Əbülfət Mədətoğlu: -Gözüm çəkən yol saçından qısadı,

Əbülfət Mədətoğlu: -Gözüm çəkən yol saçından qısadı,

Yerdi…

Canımın süzülən yeri
Süzüyün büzülən yeri…
Və bir gün üzülən yeri –
Təkliyin, kəsdiyi yerdi!…
Dilimin ucundakı ad
Bir az təlaş, bir az həyat…
Sınıb yana düşən qanad –
Küləyin əsdiyi yerdi!…
Cismimin yönü qibləyə
Durmağın nə var bilməyə?!.
Tələsmə , dinə gəlməyə –
Xəyalın gəzdiyi yerdi!..

Ani ağrının ŞEİRİ

Qəfil elə ağrıdım ki,
Gözümdən qığılcım qopdu…
Bir çimdik torpağdım sanki,
Mənə bir ovuc su hopdu!
Özüm olmadım o anda
Ruhum yox idi ki, canda!
Cismim qalmışdı bir yanda –
Meydanı tərk etmiş topdu!..
Bir Allah, bir də ki, səndin
Öyrətdiniz xilas fəndin!
Oxuyub şerin bu bəndin-
Deməyin, xəyaldı, gopdu!..
Artır sayı və sırası
Artır təklik sırsırası!…
Qəlbin Əbülfət yarası –
Görərsiz anidən qopdu…

Bir yarpaq etiraf…

İstəmirəm oba bilsin, el bilsin
Nə gün, həftə, nə ay, nə də il bilsin !
Ad çəkmirəm dodaq bilsin, dil bilsin –
Halalımsan, halalımsan, halalım!..
Çiçəklərin ən gözəli, zərifi
Haqq veribdi , sən çiçəyə tərifi…
Həyatımın, adımın baş hərifi –
Hər anımsan, hər anımsan, hər anım!..
Gözüm çəkən yol saçından qısadı,
Dodalarım öpüş üçün susadı…
Ay ömrümün yaranışdan busatı –
Halalımsan, halalımsan, halalım!
Heç kim bilmir haram, necə ağrıyır
Gündüz susur, ancaq gecə ağrıyır!
Bir olana, bir də heçə , ağrıyır –
Bəlalımsan, bəlalımsan, bəlalım!..
Yaranışdan Təkdi, Birdi, Vahid O
Həm Yaradan, həmi də ki, Şahid O!
Seçib məni yer üzündə zahid , O –
Sənsə mənim halalımsan, halalım!..

Bilmirəm…

Elə sancır ki, ürək
Dilə tut bilmirəm…
Kiprik ucundan mələk –
Gilə , tuta bilmirəm!
Dişim dişimi sıxır
Canımdan tüstü çıxır…
Məni sərtliyim yıxır –
Pilə , tuta bilmirəm!
Göstərdikcə qəm gücün
Fikrimin düyür ucun…
Ətəkdən , qalxmaq üçün –
Zilə, tuta bilmirəm…
Fikir qırğı, təklik dən
Qəm böyüyür, çəkdikcən!
Üşüdüyüm təklikdən –
Çilə , tuta bilmirəm…

Share: