Ədəbi təhlil DƏNIZLI – DUYĞULARIN DƏRIN DÜNYASI

Ədəbi təhlil DƏNIZLI – DUYĞULARIN DƏRIN DÜNYASI

Şeir — şairin ruhudur.

O, şairin daxili aləmində gizlənən ən incə sirlərin səsə, sözə və ahəngə çevrilmiş halıdır. Şairin qəlbində nə varsa — iztirab da, həsrət də, arzu və sevinc də — mütləq şəkildə şeirdə əks olunur. Elə buna görə də şeir oxunarkən biz təkcə sözlərlə deyil, ruhla ünsiyyət qururuq.
Əsəd Cahangirin “Qaytar məni dənizlərə” şeiri insanın öz qaynağına, əsl vətəninə, paklığa və Haqqa dönüş arzusunun parlaq bədii ifadəsidir.
Bu şeirdə yalnız şairin şəxsi duyğuları deyil, ümumbəşəri bir iztirab, dərin bir həsrət cəmlənmişdir.
Şeirin əsas bədii qatını dəniz obrazı təşkil edir. Dəniz burada sadəcə təbiət mənzərəsi deyil, çoxqatlı rəmzdir: həyatın başlanğıcı, paklıq, doğuluş və axirət, Haqqa dönüş. Bu obraz bütün mətn boyu şeirin ideya yükünü daşıyan mərkəzi simvol kimi çıxış edir.
Şair bədii sənət vasitələrindən ustalıqla istifadə edir.
“Dişim olsun mirvarilər” misrasında dişlərin mirvariyə bənzədilməsi yalnız zahiri gözəlliyi deyil, insanla təbiət arasındakı vəhdəti ifadə edir.
“Dünya yola vermir” ifadəsi isə real bir haldan çox, rəmzi məna daşıyır: dünya insanı öz azadlığına, daxili paklığına buraxmır.
Bulud, yağış, daş, quş, yosun kimi obrazlar insanın müxtəlif halətlərinin bədii təcəssümüdür. Şair hər bəndin sonunda təkrarlanan
“Qaytar məni dənizlərə” nidası ilə həm öz ruhunu, həm də oxucunu Haqqa yönəldir, daxili çağırışı ümumbəşəri dua səviyyəsinə yüksəldir.
Ədəbi sənət baxımından əsərdə radif, qafiyə, təşbeh, isti’arə, təzad və paralelizm ustalıqla işlənmişdir. Bu isə şeiri musiqi kimi axıcı, ritmik və təsirli edir.
Simvolik qatda dəniz azadlığın, paklığın və Allahın rəmzi kimi çıxış edir. Təsəvvüfi baxımdan isə şeir daha da dərinləşir.
Təsəvvüfdə insan həyatı ruhun səfəridir — Haqqdan gəlib yenə Haqqa qayıdan yol.
Ruh Allahın nəfəsindən yaradıldığı üçün onun əsl mənbəyi də Haqqın hüzurudur.
“Mən sulardan doğulmuşam,
Suda ölmək istəyirəm”
misraları Qurandakı “İnna lillahi və inna iləyhi raciun” — “Biz Allahdanıq və Ona dönəcəyik” ayəsinin bədii ifadəsi kimi səslənir.
Şair özünü su və torpaqdan yaranmış bilir və yenidən suda — yəni əsl mənbədə, Haqqda əriyib yox olmağı arzulayır.
“Ya daş elə, ya quş elə” nidaları da insanın fənaya çatmaq, hansı halda olursa-olsun, yalnız Haqqa qovuşmaq istəyinin poetik ifadəsidir.
Bu şeir sadəcə təbiət təsviri deyil, insan ruhunun qaynağa dönüşü üçün səmimi və ağrılı bir iltacıdır.
Burada bədii sənətlər, ahəng və rəmzlər birləşərək dərin fəlsəfi məna yaradır.
Hər bir misra insanın daxili iztirabını, azadlığa, paklığa və Haqqa can atmasını ifadə edir.
Şeirin qüdrəti də məhz bundadır: o, şəxsi hissi ümumbəşəri və əbədi bir duyğuya çevirə bilir. Bu məqamda alman mütəfəkkiri Hötenin hikmətli kəlamı yada düşür:
“Əgər özünü dənizlərlə əhatələnmiş görməmisənsə, deməli, dünya və ona münasibətin haqqında heç bir təsəvvürün yoxdur.”
Əsəd Cahangirin həm cismani, həm də ruhən dənizə yaxınlığı bu şeirdə açıq-aydın hiss olunur. Şeir o qədər geniş məna qatına malikdir ki, oxucu öz təfəkkür və təxəyyül dünyasından çıxış edərək fərqli nəticələr çıxara bilir.
Cahangir NAMAZOV,
Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əsəd CAHANGİR
QAYTAR MƏNİ DƏNİZLƏRƏ
Tanrım, səndən başqa heç kəs,
Kiməm, nəyəm, bilmir, axı.
Mən dünyayla dolanardım,
Dünya yola vermir, axı –
Qaytar məni dənizlərə.
.
Ya daş elə, ya quş elə,
Apar məni bir yuxuya.
Bulud elə, yağış elə,
Döndər bircə damla suya –
Qaytar məni dənizlərə.
.
Dənizlərin məhəbbəti
Sonsuz olur, dərin olur.
Orda hər şey təmiz olur,
Orda hər şey sərin olur –
Qaytar məni dənizlərə.
.
Dişim olsun mirvarilər,
Yosunlar saçlarım olsun.
Qızıl balıq dostum olsun,
Su pərisi yarım olsun –
Qaytar məni dənizlərə.
.
Yolub yosun saçlarımı
Sellərə vermək istərəm.
Mən dənizin yavrusuyam,
Dənizdə ölmək istərəm –
Qaytar məni dənizlərə.

Share: