Əlizadə NURİ: Gecənin gözündən yuxu tökülür Yatsa, girəcəyik yuxusuna biz…

Əlizadə NURİ: Gecənin gözündən yuxu tökülür Yatsa, girəcəyik yuxusuna biz…

Bu bahar gecəsi, bu yağış ətri

Gecənin gözündən yuxu tökülür,
Yarpaqlar diksinir külək səsinə.
Bahar ikimizi qonaq çağırıb-
Gəl gedək, oturaq gül süfrəsinə.
.
Sənin paltarını geyinib gecə-
Ay sənin sinənin açıq yeridi.
Ulduzlar səmada közə oxşayır-
Göy üzü elə bil ocaq yeridi.
.
Məndən yağış ətri, səndən gül ətri,
Bələndik eşqin də qoxusuna biz.
Gecənin gözündən yuxu tökülür
Yatsa, girəcəyik yuxusuna biz…

Mən bir az qürbət kimiyəm…

Mən bir az şəhər kimiyəm,
İçim bir az tünlükdü.
Bir həyat yaşayır məndə
O da beş-on günlükdü.
.
Mən bir Əbabil quşu kimiyəm-
Yer mənim yerim deyil.
Əgər Allahı varsa,
Heç kimsə yetim deyil.
.
Mən bir az qürbət kimiyəm,
Məndə yay fəsli olmur.
Hər yanan Kərəm deyil
Yandıran Əsli olmur.
.
Mən bir az payız kimiyəm-
Mənə yağışlar gəlir,
Məndən yarpaqlar gedir.
Ölən tarzən kimiyəm,
.Arxamca da tar gedir…
ı
Mən bir az torpaq kimiyəm,
Canıma dərd əkmisən,
Başqa adım tarladı.
…Mən bir az ümid kimiyəm
İşim kasıblarladı…

Sevgi məktubu

Bütün dillərdə sevdim səni-
bütün dünya bildi
səni sevdiyimi.
Bütün dillərdə sevdim ki
Dillər də sevsin səni.
Sevgi allahın dilidi,
ayrılıq şeytanın.
Sevgi bir az da dərddi,
bu dərddən qorxmaq nədi
Allah təsəlli versə!
Ölsə sevgi kəlməsi
Bütün dillər yetim qalar.
Ürəyim poçt qutusudu-
Sevgi məktubuyla dolu.
Mən də sevgi məktubuyam-
göndərim, oxu məni.
…Bütün sevgilərin üstü gün işığıdı
Altı kölgəlik.
Sevgilər üst qatdı
ayrılıq- soyuq zirzəmi.
…Bütün dillərdə sevdim səni-
heç bir dildə unutmadım…
Share: