Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü gördü

Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü gördü

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” monoqrafiyasının yeni nəşri işıq üzü görüb.

Ədəbiyyat İnstitutu Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli 6 saylı qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayevadır.

Monoqrafiyanın “Giriş” hissəsində Əhməd Ağaoğlu XX əsr Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni fikir tarixinin bənzərsiz nümayəndəsi,cəmiyyətin müasirləşməsi haqqında görüşlərinə görə M.F.Axundzadənin layiqli davamçısı olaraq təqdim edilir. Müəllifin fikrincə, M.F.Axundzadənin maarifçilik konsepsiyasında fəal xalq məsələsi öndə dayandığı kimi, Ə.Ağaoğlunun düşüncəsində yetkin millət anlayışı xüsusi önəm kəsb edir.

Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü gördü

Monoqrafiyanın birinci fəslində Ə.Ağaoğlunun bioqrafiyası zəngin faktlar əsasında təqdim olunur, yazıçının həyatının Şuşa, Tiflis, Paris, Bakı, Ankara və İstanbul dövrü araşdırılır, müasirləri ilə əlaqələrinə ətraflı nəzər salınır. İkinci fəsildə Ə.Ağaoğlunun bədii-fəlsəfi nəsri “Sərbəst insanlar ölkəsində”, “Mən kiməm”, “Tanrı dağında” və “Könülsüz olmaz” əsərləri əsasında tədqiq olunur. Həmin əsərlərdə Ə.Ağaoğlunun türkçülük görüşləri öz əksini tapır. Monoqrafiyanın üçüncü fəslində ədibin Maltada sürgünlükdə qələmə aldığı xatirələri, “Sərbəst firqə xatirələri” və “Altmış yeddi il sonra” memuarları araşdırılır. Müəllifin fikrincə, memuarlar Ə.Ağaoğlunun gerçək obrazının qavranılmasında müstəsna əhəmiyyətə malikdir. Sonuncu fəsildə Ə.Ağaoğlunun epistolyar irsi tədqiq olunur. Onun Maltadan ailə üzvlərinə, habelə Nəriman Nərimanova və müxtəlif illərdə Əli bəy Hüseynzadəyə göndərdiyi məktubların təhlilindən belə nəticə hasil olur ki, yazıçının epistolyar irsi onun xarakterini, zövqünü, baş verən ən mürəkkəb tarixi hadisələrə baxışlarını, siyasi dünyagörüşünü müəyyənləşdirməyə imkan verir. Monoqrafiya Azərbaycan, türk və rus dillərində olan zəngin zəruri bədii və elmi mənbələr əsasında hazırlanıb. Monoqrafiyanın ikinci nəşri Ə.Ağaoğlunun həyatı və yaradıcılıq irsinə böyük maraqla bağlıdır.  

Share: