Məşəl var, deyirlər ki, “Min dəfə imam üçün ağlayanda gərək bir dəfə də Yezid üçün ağlayasan.” Bu ifadə insanın tənqid edərkən belə obyektivlikdən uzaq düşməsinin, mövqe və münasibətlərə yenidən baxaraq ədaləti qorumağın vacibliyini xatırladır.
Mən də uzun müddət bəzi qeyri-dəqiq, tam yoxlanmamış məlumatlara əsaslanaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini daha çox mənfi prizmadan qiymətləndirmişdim. Elə bilirdim ki, yeni rəhbərlik gözlənilən dinamikanı yarada bilmir, problemlər isə əvvəlki kimi olduğunun üzərində qalır.
Lakin real vəziyyəti dəyərləndirmək üçün onu kənardan deyil, yaxından görmək lazımdır. Hazırda müalicə aldığım “Bilgəh” kardioloji sanatoriyasında keçirdiyim günlər mənim üçün bu baxımdan yeni bir mərhələ oldu. Müalicəm davam edir və qarşıdakı on gün ərzində də burada olacağam. Artıq ilk həftədə müşahidə etdiklərim isə əvvəlki stereotiplərimi tədricən dəyişməyə başlayıb.
Sanatoriyada görülən işlər göz qabağındadır. Müalicə korpusu yenilənib, otaqlar və avadanlıqlar müasir tələblərə uyğunlaşdırılıb. Personalın davranışı, xidmət mədəniyyəti xeyli dəyişib. Tibb işçiləri Aybəniz Muradova, Səkinə Abuzərova, Səbinə Məmmədova, Nailə Vəliyeva, Surət Bayramova, Mətanət Sadıqova, Natəvan Məmmədova və başqaları diqqəti, pasiyentlərə yanaşma tərzi xüsusi olaraq hiss olunur. Yeməkxanada “şved stolu” prinsipi ilə xidmət göstərilməsi pasiyentlərin rahatlığını artırmaqla yanaşı, təşkilati işin də xeyli yaxşılaşdığını göstərir. Orada çalışan Günay Qasımova və Gülnar Ələsgərovanın gülərüz xidməti ümumi mühiti daha da xoş edir.

Bütün bu işlərin arxasında idarəetmənin düzgün qurulması dayanır. Sanatoriyanın baş həkimin səlahiyyətlərini icra edən Ləman Məlikovanın gülərüz siması, novatorluğu, yeniliklərə açıq və idarəçiliyə modern yanaşması burada hiss olunan pozitiv dəyişikliyin əsas səbəblərindən biridir. Onun həm pasiyentlərlə, həm də kollektivlə rəftarı sanatoriyaya başqa bir enerji qatır.
Müalicə alan insanlar da bu dəyişiklikləri təsdiqləyirlər. Əməkdar jurnalist Zakir Abbasın, Bakıdan Elman Mehdiyev, Bərdədən gəlmiş ağsaqqal Yaşar kişinin, eləcə də Məmmədihüseyin Şirəliyəvin məmnunluqla söylədikləri xoş fikirlər burada aparılan işlərin təsadüfi deyil, davamlı və sistemli olduğunu bir daha göstərir.
Sanatoriyanın geniş ərazisində aparılan abadlıq və quruculuq işləri də onu göstərir ki, yenilənmə prosesi yalnız kosmetik deyil, əsaslı və planlı şəkildə həyata keçirilir. Yeni təmir olunmuş otaqlar, abadlaşdırılan yaşıllıqlar göz oxşayır. Bütün bunlar həm görülən işlərin çox olduğunu, həm də bu işlərin artıq ardıcıl şəkildə davam etdiyini sübut edir.
Bu mənzərə AHİK-in ümumi fəaliyyəti ilə bağlı düşüncələrimə də yenilik gətirdi. Şübhəsiz ki, iş olan yerdə nöqsanlar da olur. Bu gün “AHİK-də hər şey tam yaxşıdır” demək doğru olmaz. Hələ həll olunmalı məsələlər var. Amma ən önəmlisi odur ki, mövcud nöqsanların aradan qaldırılması üçün real addımlar atılır. Tənqidlərin gizlədilməməsi, əksinə, onların həlli istiqamətində işlərin görülməsi gələcək üçün müsbət mesaj verir.
Mən əvvəllər Konfederasiya haqqında daha çox eşitdiklərimə arxalanırdım, indi isə şəxsən gördüklərim mənə göstərir ki, AHİK-in idarəçiliyində müasir yanaşma güclənir, yenilənmə prosesi isə tədricən daha geniş miqyas alır. Bu gün bir müəssisədə gördüyümüz müsbət dəyişiklik sabah digər sahələrdə də həyata keçirilə biləcək uğurlu islahatların xəbərçisi ola bilər.
Böyük dəyişikliklər birdən-birə baş vermir. Amma ən vacib olan iradə, niyyət və real addımlardır. Burada keçirdiyim günlər ərzində həmin dəyişiklik istəyinin həm reallığda, həm də praktikada özünü göstərdiyinə şahid oluram. Buna görə də inanıram ki, AHİK gələcək illərdə daha çevik, daha səmərəli və daha şəffaf fəaliyyət göstərəcək. Həm sosial müdafiə sahəsində, həm də əmək münasibətlərində yeni standartların formalaşdırılmasına davam edəcək.
Əgər irəliləyiş varsa, onu görmək və qeyd etmək də vacibdir. Mən də məhz bunu görür və yazıram ki, gələcəkdə daha uğurlu işlərin şahidi olaq.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü,
“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
















