Sənsiz gecələr də…
Yaman darıxıram, yenə bu axşam
Yenə də xəyalın gözümdə bitib…
Bəlkə daha dönüb mən sən olmuşam?
Sənsiz nə vardısa yadımdan itib…
Gözlərim bir şirin yuxuya həsrət,
Sənli xatirələr uyutmur məni
Bilirsən, ay ömrüm, nədədir dəhşət?
Daha xəyalın da ovutmur məni…
Gecələr ağrılar artan olurmuş,
Gecə vahiməsi ağırmış yaman.
Sənsiz gecələr də üzə dururmuş
Səhərlər açılmır, keçmir ki, zaman…
Daha taqətim yox, gücüm də yetmir,
Sənsizlik səbrimi alıb əlimdən…
Bəs niyə xəyalın gözümdən getmir?
Özündən bir soruş, mənim dilimdən.
Ətayə Odər
TƏHLİLİ:
Ətayə Odərin bu şeiri, darıxmanın və sevgi itkisi ilə yaşanan dərin kədərin poetik dilə çevrilmiş təcəssümüdür. Bəzən bir insan gedər, amma onun xatirəsi, varlığı, səsi, baxışı – hər şeyi, getməz. Fiziki yoxluqla emosional mövcudluq arasındakı bu paradoks, şairin misralarında ağrılı, amma eyni zamanda gözəl bir şəkildə əks olunur.
“Yaman darıxıram, yenə bu axşam” – deyə başlayan şeir, elə ilk misradan oxucunu emosional bir burulğana çəkir. Darıxmaq – sadəcə bir hiss deyil, burada artıq bir həyat tərzinə çevrilmiş. “Bəlkə daha dönüb mən sən olmuşam?” – deyə soruşan şair, itirdiyi sevgilinin içində o qədər dərin yer tutduğunu, onun yoxluğunda artıq öz varlığının belə əriyib getdiyini vurğulayır. Bu, özünü unutmaq və başqasına çevrilmək kimi poetik bir fəlsəfədir.
Şairin “Sənli xatirələr uyutmur məni” misrası, xatirələrin bəzən necə də əzabverici ola biləcəyini göstərir. Hər gecə keçmişin bir kölgəsi kimi ruhuna çökür və nə yuxu var, nə də rahatlıq. Ən sarsıdıcı hissə isə budur: “Daha xəyalın da ovutmur məni…” Bu cümlə, ümidsizliyin zirvəsi kimi oxunur. İnsan bəzən bir xəyal ilə yaşayır, amma o da artıq təsəlli vermirsə, deməli, boşluq dərinləşmişdir.
Gecələrin ağır keçməsi, zamanın dayanmış kimi olması, gündüzlərin belə gecənin qaranlığına bürünməsi – bunlar hamısı bir iç dünyasının çöküşünü simvolizə edir. Sevgi getdikdən sonra zaman da, məkan da mənasızlaşır. Gözləmək, darıxmaq və sonunda gücsüzlük… “Daha taqətim yox, gücüm də yetmir” – bu etiraf bir insanın içdən sarsıldığını göstərir.
Ətayə Odər bu şeirdə yalnız bir sevgidən deyil, insanın ruhunun təkliyə qarşı çıxılmaz savaşından danışır. Sonda isə maraqlı bir ritorik dönüş var: “Bəs niyə xəyalın gözümdən getmir? Özündən bir soruş, mənim dilimdən.” Burada artıq ümid və küskünlük iç-içə keçir. Sevginin qarşılıqsız qalması, ya da yarımçıq bitməsi bir sual doğurur: Niyə?
Bu sualın cavabı yoxdur, çünki bəzi cavablar yoxdur. Bəzən isə cavabın özü verir.

✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlilçi və tənqidçi. Şair.
















