Məşhur alman psixiatrı Emil Krepelin deyib ki: “Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır.” Napoleon Bonapart isə: “Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür. Birincisi bərbəzək, ikincisi isə xəzinədir.”- söyləyib.
Bəlkə də dünyanı qadınlar idarə etsəydilər, indi hər bir ölkədə sülh, əminamanlıq, tərəqqi olardı və hamı firəvan yaşayardı…
Deyir ki: “Boynuma alıram, çox eqoist adamam, təvazökar deyiləm. Diqqəti, nəvazişi, qayğını xoşlayıram. Elə istəyirəm ki, həmişə diqqət mərkəzində olum. Onun üçün də sevirəm də ad günümü. İnsanlar təbrik etdikcə çox sevinirəm. Kimsə deyirsə, utanıram, nə bilim ad günümdən zəhləm gedir, mənə qocaldığımı yadıma salır, özü bilər. Amma mən deyirəm ki, qocalmırıq, ucalırıq və nə yaxşı ki, Tanrı bizi yaşadır, möhlət verir…”
O da mənim kimi Sumqayıtın yetirməsidir. Eyni şəhərdə böyüyüb ərsəyə çatmışıq. Adını tez-tez eşitsəm də, həyatda çox nadir hallarda üz-üzə gəlmişik. Qırx ildən çox şəhərin maliyyə idarəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusudur. Xidmətləri dəfələrlə dövlətimiz tərəfindən mükafatlandırılıb. Şəhərin ictimai-siyasi həyatında tanınan, özünəməxsus yeri , nüfuzu olan xanımlardan biridir…
“Hər bir qadın üçün siyasi fəaliyyətdən, vəzifədən öndə ailəsi durur. Əgər mənim ailəm, həyat yoldaşım arxamda durmasaydı, iki dəfə deputatlığa namizəd ola bilərdimmi? Pərdəarxasında ailənin qüvvəsini hiss etmək siyasətdə olan bir qadın üçün çox böyük qürurdur.”- söyləyir.
Adı qəribədir- İndira. Bu adı ona atası Hindistanın keçmiş baş naziri, məşhur İndira Qandinin şərəfinə qoyub. O da bu adla tanınıb, bu adla məşhurlaşıb. Şəhərdə çox az adam tapılar ki, onu tanımasın…
Deyir ki:- “1982-ci ilin 16 mart tarixindən etibarən dövlət qulluğunda çalışıram. Həmkarlarımdan mənə işi öyrədən, kömək edənlər çox olub. İlk yoxlamam hələ də yadımdadır. Getdim yoxlamaya, bir kişi müfəttiş vərəqə baxıb nəsə yazırdı, mən baxıb heç nə anlamırdım. Buna görə ağladım da və həmin vaxt müffəttiş Süleyman müəllim mənə dedi ki, hələ çox şeylər görəcəksən, darıxma, təlimatları oxu! Daha sonra elə oldu ki, mən hər vərəqi açanda orada bir fakt gördüm, artıq şəhərin bütün idarə və təşkilatlarında tanınmağa başladım, hamı deyirdi ki, müfəttiş İndira gəlib. İşlədiyim bu illər ərzində çox çətinliklər görmüşəm. Adını çəkməyəcəm, bir dəfə böyük bir müəssisəyə təftişə getmişdim. Yanacaq sürtkü materiallarını yoxlayırdım, gördüm ki, qarajda yeyinti var. Bunu qaralamaya yazıb qapıdan çıxmaq istəyirdim ki, mənə təzyiq göstərib, incitdilər. Təbii ki, çox qorxdum. Gəlib xəstəliklə bağlı üç günlük bülleten götürdüm, amma əlbəttə ki, qeydlərimi rəhbərimə çatdırdım. Akt tərtib olundu və həmin şəxslər cəzalandırıldı. Yadımdadır ki, bir müəssisəyə yoxlamaya getmişdim, şirkətin rəhbəri xaricdə səfərdə idi. Baxdım ki, sənədlərində çatışmamazlıq var. Baş mühasibə çatışmamazlıqları yazıb verdim. Ola bilər ki, səhv eləmişəm, amma mənim əsas amalım və düşüncəm o idi ki, müfəttiş başkəsən deyil, səhvləri göstərmək və izah etmək üçündür. Çünki yeyinti başqa şeydir, mexaniki səhvlər başqa. Bəlkə də bu gün mənim ailəmin – qalamın xoşbəxtliyi Tanrıdan aldığım xeyir-duanın sayəsindədir…”
Mehriban, gülərüz, səmimi xanımdır. Yüksək mədəniyyəti, intellekti, davranışı ilə fərqlənir. Özünə hörmət etməyi, ətrafdakılara sayğı ilə yanaşmağı, dəyər verməyi bacarır. İctimai fəallığı, işgüzarlığı ilə həmişə seçilib. Elə buna görə də təkcə Sumqayıtda deyil, ölkə miqyasında tanınır. Hər zaman rəsmiyyətdən, təkəbbürdən uzaq olub. Bir sözlə, haqqında söhbət açdığım İndira Şəmsivari gözəl olduğu qədər müdrik ana, sədaqətli rəfiqə, mehriban iş yoldaşı, diqqətə layiq xanımdır. “Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir.” – Bunu isə fransız yazıçısı Volter söyləyib…
…Yanvarın 15-i İndira xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Hörmətlə, Elman Eldaroğlu






















