Həyat
yorğun bir cümlə kimidir –
sonu bir nöqtə ilə bitmir,
sükutla qapanır.
Həyat bir imtahandır,
amma suallar
bütün yaşamadlqlarımızdır.
Cavablar isə artıq gec olanda gəlir,
və bir gün anlayırsan :
Ümid –
insanın özünü aldada bilmə bacarığı imiş.
Həyat bizi xoşbəxt etmədi,
Sadəcə səssizləşdirdi.
İndi susuruq,
Çünki danışacaq gücümüz yox,
susacaq qədər dərdimiz var.
Həyat
yorğun bir nəfəs kimidir,
alınır…
amma içə dolmur.
Bir gün yenə anlayırsan :
həyat bizi itirmədi.
Biz özümüzü yolda qoyduq.
Sus,
Həyat eşitmir.
nəfəs alıram,
yaşamaq deyil bu.
İnsan yaşayır,
amma içində nəsə hər gün
bir az da ölür,
Heç kim dəfn etmir
o ölən hissləri,
onlar adamın içində qalır.
Zaman…
O,dərman deyil,
Sadəcə ağrının
adını dəyişir.
Sevdiklərimiz getmir əslində,
onlar bizim içimizdə tənha qalır.
O, tənha yerlərdən
İnsan ən çox
deyə bilmədiyi sözlərdən
qocalır.
Çiyinlərimizə çökmüş illər yox,
boğazımızda qalan cümlələrdir.
İnsan hər gün
bir az da özündən
imtina edir.
Güzgüdə gördüyü adam
dünənki deyil,
amma sabahkı da olmaq istəmir.
Gecələr uzundur,
çünki xatirələr
yuxuya getmir .
Keçmiş –
insanın içində qalan yaradır.
Sevgi vardı
amma vaxtında deyil,
Söz vardı
amma dil susdu,
indi hər şey yerindədir.
Yalnız biz yoxuq.
Zaman keçmir,
zaman üstümüzdən keçir.
Biz qalanıq,
amma sınmışıq.
İnsan ən çox
ümid etdiyi yerdə yorulur.
Çünki ümid
yerə düşəndə
çox səs çıxarır.
İndi yaşamaq
irəliləmək deyil,
sadəcə az ağrı ilə gözləməkdir.
Ümid –
gecikmiş yalan və qırıq şüşə
tutduqca kəsir.
Zaman yaraya çevrilib içimdə.
Gecə
içimdə gündüzüm uzundur.
Sevgi keçdi
iz buraxdı,adını unutdu.
Mən qaldım,
özümə yad.
Xatirə –
səssiz bir qışqırıqdı,
Hər şey oldu
mən olmadım.
Yaşamaq
yavaş – yavaş itirməkdir.
İşıq sönüb,.
kölgədə getdi.
Nəfəs var,
səs yox,həm də borc kimidir.
Mən özümün tabutuyam.
Yaşamaq –
gecikmiş vidalaşmaqdır.
Sözlər öldü,
Susqunluq sağ qaldı.
Sevinc qonaq kimidir :
tez gəlir,
tez də gedir.
Qəm isə ev sahibi –
sakit,səbrli
və həmişə yerində.
İnsan böyüdükcə
xəyalları kiçilir,
qəlbi ağırlaşır.
Və bir gün anlayır ki,
Ən uzun yol –
öz içinə gedən yoldur.
Yaşayıram –
amma içimdə
çoxdan dəfn olunmuşam.
Ümidimi itirmədim
sadəcə harada
basdırıldığımı unutdum.
Göz yaşı da axmır,
çünki
Dərd yol tapmır.
Ən ağır dərd odur ki,
insan ağlamağı da
unudur.
Çünki artıq göz yaşına
belə inanmır.
Dünya da susur,
çünki
deyəcək həqiqət qalmayıb.
İçimdə bir otaq var,
İşığı sönüb
qapısı kilidli.
Yenə ümidli olduq,
sən demə bu da yaraya yapışan
son sarğı imiş.
Daha gözlərim də yoruldu,
baxmaqdan yox
görməkdən.
Nəfəs alıram –
amma
hava məni tanımır.
Gözlərim də açıqdır,
amma dünya qapalı,
Ən ağlr yük –
öz adını
daşımaqdır.
Hər şey yerindədir,
bircə
mən yoxam.
İçimdə bir səhər var,
küçələri adsız.
Mən həyatı itirmədim,
həyat məni unutdu.
Adımı çağıran da olmadı,
çünki
mən özüm də cavab vermədim.
İnsan bura qədər gəlir
və anlayır :
Ən dərin uçurum
öz içidir.
Biz addımlayırıq zamanın üstü ilə,
amma zaman bizi içindən keçirir.
Gülüşlərimiz də borc kimidir –
gec – tez ağrı ilə qaytarılır.
Xatirələr də düzümə- düzüm düzülüb,
elə bil ürəyin divarına vurulmuş
bir mismardır.
Unutmaq istədikcə
daha dərinə girir,
daha çox ağrıdır .
İnsan…
Özünü tapmaq üçün yol gedir,
amma yol onu hər dəfə öz kölgəsinə
yaxınlaşdırır.
Ümidlər qısa,kədər uzun,
gülüşlər qonaq,
ağrılar isə ev sahibidir.
İnsan öz ürəyini daşıyır,
amma ağırlığını
yerə qoya bilmir.
Həyat danışmır,
səni titrədə-titrədə
susdurur.
Və bir daha anlayırsan ki…
həyat heç vaxt danışmır,
sadəcə göstərir.
Həyat öldürmür insanı,
sadəcə
yaşamağa məcbur edir.
Həyat bir gecə kimidir :
Kimisi yuxuda keçir, kimisi
göz yaşında…
Səhər isə hamı üçün eynidir –
oyanan da peşmandır,
oyanmayanda .
Həyat qəribədir,
biz isə
adını bilmədiyimiz ölülər.
Hər gün bir az da
daha dərin basdırılırıq .
Və sonda…
Sükut qapını örtdü.
Mən içəridə qaldım.
EHTİRAM SEVƏNLİ
” QIZIL QƏLƏM ” MEDİA MÜKAFATI VƏ
” HƏMƏŞƏRA ” FƏXRİ DİPLOMU
LAUREATI, ŞAİR-PUBLİSİST






















