11 sentyabr 1950-ci il…
O gün dünyaya bir qız övladı gəldi. Valideynləri bu körpəyə ümid dolu, mənalı bir ad verdilər – Solmaz. Adı kimi ömrü də solmayan, əksinə daim yaşıl, daim təravətli, daim ümidverici bir çiçək oldu. Solmaz adı həm gözəlliyin, həm də davamlılığın rəmzi kimi bu gün də ona yaraşır.
Uşaqlıq illərimdə mənim üçün bir ulduz vardı – uzaqdan parlayan, amma qürur mənbəyi olan bir ulduz. O ulduz Solmaz xanım idi. Onun ayaq basdığı “Taxılçı” qəzetinin redaksiyası, sonralar isə “Yeni Gün” qəzetindəki fəaliyyətləri mənə əlçatmaz görünürdü. Amma uzaqdan-uzağa onun uğurlarını izləyir, fədakar əməyinə sevinir, qəlbimdə iftixar duyurdum. O, yalnız Cəlilabad rayonunun deyil, bütöv bölgəmizin ilk qadın jurnalisti idi. Bu adı daşımaq, cəsarətlə söz meydanına çıxmaq, həqiqətin səsi olmaq hər xanımın işi deyildi.
Bu gün isə həyatın gətirdiyi xoş təsadüflərə minnətdaram. Bir zamanlar mənim üçün əlçatmaz olan Solmaz xanım bu gün dostluq çevrəmin ən doğma insanlarından biridir. Onunla səmimi ünsiyyət qurmaq, söhbətindən zövq almaq, müdrik məsləhətlərini dinləmək mənim üçün böyük bir xoşbəxtlikdir.
Solmaz xanım, Siz bu gün ömrünüzün 75-ci baharına qədəm qoyursunuz. Bu rəqəm sadəcə bir yaş göstəricisi deyil, əslində, yarım əsrdən artıq şərəfli həyat yolunun, mübarizəli yaradıcılığın, fədakar əməyin simvoludur. Siz yüz yaşayın demirəm, çünki hər kəsin ömrü Tanrıdan gələn bir bəxşdir. Mən sizə arzu edirəm ki, Yaradanın sizə qismət etdiyi ömrü həmişə istədiyiniz kimi, arzularınıza uyğun, sevə-sevə yaşayasınız və yaradasınız.
Həyat yolunuz kimi qələminiz də daim işıqlı olub. Qələm əlinizdə silah, sözünüz isə həqiqətin carçısı olub. Gözəl insan, mübariz xanım, mərhəmətli dost, sevilən jurnalist – bütün bu adlar sizə yaraşır.
75 illik yubileyiniz, həm də dördüncü kitabınızın işıq üzü görüb sizə təqdim olunması münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizə sağlamlıq, firavan ömür, yaradıcılıq uğurları, övlad və nəvələrinizlə xoşbəxt günlər arzulayıram. Qoy ömrünüzün hər səhəri işıqlı, hər günü bərəkətli olsun.
Çünki siz – Solmazsınız.
Həyatın sərt küləklərində sınmayan,
İllərin tozuna boyun əyməyən,
Hər mövsümdə təravətli qalan bir çiçək,
Hər ürəyə işıq saçan bir insan…
Ən xoş arzularla:
✍Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlilçi və tənqidçi. Şair.
11.09.2025
















