Əldə olunan uğur, qarşıda duran məsuliyyət

Əldə olunan uğur, qarşıda duran məsuliyyət

AHİK – 33 il

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaranmasının 33-cü ildönümünü qeyd edib. Bu əlamətdar tarix münasibətilə Konfederasiyanın rəhbərliyini, struktur təşkilatlarını və çoxsaylı üzvlərini ürəkdən təbrik edir, möhkəm birlik, davamlı inkişaf və yeni uğurlar arzulayıram.

33 il – bir qərinə, bir nəslin formalaşma mərhələsi, əsrin üçdə biri deməkdir. Bu müddət ərzində həmkarlar ittifaqları ölkənin sosial-iqtisadi həyatında mühüm ictimai təşkilat kimi formalaşıb. Əmək münasibətlərinin tənzimlənməsində, sosial tərəfdaşlığın inkişafında və işçilərin hüquqlarının müdafiəsində müəyyən rol oynayıb. Bu yol həmrəyliyin, məsuliyyətin və əməyə verilən dəyərin ifadəsi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, yubiley təkcə təbrik deyil, həm də hesabat və düşüncə anıdır. 33 il kifayət qədər ciddi tarixdir ki, görülən işlərə obyektiv qiymət verilsin, mövcud çatışmazlıqlar açıq şəkildə etiraf olunsun və gələcək üçün daha aydın istiqamət müəyyənləşdirilsin.
Bu gün həmkarlar ittifaqlarının üzvlərinin ən böyük hissəsi təhsil sektorunda cəmləşib. Minlərlə müəllim və təhsil işçisi hər gün əmək yükü, sosial təminat, əməkhaqqı, iş şəraiti və digər məsələlərlə bağlı çətinliklərlə üzləşir. Belə bir reallıq fonunda informasiya siyasətində prioritetlərin düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Ölkədə təxminən 325 minə yaxın təhsil işçisi fəaliyyət göstərir. Bu rəqəm həm pedaqoji heyəti, həm də inzibati və texniki personalı əhatə edən geniş sosial təbəqəni ifadə edir. Bu miqyas fonunda bir ay ərzində 700 nəfərin iki günlük ekskursiyaya göndərilməsi ümumi sayın təxminən 0,2 faizi deməkdir. Yəni hər min nəfərdən cəmi iki nəfər.
Statistik baxımdan bu təşəbbüs genişmiqyaslı sosial proqram deyil, məhdud iştiraklı tədbir kimi qiymətləndirilə bilər. Ona görə də belə bir addımın yüksək pafosla təqdim olunması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Problem ekskursiyanın özündə deyil. İstirahət və motivasiya tədbirləri sosial fəaliyyətin təbii tərkib hissəsidir. Problem onun təqdimat formasındadır.
Bəzən yayılan məlumatlar gözlənilən müsbət effekti vermir. Xalq arasında deyilən “qaş düzəldən yerdə göz çıxarmaq” ifadəsi məhz belə halları təsvir edir. Bir ay ərzində 700 nəfərin respublikanın müxtəlif bölgələrinə iki günlük ekskursiyaya göndərilməsinin böyük uğur kimi təqdim olunması, xüsusilə real və sistemli problemlərin fonunda yetərli görünmür.
Şübhəsiz ki, ekskursiyalar və istirahət tədbirləri sosial fəaliyyətin bir hissəsidir və motivasiya baxımından əhəmiyyətlidir. Lakin həmkarlar ittifaqının əsas missiyası bununla məhdudlaşmır. Üzvlərin əsas gözləntiləri aşağıdakılardır:
əmək hüquqlarının prinsipial və ardıcıl müdafiəsi;
əməkhaqqının artırılması və ya indeksasiya mexanizmləri ilə bağlı təşəbbüslər;
iş yükünün ədalətli tənzimlənməsi;
sosial təminat və güzəştlərin genişləndirilməsi;
iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması;
üzvlərlə açıq, davamlı və canlı dialoq;
vəsaitlərin xərclənməsində şəffaflıq və hesabatlılıq.
Müasir dövrdə əmək bazarı dəyişir, yeni məşğulluq formaları yaranır, gənc nəsil fərqli gözləntilərlə formalaşır. Bu baxımdan həmkarlar ittifaqları da fəaliyyət modelini yeniləməlidir. Rəqəmsal kommunikasiya imkanları genişləndirilməli, operativ hüquqi məsləhət mexanizmləri formalaşdırılmalı, regionlarda real problemlər yerində öyrənilməli və çevik reaksiya mexanizmləri tətbiq edilməlidir. Gənclərin ittifaq fəaliyyətinə cəlbi və yeni liderlərin hazırlanması da prioritet istiqamətlərdən biri olmalıdır.
Yubiley yalnız keçmişə nəzər salmaq deyil, həm də gələcəyə baxış nöqtəsidir. 33 illik təcrübə artıq müəyyən institusional baza formalaşdırıb. İndi əsas məsələ bu bazanı formal tədbirlərlə deyil, real nəticələrlə möhkəmləndirməkdir. Həmkarlar ittifaqları ekskursiya təşkilatçısı kimi deyil, əmək insanının hüquqlarını müdafiə edən, sosial ədalətin təminində prinsipial mövqe nümayiş etdirən güclü ictimai qurum kimi qəbul olunmalıdır.
Bu əlamətdar tarix münasibətilə bir daha Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını təbrik edir, qarşıdakı illərdə daha çox real nəticələrə, daha yüksək etimada və daha güclü sosial ədalətə xidmət edən fəaliyyət arzulayıram.
33 illik yol həm əldə olunan uğurların, həm də qarşıda duran böyük məsuliyyətin simvoludur.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: