Evdən getməyən, eldən gedən Cavanşir Cahangirov…- Savalan TALIBLI yazır

Evdən getməyən, eldən gedən Cavanşir Cahangirov…- Savalan TALIBLI yazır

150 yaşlı Azərbaycan mətbuatında Cavanşir Cahangirovun da imzası var. Bu gün bu imzanı, bu dəyərli kişini xatırlamaq mənim üçün sadəcə bir vəfa borcu deyil, həm də vicdanımən məsuliyyətdir.

Altı il boyunca radioda onun rəhbərliyi altında çalışmaq şərəfinə nail oldum. O, sözün əsl mənasında başdan-ayağa dəyər idi. Evdən getməyən, eldən gedən Cavanşir Cahangirov…
Tanrı bütün insani keyfiyyətləri ona bəxş etmişdi. İstiqanlı, mehriban, dostcanlı… Rəhbərlik etdiyi kollektivin qədrini bilən, qapısını döyən hər kəsə hörmətlə yanaşan bir insan idi. Dünyada nə qədər müsbət xüsusiyyət varsa, hamısını Cavanşir müəllimdə görmək mümkün idi. Rəhbər kimi məsuliyyətli, dost kimi etibarlı, yol yoldaşı kimi sədaqətli idi.
Yazdığı məqalələr, hazırladığı televiziya verilişləri zamanın yaddaşına əbədi olaraq həkk olundu. Onun imzası Azərbaycan jurnalistikasına qızıl hərflərlə yazıldi.Mən bunu belə bilirəm. Və əminəm ki, düz bilirəm…
Xalq yazıçısı olan dayısı Süleyman Rəhimovdan ustad dərsləri almışdı. Bu məktəbin məzunu olan Cavanşir Cahangirov özünü efirdə “Çay dəstgahı” kimi verilişlə təsdiqlədi.
Cavanşir müəllim ömrünün son günlərinə qədər xəstəliyə baş əymədi. Əyilmədi, sınmadı. İpək kimi xasiyyəti vardı. Hər kəslə ünsiyyət qurmağı bacaran, dinləməyi bilən, özünəməxsus gülüşü ilə , bəzən sakit, bəzən də əsəbi, amma özünə hörmət qazanan nadir insan idi.
Bu qarmaqarışıq dünyada yaşamaq getdikcə çətinləşir. Ot itin, ət də atın qabağındadır. Hər kəs bu zamana uyğunlaşıb yaşaya bilmir. Və hər adam da elə-belə ölə bilmir…
Amma Cavanşir müəllim yaşadı. Milli-mənəvi dəyər kimi yaşadı. Ölümü belə bir dərs oldu. Qoca dünyadan necə ləyaqətlə gedilməli olduğunu biz, onun gedişiylə anladıq.
Ruhun şad olsun, ustad. Sən yaşamağı da bacardın, ölməyi də. Bu da hər kəsin alın yazısı olmur. Tanrı bu şərəfi yalnız seçilmişlərə verir. Nə mutlu sənə ki, belə yaşadın…
Share: