Baxışlarınla…
Ruhumu göynədirsən,
Susub, baxışlarınla..
Dözməyi öyrədirsən –
Küsüb, baxışlarınla!..
.
Canımı can sanırsan
Canımda canlanırsan!
Hərdən də can alırsan –
Süzüb, baxışlarınla!
.
Sözün özün və tərsin
Dodağım nübar dərsin
Sıraya Məcnun dərsin –
Düzüb, baxışlarınla!
Sadəcə …
Məni susdurmaq üçün
Gülləni heyif etmə..
Məni küsdürmək üçün –
Çəkilib uzaq getmə-
Yanımda susub dayan!..
.
Məni söndürmək üçün
Üstümə su ələmə.. .
Tükətməyə qəlb gücün –
Həsrətinə bələmə –
Yanımda susub dayan!..
.
Məni bu gerçəkliyin
Ərit qoynunda şam tək!
Allahımın verdiyin,
Zərrəsin qəlbinə çək-
Yanımda susub dayan!
BİR SEVGİNİN…
Bir sevginin yurd yeridi ürəyim
İşığı da, ocağı da közərir…
Pəncərədən mənə baxan mələyim –
Sevgimizin qibləsini göstərir!
.
Budaqları puçurlamış xəyalım ,
Xatirələr nübarını daddırır…
Açıq- aşkar diqqət çəkən bu halım –
Kövrək ruhun hıçqırtısın çatdırır!
.
Kiprikləri ulduzlanıb gözümün ,
Barmaqlarım ulduz dərir dinmədən.
Sən adında bir dünyam var özümün –
Dolaşıram o dünyamda sinmədən!
.
… Bir sevginin yurd yerində pərvanə
Əhdimi mən, eləmişəm son andım!
Mən bu yolda çevriləndən sarvana –
Bir Allaha, bir də Sənə inandım!
Gecə
Şaxtası diş göynədən,
Dilçəkdə söz donduran…
Bir mehin dalğasında,
Üzə qırov qonduran –
Gecə!
Bürüncək xatirələr
Ürəyin son ümidi…
Çətin ki, gətirələr
Lap ayrılıq kimidi –
Gecə!
Hönkürtü səssiz, acı
Xəyal didərgin, qaçqın…
Mənim ruhumun tacı ,
Gəlib niqabın açsın –
Gecə!
…Barmaqların tutumu
Əli güvənsiz edir…
Son deyilən budumu,
Kimsə kimsəsiz gedir –
Gecə!






















