ƏSL ZİYALILIQ NÜMUNƏSİ…- Xatirə Xatun yazır

ƏSL ZİYALILIQ NÜMUNƏSİ…- Xatirə Xatun yazır

Azərbaycanın ictimai-siyasi salnaməsində və müasir nəsrinin saflığında öz dəst-xətti olan şəxsiyyətlər var ki, onların yubileyləri sadəcə təqvim hadisəsi deyil, bir mənəviyyat hesabatıdır.

Bu il 85 illik zirvəsinə boylandığımız Yaşar Rzayev, taleyini həm Sözün qüdrətinə, həm də Dövlətin məsuliyyətinə bağlamış nadir ziyalılardan biridir. O, bu gün də aramızda, öz işıqlı təfəkkürü və ağsaqqal müdrikliyi ilə mənəvi yol göstərməkdədir.
Yaşar Rzayev adını ən yeni Azərbaycan tarixinə müstəqilliyin memarlarından biri kimi də yazdırıb.Onun siyasi portreti Azərbaycanın ən fırtınalı və həlledici illəri ilə birbaşa bağlıdır. 1991-ci ilin oktyabrında o, Azərbaycanın Dövlət Müstəqilliyi Aktına imza atan İstiqlalçı deputatlar sırasındaydı. Bu imza onun üçün sadəcə bir vəzifə borcu deyil, həm də bir filoloq alim kimi illərlə tədqiq etdiyi milli azadlıq şüurunun praktik təsdiqi idi.
O, həm Ali Sovetin, həm də Milli Məclisin deputatı olduğu illərdə dövlətçilik maraqlarını hər şeydən uca tutdu. Lənkəranın rəhbəri olduğu dövrlərdə isə sübut etdi ki, əsl rəhbər xalqın içindən gələn, onun ağrısını öz ağrısı kimi hiss edən insandır. Yaşar müəllimin idarəçilik fəlsəfəsində insan amili hər zaman mərkəzdə dayanırdı. Onun qəbul otaqları deyil, ürəyinin qapıları hər kəsə açıq idi. Və bu gün də həmin illərin xatirəsi Lənkəranın hər küçəsində, hər evində ehtiramla anılır. Əminliklə demək olar ki, Yaşar Rzayev Lənkəranın idarəçilik tarixində adı həmişə ehtiramla anılan və fəaliyyəti, şəxsiyyəti barədə heç bir mənfi rəy eşidilməyən bəlkə də yeganə rəhbər olub. O, qədirbilən və mühafizəkar lənkəranlıların yaddaşında təmiz adı və ziyalı kimliyi ilə silinməz iz qoyub.
Bir yazıçı kimi Yaşar Rzayev Azərbaycan ədəbiyyatına ,,altmışıncılar” nəslinin gətirdiyi yeni nəfəsi, mənəvi axtarışları və daxili azadlığı daşıdı. Onun “Dünya mənim” romanı, “Dəryada gəmim qaldı”, “Yay əhvalatı”,,, Əks-səda ” kimi povestləri oxucunu səs-küylü süjetlərlə deyil, ruhun dərin qatlarına enən səmimi söhbətlərlə cəlb edir. Yaşar Rzayevin yaradıcılığı Azərbaycan ədəbiyyatında rəsmiyyətdən uzaq, insan ruhuna yaxın və milli yaddaşa söykənən bir xətt təşkil edir. Onun əsərləri sadəcə bədii mətnlər deyil, həm də bir dövrün mənəvi-etik mənzərəsidir. “Dünya mənim” romanı müəllifin yaradıcılığında xüsusi çəkisi olan, fəlsəfi ümumiləşdirmələrlə zəngin bir əsərdir.Roman fərdin cəmiyyətdəki yerini, insanın daxili azadlıq axtarışlarını və mənəvi dünyasının hüdudlarını araşdırır.
“Dəryada gəmim qaldı” povesitində Lənkəranın dəniz kənarındakı həyatı, balıqçıların taleyi və sahil insanının xarakteri bu əsərin ruhunu təşkil edir. Əsər həm regional koloritini qoruyub saxlayır, həm də ümumbəşəri kədər və ümid motivlərini birləşdirir. İnsanın təbiət qarşısındakı mübarizəsi və dözümü burada böyük ustalıqla təsvir olunub.
“Yay əhvalatı” və “Payız gələndə”-Bu silsilə hekayə və povestlər müəllifin insan psixologiyasına dərindən nüfuz etmə qabiliyyətini göstərir.Təbiət hadisələri ilə insan duyğularının paralel təsviri bu əsərlərdə lirik bir ab-hava yaradır. Müəllif sübut edir ki, ən böyük dramlar və sevinclər insanın gündəlik, sadə həyatının içində gizlənib.
Yaşar Rzayevin “Yaddaşa qayıdış” kitabı onun həm bir yazıçı, həm də bir ictimai xadim kimi keçdiyi zəngin ömür yolunun bədii-publisistik salnaməsidir. Bu əsər müəllifin öz keçmişinə, xatirələrinə və şahidi olduğu tarixi hadisələrə baxışını əks etdirən çoxqatlı bir kitabdır.Kitabın fəlsəfəsi və kredosu çox maraqlıdır. Yaşar müəllim bu əsərdə hər bir hadisəyə və şəxsiyyətə ədalət tərəzisindən baxmağa çalışıb.
“Yaddaşa qayıdış” sadəcə xatirələr toplusu deyil, bura müəllifin illər ərzində qələmə aldığı müxtəlif oçerklər, publisistik yazılar və reportajlar daxildir.Kitabda Azərbaycanın müstəqillik dövrü, parlament fəaliyyəti və mühüm dövlət qərarlarının qəbulu zamanı pərdəarxası məqamlar, doğma yurdun təbiəti, insanları və oradakı idarəçilik illərində qazanılan təcrübələr, müəllifin yaxından tanıdığı görkəmli elm və mədəniyyət xadimləri haqqında qiymətli qeydlər öz əksini tapmışdır.Mənim haqqımda da kitabda bəzi qeydlər var və fürsətdən istifadə edib bu yazı vasitəsilə hörmətli yazarımıza dərin təşəkkürlərimi bildirirəm.Və əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, bu kitab Yaşar Rzayevi tanımaq istəyənlər üçün bir növ bələdçi rolunu oynayır. Burada o, həm vəzifə pillələrində qətiyyətli bir rəhbər, həm də dəniz sahilində doğulan, ana həsrəti və vətən sevgisi ilə dolu həssas bir qəlbli yazıçı kimi görünür.
Yaşar Rzayevin əsərlərinin əsas əhəmiyyəti onların ziyalı səmimiyyəti üzərində qurulmasındadır. O, istər bədii nəsrində, istər elmi işində, istərsə də xatirələrində hər zaman insan amilini, doğruluğu və vətən sevgisini ön plana çəkir. Bu yaradıcılıq yolu gənc yazıçılar üçün həm dilin rəvanlığı, həm də mövzuya vicdanlı yanaşma baxımından əsl örnəkdir. Onun nəsri bir həyat dərsliyi kimidir. O, qəhrəmanlarını ideallaşdırmır, onları bütün ziddiyyətləri, sevincləri və kədərləri ilə təsvir edir. Yaşar müəllimin dilindəki o rəvanlıq, doğma yurdu Lənkəranın şirin ləhcəsindən süzülüb gələn o xalq ruhu, onun yazılarını oxunaqlı edən əsas amildir. O, yazmır, sanki bir ağsaqqal müdrikliyi ilə həyatın bizə demək istədiklərini kağıza köçürür. 85 yaşın ucalığından baxanda o sətirlər bu gün daha çox məna kəsb edir, çünki bu mətni yazan qələmin arxasında ləkəsiz bir ömür dayanır.
Yaşar Rzayev təkcə bədii nəsr yazmaq yaratmaqla yanaşı, həm də ədəbiyyatın fəlsəfəsini dərindən bilir. Filologiya üzrə fəlsəfə doktoru kimi onun tədqiqat obyekti təsadüfi seçilməmişdi: 1960–1980-ci illər ədəbiyyatında milli azadlıq ideyaları. O, hələ sovet senzurasının hökm sürdüyü illərdə ədəbiyyatımızdakı o gizli üsyanı, milli kimlik axtarışlarını duyur və elmi müstəvidə müdafiə edirdi. Bu elmi bazası onun bədii yaradıcılığına da bir təmkinlik, dərinlik və tarixi uzaqgörənlik qatmışdır. “Milli azadlıq şüuru və 60-80-ci illər Azərbaycan ədəbiyyatı” elmi- tədqiqat əsəri Yaşar Rzayevin bir alim kimi ədəbiyyatşünaslıq elminə verdiyi ən böyük töhfədir.Bu tədqiqat ədəbiyyatın xalqın azadlıq ideallarına necə xidmət etdiyini elmi metodologiya ilə izah edir. O, ədəbi mətnlərdəki gizli alt qatları və milli kimlik axtarışlarını üzə çıxarmaqla müasir tənqidçilik məktəbinə yeni baxış gətirmişdir.
Bu gün Yaşar Rzayev 85 yaşını bir canlı əfsanə kimi, xalqın sevgisi ilə əhatə olunmuş şəkildə qarşılayır. Onun irsi təkcə kitab rəflərində deyil, həm də müstəqil Azərbaycanın bünövrə daşlarındadır.Bu yubiley bizə bir neçə mühüm gerçəyi xatırladır -bir ömür boyu seçdiyi yola, dövlətinə və qələminə xəyanət etməmək, 85 yaşda belə sözün enerjisini itirməmək, hələ də yeni fikir və mülahizələrlə gənc nəslə örnək olmaq və sözü çəkisi ilə demək, hər addımı ilə nümunə olmaq.
Yaşar Rzayev bizə sübut etdi ki, həm yüksək kürsülərdə oturub xalqa xidmət etmək, həm də ağ kağız qarşısında oturub vicdanın səsi ilə yazmaq mümkündür. O, zamanın sınağından keçmiş həqiqi ziyalı obrazıdır.
85-ci baharınız mübarək olsun, dəyərli Yaşar müəllim! Sizin ucaltdığınız mənəviyyat zirvəsi, qələminizdən süzülən hikmət ziyası hər zaman yolumuzu aydınlatsın. Sağlamlıq və yeni yaradıcılıq uğurları Sizinlə olsun!

XATİRƏ XATUN ( şair -publisist, AYB və AJB üzvü, ,,Qızıl Qələm” mükafatı laureatı)
6 aprel 2026-cı il, LƏNKƏRAN

Share: