay(ı)ra bilməz artıq ölüm də,
Müqəddəs ocaqdı, imandır Şuşa…!

Ölməz şəhidlərdən nişandır Şuşa!…
Misralar adamı Şusa qalasına, Cıdır düzünə, İsa bulağına çəkib aparır. Bu gözəlliklərin, bu ucalığın alçaq düşmən əlində olan zamanını düşünmək belə yenə də əzabdır, mənəvi sarsıntıdır.
Şanlı tarixini yazandır Şuşa!– bax bu misralar tariximizi unutmamağa işarədir, qan yaddaşımızın ifadəsidir.
Şeirdə şərəf, qürur, vətən sevgisi, torpaq məhəbbəti, göz aydınlığı var.
Toy-bayram qurulur Cıdır düzündə —-
Gözümüz aydın olsun, ruhu Vətən sevgili Şairimiz! Siz Vətənoğlusunuz!
Hər birinizə təşəkkürlər olsun!

Sevil İsayeva Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq.

Share: