Zərdüşt Əlizadə “Qafqaz xalqları” deyəndə kimləri nəzərdə tutur? Çünki Azərbaycan türklənin böyük əksəriyyəti yerli Qafqaz xalqıdır. Ən qədim dövrlərdən, Albaniya dövlətinin ərazisində yaşayan və antik mənbələrdə adı keçən 26 etnos və ya tayfanın çoxu türk idi. Bu barədə ciddi dəlil-sübutla yazılmış kitablar var. Zərdüşt Əlizadə bundan xəbərsiz olmaz.
Müstəqil.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Zərdüşt Əlizadənin azərbaycanlıların 80 faizinin türklərlə heç bir əlaqəsinin olmadığı və “yerli Qafqaz xalqı” haqda iddiası haqda Bakupost.az-a açıqlamasında qeyd edib.
“Məncə o, atası, hörmətli alimimiz Mübariz Əlizadənin dilimizə çevirdiyi “Şahnamə”ni də vərəqləmiş olar. O əsərin müəllifi Firdovsi fars millətçisi olsa da, 2600 il öncə bu bölgədə türklərlə farsların yanaşı və ara verməyən savaş içində yaşadıqlarını yazıb. Bədii əsər olsa da, buradakı türk mövcudluğunu inkar etməyib. Bunu min il öncə yaşamış Firdovsi bacarmayıbsa, ondan min il sonra yaşayan Zərdüşt Əlizadə necə bacaracaq?
Zərdüşt Əlizadə ağılsız adam deyil. O zaman 20% gəlmə türkün 80% türk olmayan əhalini türkləşdirməsini hansı ağılla deyir? Ölkəmizdə bu genetik araşdırmasını nə vaxt aparıb? Erməni alimləri də onun kimi düşünür və yazırlar. İndi biz Zərdüştü onlardan necə ayıraq? Genetik test aparılsa, Zərdüşt bəyi yerli-dibli itirəcəyimizdən ehtiyat edirəm. Haqqımızda böhtan yazan az idi, biri də aramızda dolaşır… Məncə, Zərdüşt Əlizadə özünün kimliyi ilə maraqlanmalıdır. Xalqla işi olmasın”, – o bildirib.
Qeyd edək ki, Zərdüşt Əlizadənin bir müddət öncə verdiyi müsahibədə səsləndirdiyi fikirlər sosial şəbəkədə yenidən gündəmə gətirilib. O deyib ki, azərbaycanlıların 80 faizinin türklərlə heç bir əlaqəsi yoxdur – onlar yerli Qafqaz xalqıdır. Zərdüşt Əlizadə azərbaycanlıların üz quruluşunun da türklərə xas olmadığını əlavə edib.






















