O bir nəhəng ağacdı, gövdəsi cadar-cadar,
Susuzluqdan qurudu yam-yaşıl qol-budağı.
.
Son nəfəsdə anladı onu ayaqda tutan,
O tənha, beli bükük bağban imiş dayağı.
.
İndi nə bağ-bağça var, nə də qocaman bağban…
Ondan gözdağı qalıb kərəntisi, dırmığı…
.
Bir də sahibsiz qalmış kirəmitli daxması,
Hörümçək hana qurub, tor basmış künc-bucağı…
.
Düşüb ayaq altına beş-üş odun parçası,
Bir də mənim qəlbimtək odu sönmüş ocağı…
.
Qocalıb əldən düşüb, qopmuş torpaq suvağı,
Bir həsir döşəməsi, viran qalmış otağı…
.
Divarından asılıb şəkilsiz bir çərçivə,
Bu yanda çatlaq güzgü, bir də sınıq darağı…
Ayağı qırıq masa, üstündə hisli lənpə,
Allah bilir son dəfə nə vaxt yanıb çırağı…
.
Masanın sürməsində bir neçə köhnə məktub,
Pozulub hərfləri, saralıbdı varağı..
.
Köhnə dəmir çarpayı, bomboz keçə şəddəsi,
Bir də qədimdən qalan toxunma səccadəsi…
.
Görən, nə vaxt çağ olub bu komanın damağı?
Kimlər ziyarət edib, bu kimin Pir- Ocağı?
*****
Duyğulu insana yazığım gəlir,
Nazını sevdası kal çəkə bilməz
Zirvəli dağlardan aşıb getsə də,
Duyğusuz neyləsə yol çəkə bilməz.
.
Zili də, bəmi də köklənib gələr,
Zamanı yetişər təklənib gələr.
Ürək bir ömürə yüklənib gələr
Sağ gözün ağrısın sol çəkə bilməz.
.
Sevgisi gözündə çox gec oyanar,
Eşq dolu sinəsi mətin dayanar.
Səni də yandırar, özü də yanar,
Verdiyin fərmana qol çəkə bilməz.
*****
Möhrünü vursan da “Nəsimi” ilə,
Zamanın “Şeyx” kimi çuğulları var.
Səni Nəsimitək sevən qızların,
Nəsimi adında oğulları var.
.
Bəzən “Cəbi” olub saflıq elədin,
“Davud”, “Əziz” olub hiylə elədin.
“Səlim bəy”ə dönüb gör bir neylədin?
Elin yaddaşında çox rolların var
.
Kimi “Babək” deyib özünü sevdi,
O ” Bamsı Beyrəyin” gözünü sevdi.
“Şəms”in qəzəl üstə sözünü sevdi,
Xalqın Rasim adlı sənətkarı var.
















