Müğənni sayılan Təranə Qumral və Musa Musayevin müğənnilik edən qızları Qumral qonaq olduğu “Rəngarəng” verilişində sənətkarlıqdan danışarkən belə deyib: “Mən demədim ki, indi sənətkaram. Ancaq bir neçə ildən sonra olacağam. Hazırda 37 yaşım var. 50 yaşımda sənətkar olacağam”.
P.S. Ay Qumral xanım, Allah səni saxlasın. 37 yaşa qədər sənətkar olmamısansa, bundan sonra da ola bilməyəcəksən. Sənətkarlıq insanla bir yerdə doğulur. Bu isə, özün də etiraf edirsən ki, indiyə qədər səndə olmayıb. Necə ki, sənin müğənni atan və anan 60 yaşı haqlayıblar, amma hələ də sənətkar ola bilməyiblər. Sən də 40 yaşını daha haqlamısan. Amma ortada hələ sənət deyilən bir şey yoxdur. 40-da öyrənməyin məsələsini də özün bilirsən də.
***

Müğənni Röya Ayxan “Pərvizə görə” proqramında Aygün Kazımova ilə aralarında olan küsülülükdən danışarkən belə deyib: “Aygün Kazımova ilə aramızı elə maqazin verilişləri vurdu. O vaxtlar çıxıb demişəm ki, 40 yaşın var, sənin vaxtın gedib. İndi özümün 45 yaşım var. Həmin söz yadıma düşəndə ölürəm. Deyirəm, nə axmaq adam olmuşam”.
P.S. Əgər Röya axmaq olmağını 45 yaşında dərk edibsə, yenə min şükür. Bəs, görəsən Röya sosial şəbəkələrdə olan açıq-saçıq, lüt video və şəkillərinin varlığının axmaqlıq olmasını nə vaxt dərk edəcək? Axı, onun indi Ali məktəbə daxil olan böyük oğlu var. 45 yaşında da bu axmaqlığı dərk edə bilmirsə, onda məşhur atalar sözü yada düşür: “40-da öyrənən, gorunda çalar”.
***
Yeni il başlayan kimi dünya şoka düşdü. 30 milyon əhalisi olan Venesuelanın prezidenti Nikola Maduro və xanımı evdə yatdıqları yerdən ABŞ-ın xüsusi təyinatlıları tərəfindən oğurlanaraq, Amerika həbsxanasına aparılıb.
P.S. Pah atonnan ə… İşə bax e, mən ölüm. İndi bu İranın dini liderini necə sakitləşdirə bilərik? Trampın da Allah xasiyyətini kəssin. Aparırsan gəl apar də bunu. Özünün də canı dincəlsin, İran xalqının da.
***
Məlum olduğu kimi, ötən ilin noyabrın 12-də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilən gənc kadr Elxan İbrahimov 47 gündən sonra vəzifəsindən qovulub. Bundan əvvəl isə, E.İbrahimov 3 il 9 ay Kürdəmir RİH-in başçısı işləyib. Məlumatlara görə, E.İbrahimov Nəsimi rayonu ərazisində fəaliyyət göstərən iş adamlarından külli miqdarda pul və icra hakimiyyətinin əksər işçilərindən işdən çıxma haqqında könüllü ərizə yazmağı tələb etdiyinə görə, hakimiyyətinin ömrü 47 gün çəkib.
P.S. Bu da sənə gənc kadr. Sonra da deyirlər gənc kadrlara meydan verilmir. Görünür bu gənc kadr Kürdəmirdə yığdığı pullarla sandığı tam doldura bilməyib. İstəyib ki, Nəsimi rayonunda sandığı tamam doldursun və ağzını bağlayıb, üstündə rahat otursun. Qoydular ki... Bu dəfə şahlığı cəmi 47 gün çəkdi və sandıq yenə yarımçıq qaldı. Deyirəm, gənc olasan, özün də belə iştahlı? Deyilənə görə, rus və ingilis dillərini yaxşı bilirmiş. Amma bu da köməyinə çatmayıb. Əsas xalqın dilini bilməkdir, ay Elxan müəllim, xalqın. Xalqın dilini bilməyəndə isə, adamı iti qovan kimi qovurlar. Necə ki, səni qovdular, ay Elxan müəllim.
***
Məlumatlara görə, 2017-ci ildən bəri kərə yağına 5 faiz tədbiq olunan idxal rüsumu, bu ildən 15 faizə qaldırılır. Deməli, kərə yağı babat bahalaşacaq.
P.S. Gözümüz aydın olsun. Kərə yağı yeməkdən də imtina etməli olacağıq. Qadasın alaram, ürək damarlarını tromp edən və bununla da ürək-damar xəstəliklərini çoxaldan keyfiyyətsiz, saxta kərə və sintetik duru yağların. Maraqlıdır, elə bir ucdan eşidirik ki, filan məhsulun qiyməti qalxacaq və qalxır da. Görəsən, Tarif Şurası elə əlinə düşən hər şeyi qaldırmaqla məşğuldur? Bu zəhrimar qiymətin heç ölüb, aşağı düşən vaxtı olmur?
***
Çeçenistan prezidentinin köməkçisi və Təhlükəsizlik Şurasının katibi Ramzan Kadırovun 19 yaşlı oğlu Adam Kadırov başından böyük danışmağıyla gündəmə gəlib. V.Zelenski barədə danışarkən bu belə deyib: “Əgər Ali Ali Baş Komandan Vladimir Vladimroviç Putin və ya atam bir fətva versə, biz səni istənilən yerdə tapacağıq. Heç bir əməliyyat elan edilməyəcək. Biz, sadəcə, gələcəyik və səni aparacağıq”.
P.S. Heyranına şükr, ya Rəbbim. Burnu fırtıqlı bir uşağın “xox” gəlməyinə bax e, mən ölüm. Evin yıxılsın, ay Zelenski, üstünə İrasim gəleer. Deyilənə görə, bu sözləri eşidən V.Zelenski qorxudan sarılıq xəstəliyinə tutulub. Adama deyərlər, a gədə, hər zaman Zelenski barədə səndən də betər basıb-bağlayan dədən indiyə qədər heç nə edə bilməyib. Əksinə, Zelenski artıq bir neçə dəfə Çeçenistanın neçə-neçə strateji əhəmiyyətli obyektini vurub, dağıdıb. Amma Zelenskini asıb-kəsən dədən Ramzan Kadırov heç “mık” eləyə bilməyib.
***
Xəbər verilir ki, “A taksi” MMC adlı yerli taksi şirkəti iflasa uğrayaraq,fəaliyyətini dayandırdı.
P.S. Deyəsən, İqtisadiyyat naziri Mikayıl Cabbarov and içib ki, Azərbaycanda bir dənə də olsun, yerli taksi şirkətini işləməyə qoymayacaq. Halaldır, mən ölüm.
***

Əməkdar artist xanəndə sayılan Nigar Şabanova “Tarixin bir günü” verilişində ailə-uşaq haqqında danışarkən belə deyib: “Ailə qurmadan da uşaq sahibi olmaq mümkündür”. Xanəndə bu sözlərinə görə sosial şəbəkələrdə babat tənqid atəşinə tuş gəlib.
P.S. Çox nahaq! Burada qəribə nə var ki? Belə məsələlərdə biz artıq Avropanı ötüb keçmişik. Ona görə də Masallıda yaşayan şair İlham Dadaşov haqlı olaraq belə yazıb:
“Ar-namus dəbdə deyil, indi biz avropalıyıq,
Rədd eləyib paltarı, lüt bədənə baxmalıyıq.
Məcramızı dəyişib, Qərbə tərəf axmalıyıq…”
İndi biz də Qərbə tərəf axırıq dayna. Bu səbəbdən də ötən il müğənni sayılan Ülviyyə Namazova efirlərin birindən bildirmişdi ki, “ailəli kişidən uşaq dünyaya gətirmişəm”. Müğənni sayılan Sevinc Ağaşirinova isə deyirdi ki, “həyatımda olan kişi getməlidir ki, görüm növbəti kim gəlir” və s. Belə olan surətdə abır-həyanı, ar-namusu, vicdanı, şərəfi, mənliyi zibil qutusuna atıb, ailə qurmadan da, nə qədər desən uşaq dünyaya gətirmək olar. Artıq efirlərimiz müxtəlif… xanalara dönüb. Ona görə də Nigar Şabanovanı qınamağa dəyməz, ətövbə.
***

“Qoşa çinarlar” mahnısının söz və musiqi müəllifi olan İsrail Məmmədov bu mahnını oxuyan Ülviyə Namazovanın haqqında efirlərin birində söylədiyi sərt sözlərlə gündəmə gəlib. Belə ki, İsrail bəy Ülviyyə xanımın ünvanına “tərbiyəsiz”, “pis qız” kimi ifadələr səsləndirib.
P.S. Bir müğənni xanım üçün çox ağır ifadələrdir. Bəs görəsən, İsrail bəyi belə kəskin ifadələr işlətməyə nə məcbur edib? Bəlkə, Ülviyyə xanımın ötən il efirlərin birində dediyi “ailəli kişidən uşaq dünyaya gətirmişəm” fikirlərinə görə ona “tərbiyəsiz”, “pis qız” – deyir? Mənim fikrimcə Ülviyyə xanımın bu etirafında heç bir tərbiyəsizlik yoxdur. Necə deyərlər, sevgi azaddır. İndi Ülviyyə xanım da azad sevgi nəticəsində bir evli kişiyə vurulubsa və ondan uşaq dünyaya gətiribsə, burada qəbahət olan nədir axı? Ülviyyə xanım kişi qızı kimi bunu özü də, mərdi-mərdanə etiraf edir dəə… gizlətmir ki. Bəs onda İsrail bəy Ülviyyə Namazovaya niyə “tərbiyəsiz”, “pis qız” – deməlidir? Nə deyim, vallah? Qalmışam mat-məəttəl ki, gül kimi abırlı, həyalı, namuslu bir xanımın ünvanına niyə belə desin axı? Əşi, bu İsrail Məmmədov heç yaxşı hərəkət eləməyib, mən ölüm.
Elçin MƏMMƏDLİ
(Təzadlar)






















