“Basqa yaz, bahar gələcək,
Yağış yağıb, qar gələcək,”
Dünya bir gün dar gələcək,
Səndən bir də olmayacaq!
Desəm ki, bir ünlü eloğlum kimi nə vaxtsa hansısa bir problemimin həllində vasitəçi olub, səhv danışaram. Desəm ki, nə vaxtsa xeyir-şərimdə iştirak edib, yenə də səhvə yol verərəm. Necə deyərlər, nə istisində qızınmışam, nə də soyuğunda donmuşam. Amma, ata yurdum Yardımlıya olan məhəbbətimdə bütün yurddaşlarım kimi, onun da payı var. Necə ki, Sabir Rüstəmxanlını, Mirmahmud Mirəlioğlunu və yüz minlərlə həmyerlimi özümə doğma bilirəm, o da mənə doğmadır. Necə deyərlər, bədənimin bütün üzvüləri kimi mənimdir, hər hansı biri zədələnsə, öz funksiyasını itirsə canım ağrıyar, günüm qara olar…
Bəli, Mir Şahin Ağayevin də el-oba təəssübkeşliyimdə, doğma Yardımlıya, ata-baba yurduma vəfa borcumda öz payı var. Kim onu necə tanıyır, necə qələmə verir özü bilər. Mənim üçün Mir Şahin Ağayev dədə-babasını tanıdığım, nəslinə-nəcabətinə bələd olduğum bir eloğludur. Noyabrın 12-si onun 62 yaşı tamam olur. Əlimə düşən, nə vaxtsa qələmə aldığı bu şeiri ilə onu təbrik edir, uzun ömür arzulayıram. Və deyirəm ki, bədxahları nə qədər olsa da, onun adını müstəqil telejurnalistika tariximizdən silə bilməyəcəklər…

Yerləşmə
(Anti təlqin)
Gəldim çatdım…
Yerləşirəm, narahat olma!
Düzdü, bir az darısqaldır
Bir az soyuqdu
Amma burda bundan geniş,
bundan işıqlı, bundan isti
Bundan rahat otaq da yoxdu!
Burda təkəm, uzanmışam, dincəlir canım
Qarışqalar yem axtarır bəbəklərimdə…
Yatıb nəbzim, durub qəlbim, dincəlir qanım.
Səsi gəlmir vəd olunan mələklərin də…
Hanı bunun odu, suyu, alma bağları?!
Uşaqların ruhlarından doğulan quşlar?!
Bir az qumdu, bir az torpaq buranın varı,
Bir də başım üstündəki laybalay daşlar…
Niyə belə qəfil düşdü yağış mövsümü?
Qorunmağa balaca bir çətir də yoxdu.
Bu nə idi, çürüyürəm, yoxsa leş kimi?
Tərs kimi də üstümdə heç ətir də yoxdu…
Belə qonaq evi olar? Bəsdi sən Allah!
Gör qar basınca otağımın damı sökülür…
Həşəratlar dabanımı qıdıqladıqca,
Gülmək tutur,
Uğunmaqdan ətim tökülür…
Bədənimi tükmü basıb?
Bəs niyə yaşıl?
Bərbər əli gəzən yerdə quzu dişləri
Suvarırlar, becərirlər sonra yeyirlər
Buranın da varmış demə əcəb işləri?..
Hə beləcə yer üzündən uzaqlaşıram,
Bir az otda, bir az suda donuram yenə,
Yavaş-yavaş əriyirəm, torpaqlaşıram,
Yerləşirəm asta-asta dönürəm yerə…
Hörmətlə, Elman Eldaroğlu
















