Dəyər anlayışı və Şərafəddin İlkin fenomeni

Dəyər anlayışı və Şərafəddin İlkin fenomeni

Bəzən insanları qruplara bölürlər: dəyərli və dəyərsiz. Amma bu bölgü nə var-dövlətlə, nə şöhrətlə, nə də səs-küylü adlarla ölçülür.

Dəyərli insan sözünün çəkisi olan, əhdinə sədaqətli, davranışı ilə örnək, böyüyə hörmət, kiçiyə mərhəmət göstərən, ən əsası isə sözün qiymətini bilən insandır. Məhz bu keyfiyyətlər bir insanı zamanın ələyindən keçirib saxlayır.
Belə dəyərli insanlardan biri də mənim tanıdığım, sözünə, davranışına və poeziyasına hörmət edilən Şair Şərafəddin İlkindir.


Onun şeirləri süni pafosdan, bəzəkli cümlələrdən uzaqdır. O, oxucunu qəliz misralarla yormur. Şair danışır sanki bir kənd evinin həyətində, çay süfrəsi arxasında, dərdini bölüşən bir adam kimi danışır. Elə bu səmimiyyət də oxucunun qəlbinə yol tapır.
Şərafəddin İlkinin poeziyasında cənub ləhcəsinin şirinliyi xüsusi yer tutur. Bu ləhcə onun misralarında sadəcə dil fərqi deyil, bir ruh daşıyıcısıdır. O, qaranı qara demir, kömür deyir. Bu bir söz dəyişikliyi deyil, bu bir dünyagörüşüdür. Çünki kömür onun şeirində yalnız rəng deyil, istilikdir, işıqdır, ocaqdır. O kömür yanır, amma yandırmır; isidir, amma yandırıcı deyil. Şair dilin içində gizlənmiş mənanı oyadır, sözü adi anlamından çıxarır duyğuya çevirir.Şairin sözlərində torpağın nəfəsi, ana laylasının kövrəkliyi, ata nəsihətinin ağırlığı duyulur. Onun poetik dünyasında insan insan olaraq dəyərlidir.Şərafəddinin 60 illik yubiley tədbirində sözlər sadəcə xatirə olmadı,etiraf oldu.


Yaxın qohumları da o tədbirdə etiraf etdilər ki, bu gün yalnız bir ömür yox,
bir poeziya yolunun böyüklüyü qeyd olunduğunu gördük və qurur duyduğlarını dedilər.
Tədbirdə iştirak edən tanınmış şairlərin,
tənqidçilərin verdiyi dəyər sözün əsl mənasında,şairin söz dünyasının
nə qədər geniş və köklü olduğunu göstərdi.
Və o an hər kəs anladı:şairin dərinliyini bəzən illər yox,sözün özü sübut edir.
Onun yaradıcılığının mühüm cəhətlərindən biri də odur ki, bu şeirlər təkcə oxunmur, oxunmaqla qalmır, oxunur, dinlənilir, yaşadılır. Şərafəddin İlkinin sözlərinə çoxlu mahnılar bəstələnib. Bu mahnılar xalqın yaddaşına hopub, dillər əzbərinə çevrilib.
Xüsusilə vurğulamaq lazımdır ki, onun sözlərinə bəstələnən mahnıların böyük bir qismi mərhum, xalqın sevimli sənətkarı Baloğlan Əşrəfov tərəfindən ifa olunub. Baloğlan Əşrəfovun səsi ilə Şərafəddin İlkinin sözü birləşəndə ortaya təkcə mahnı yox, duyğu, xatirə və zamanın özü çıxıb. Bu birlik sözün gücünü, şairin daxili dünyasını daha geniş kütlələrə çatdırıb.
Bu fakt özü-özlüyündə Şərafəddin İlkin sözünün dəyərinin göstəricisidir. Çünki hər söz mahnı olmur, hər söz səs tapmır. Sənətkar səsi o sözə can verirsə, deməli, o misraların arxasında həqiqət, ağrı və səmimiyyət dayanır.
Vətən mövzusu da onun yaradıcılığında şüar xarakteri daşımır. O, vətəni torpaq kimi yox, ocaq kimi, ana nəfəsi kimi, dua kimi təqdim edir. Onun misralarında vətən insanın içində yaşadığı hissdir.
Şərafəddin İlkin şeirlərində tez-tez insan vicdanına səslənir. Sözün ucuzlaşdığı, əhdin pozulduğu zamanlarda o, oxucunu özünə qayıtmağa çağırır. Onun poeziyasında nəsihət yoxdur, amma dərs var; hökm yoxdur, amma həqiqət var.
Bu gün sosial şəbəkələrdə minlərlə şeir paylaşılır. Lakin az söz yadda qalır. Şərafəddin İlkinin sözləri isə yadda qalır, çünki o sözün arxasında şəxsiyyət dayanır. Dəyərli söz dəyərli insandan çıxar ,bu da dəyişməz həqiqətdir.
Belə şairlər səs-küy salmır, amma iz buraxır. Onlar adla yox, sözlə tanınır. Şərafəddin İlkin də,sözü ilə yaşayan, sözü ilə sevilən, sözü ilə yadda qalan şairdir!

Şair-publisist Damət Salmanoğlu,
Azərbaycan və Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü,
Beynəlxalq Rəsul Rza və Səməd Behrəngi mükafatları laureatı..

Share: