Efirə açılan qapı – Şərafəddin İlkin yazdı

Efirə açılan qapı – Şərafəddin İlkin yazdı

Doxsanıncı illərin əvvəli idi.
Unudulmaz tələbə həyatının ən gözəl, ən qayğısız dövrünü yaşayırdım. Günlər auditoriyalarla yataqxana arasında keçsə də, düşüncələrim daim yaradıcılıqla məşğul idi.

 

Şeirlər yazır, tələbələr arasında şair kimi tanınırdım. Eşqə düşən oğlanlar da sevgililərinə məktub yazmaq üçün mənə müraciət edirdilər. O vaxtlar hisslər mesajla yox, məktubla etiraf olunurdu. Məktub yazmaq isə asan deyildi. Elə yazılmalıydı ki, qızın könlüncə olsun. Ona görə də çoxlarının “işi” mənə düşürdü.
O illər sözün dəyəri başqa cür idi. İnformasiya bolluğu yox idi. Amma diqqət və hörmət vardı. Radio və televiziya sadəcə xəbər və əyləncə məkanı yox, ictimai etimad ünvanı idi. Efirə çıxmaq hər kəsə qismət olmurdu. Bu, təsadüf yox, seçim idi. Orada söz məsuliyyəti, efir mədəniyyəti vardı.
Radio və televiziya ailələri bir ekranın, bir efirin ətrafına toplayırdı. Aparıcılar tanınmış simalar idi. Verilişlər günlərlə müzakirə olunurdu. Xüsusilə bədii proqramlar gənclərin dünyagörüşünü formalaşdırır, onları sözə bağlayırdı. O dövrdə efirin taleyini müəyyən edən insanlar sadəcə rəhbər yox, zövq yaradan, istiqamət göstərən simalar idi.
Mənim həyatımda önəm daşıyan belə adamlardan biri də o zaman “Araz” radiosunun rəhbəri olan İlyas Adıgözəlov olub.
İlyas Adıgözəlov təkcə radio rəhbəri deyildi. O, efiri anlayan, sözün çəkisini bilən, səsin arxasındakı insanı görə bilən nadir simalardan idi. Onun üçün radio dalğa və texnika yox, etibar, mədəniyyət və məsuliyyət idi. O bilirdi ki, efir xalqın evinə girən səsdir və bu səs tərbiyəli, dürüst və ölçülü olmalıdır.
İlyas müəllimin rəhbərliyi dövründə efirə çıxmaq məsuliyyət demək idi. Kiminsə tanışı olmaq kifayət etmirdi. Sözün olmalı idi. O, gənclərə imkan verəndə belə, bu fürsətin arxasında diqqətli müşahidə və ciddi seçim dayanırdı. İstedadı səsin tonundan, fikrin duruluğundan tanıyırdı. Bəzən bir cümlədə gələcək aparıcını, bir şeirin misrasında sabahın söz adamını görürdü.
Onun ən böyük xüsusiyyətlərindən biri də tələsməməsi idi. Qərar verəndə sükutla düşünərdi. Bu sükutun içində efirin taleyi, gəncin gələcəyi, sözün məsuliyyəti vardı. İlyas Adıgözəlov efiri ucuz populyarlıqdan qoruyurdu. Bilirdi ki, efirin hörməti itərsə, söz də dəyərdən düşəcək.
İlyas müəllimin ailəsi də bütövlükdə efir mühitinin bir parçası idi. Oğlu Fikrət Adıgözəlli Azərbaycan Televiziyasının idman redaksiyasında çalışırdı. O dövrdə idman verilişləri barmaqla sayılacaq qədər idi və Fikrət Adıgözəlli aparıcı kimi tamaşaçıların sevimlisinə çevrilmişdi. Bu fakt bir daha göstərirdi ki, Adıgözəlovlar ailəsi üçün efir sadəcə iş yeri yox, həyat tərzidi.
Mənim bu mühitə yolum tələbə yoldaşım, yaxın şair dostum Elçin Adıgözəlovdan keçirdi. Dostluğumuz auditoriyada məhdudlaşmadı. Bu dostluq məni həmişə arzusunda olduğum radio-televiziya mühitinə apardı. Elçin də şeir yazırdı, mən də. İlyas müəllim yazdıqlarımızdan xəbərdar idi.
Bir gün Elçin dedi ki, bizi efirə dəvət ediblər. O vaxtkı sevincimiz və həyəcanımız sözlə ifadə olunası deyil. Tələbəlik həyatımızın ilk böyük uğuru idi. O illərin ən populyar verilişlərindən biri — Şəlalə Əlibəylinin müəllifi və aparıcısı olduğu “Gənclik dalğası” proqramına dəvət olunmuşduq. Həmin qırx beş dəqiqəlik veriliş həyatımda xüsusi yer tutdu.
Studiyada şeir oxuduq, suallara cavab verdik, fikirlərimizi bölüşdük. Ən önəmlisi bizi sadəcə dinləmirdilər, ciddiyə alırdılar. İlyas müəllim isə özünəməxsus təmkinlə bu prosesin arxasında dayanmışdı. O, gənclərin səsində qeyri-peşəkarlıq yox, gələcəyin intonasiyasını eşidirdi.
Bu gün Elçin yenə də şeir yazır. Sözlə əlaqəsini kəsməyib. Həyat onu biznes sahəsinə aparsa da, dostluğumuz davam edir. Çünki bizi birləşdirən təkcə tələbəlik xatirələri yox, bir dövrün ortaq ruhudur. Radio dalğalarında başlayan, sözlə möhkəmlənən bir həyat yolumuz var.
İlyas Adıgözəlov gənclərə inanırdı. Amma bu kor-koranə inam deyildi. O, potensialı görür, gənci tələsdirmədən, sıxmadan, amma məsuliyyətlə yetişdirirdi. Elə buna görə də onun rəhbərliyi altında efirə gələnlərin çoxu sonradan söz adamı, jurnalist, aparıcı kimi formalaşdı.
İlyas müəllimin dünyasını dəyişdiyini eşidəndə Almaniyada idim. Təəssüf ki, dəfnində iştirak edə bilmədim. Bu xəbər insanın içində qalan ağır bir hissdir. Amma bir həqiqət var ki, İlyas Adıgözəlov efirə verdiyi dəyər, gənclərə göstərdiyi etimad və sözə açdığı qapılarla insanların yaddaşında yaşayan simalardandır.
Dalğalar susur, səslər kəsilir.
Texnika dəyişir, zaman keçir.
Amma sözə vaxtında yol açan, efiri vicdanla qoruyan insanlar heç vaxt unudulmur.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: