Bu günlərdə Odlar Yurdu Azərbaycanın ayrılmaz hissəsi olan Muğan ellərinin dəyərli və fədakar eloğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri, arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər Mirzəzadənin doğum günü, eyni halda 70 illik yubleyi qeyd edilir. Bununla bağlı dəyərli Ələsgər müəllimin haqqında onu tanımayanlara tanıtım məqsədi ilə bu yazını qələmə almağa qərar verdim…
Qısa bioqrafik məlumat:
Ələsgər Ağahəsən oğlu Mirzəzadə: 1956-cı il aprelin 1-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuşdur. 1971-ci ildə VIII sinfi əla qiymətlərlə bitirərək, imtahansız Lənkəran Dövlət Pedaqoji Texnikumuna daxil olmuş və 1975-ci ildə, ixtisasina uyğun olaraq (sinif müəllimi) əmək fəaliyyətinə başlamışdır.
1976-1978-ci illər ərzində Rusiyanın Primorye vilayətində (Ussuriysk, Vladivostok) hərbi xidmət keçmiş, 1975-ci ildə ixtisasına uyğun olaraq əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnistitutunun tarix fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin ali məktəbi bitirmişdir.
Ə.Mirzəzadə hal-hazırda Lənkəran Dövlət Universitetinin doktorantıdır. “Azərbaycanın cənub-şərq bölgəsinin təsərrüfat həyatı və məişəti (antik və ilk orta əsrlər dövrü)” adlı elmi iş üzərində çalışır. O, eyni halda ADPU Cəlilabad filialının baş müəllimidir. Tədris sahəsində nümunəvi fəaliyyəti və uğurlarına görə 2018-ci ildə Azərbaycan Təhsil İşçilərinin XV qurultayına nümayəndə seçilmişdir.
Yarım əsr boyu tədris sahəsində əməyi olan Ələsgər Mirzəzadə təhsil, elm və ictimai işlərdə bir ziyalı olaraq qazandığı uğurlara görə, indiyədək çoxsaylı fəxri fərman, təşəkkürnamə və fəxri diplomlarla təltif olunmuş, arxeologiya və Muğan ellərinin tarixinə təqdim etdiyi töhfələrə görə isə 01.04.2026 tarixində “Həməşəra” Fəxri Diplomuna layiq görülmüşdür.
Ələsgər müəllim pedaqoji fəaliyyəti ilə yanaşı, peşəkar arxeoloq və tarixçi-tədqiqatçı alim olaraq Odlar Yurdu Azərbaycanın Muğan ellərinin tarixini elmi şəkildə araşdırır və qədim tariximizlə bağlı maraqlı və qiymətli kolleksiyalar toplayır. Şəxsi evində təşkil etdiyi muzeydən əlavə, Azərbaycan tarixinin keçmişini əks etdirən bir çox nadir tapıntları (yüzlərlə eksponatı) Cəlilabad Rayon Tarix Diyarşünaslıq Muzeyinə təqdim etmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, Ələsgər müəllim Muğanin tarixi silsiləsinə daxil olan “Cəlilabad abidələr diyarı”, “Muğan: Maddi-mədəniyyət abidələri”, “Tarix və zaman”, “Vətən bizi unutmaz”, “Muğanın irsi Həməşəra xalçaları” və “Azərbaycanın cənub bölgəsinin tarixindən” adlı elmi-tədqiqat əsərlərinin, həmçinin, bir çox elmi-pedaqoji, publisist məqalələrin müəllifidir. Onun həm də gözəl şeir yazmaq bacarığı olduğundan asudə vaxtlarında müxtəlif mövzularda bir-birindən gözəl və mənalı şeirlər qələmə alır. Evlidir, dörd övladı (3 qızı, 1 oğlu) və 11 nəvəsi var…
Xüsusiyyətləri:
Mən Ələsgər müəllimi təxminən 10 ildir ki, tanıyıram. Onu hər zaman doğma elinə, milli kimliyi, xalqı, milli-mənəvi dəyərləri, vətəni və dövlətçiliyə sadiq olan bir ziyalı olaraq tanımış və görmüşəm. Bu sözlər 2-3 sətirdə təqdim edilsə də əslində bir ləyaqətli vətəndaşın və yaxşı insanın malik ola biləcəyi bütün dəyərləri özündə ehtiva edir.
O, tədris sahəsində yarım əsrlik əməyə malik olan bir vətənpərvər, ziyalı pedaqoq, eyni halda qədim tarixi və mədəniyyətinin vurğunu olan bacarıqlı arxeoloq, tarixçi-tədqiqatçı alimdir.
Ələsgər müəllim şagirdləri və tələbələrinə qədim və sirli tariximizi sevdirməyi bacaran bir müəllim, peşəkar ustaddır. Onun tədris metodunu yaxından izlədikdə, sanki ilk əzəldən tarix sahəsi üçün yaradıldığını təsbit etmək olar.
Ələsgər müəllimin Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Muğan ellərinin tarixinə təqdim etdiyi töhfələr də möhtəşəm və qiymətlidir. Bununla bağlı indiyədək tarixi araşdırmalar əsasında yazıb ərsəyə gətirdiyi əsərlər (kitab və məqalələr), həmçinin, hazırladığı xəritələr xüsusilə qeyd edilməlidir…
Dəyərli ustadimız arxeologiya və tarix sahəsindəki xidmətləri ilə əslində xalqımızın milli kimliyinin qorunub-saxlanılmasına ləyaqətli və təməlli şəkildə xidmət göstərir. Çünki tarix hər bir millətin milli kimliyinin əsas sahələrindən biri, eyni halda “Şəxsiyyət vəsiqəsi” sayılır…
Arzu və diləklər…
Son olaraq bu günlərdə bərəkətli ömrünün 70 illiyini qeyd edən dəyərlimiz Ələsgər müəllim Mirzəzadəyə Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni elmi nailiyyətlər arzulayıram!
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
10.04.2026






















