Mərhum xalq şairi, şeirlərini sevə- sevə oxuduğum M. Araz deyirdi ki,
Söz gərək ox keçməz qayadan keçə,
Yoxdursa sözünün kəsəri, yazma.
Özün sevməyincə, sevilməyincə,
Özgədən məhəbbət əsəri yazma.
Bu könül oxşayan, duyğulu misraları niyə xatırladım. Neçə vaxt idi ki, tanınmış şair, qələm dostum Faiq Balabəylinin yaradıcılığı haqqında bir yazı yazmaq istəyirdim.

Hər dəfə araya nəsə düşürdü və yazacağım yazını təxirə salmalı olurdum. Əslində qəribə də olsa, yazı adamlarına xas olmayan bir əndişə var içimdə. Kiminsə yaradıcılığı haqqında yazı yazmağa o qədər də meyilli deyiləm. Ona görə yox ki, yazmaq istəmirəm, sadəcə fikirləşirəm ki, yazı da şeir kimi doğulmalıdı. Həm də o qənaətdəyəm ki, hər kəs görə bildiyi və görmək istədiyi işlə məşğul olmalıdı. Nəzərə alsaq ki indi oxucuların əksəriyyəti şeir adına yazılmış uzun sicilləmələri, ya da ki, publisistik yazıları axıra kimi oxumurlar. Nəzakət xətrinə bəyənmə işarəsi qoyub keçirlər. Ona görə də çalışacağam ki, vaxtınızı çox almayım. F. Balabəyli o şairlərdəndir ki, bir oxucu kimi şəxsən mən onun şeirlərini oxuyanda utanmıram. Əksinə sevinirəm. Şairin demək olar ki, bütün yaradıcılığına bələdəm. Elə bir şeiri yoxdur ki, adamı düşündürməsin, heyrətləndirməsin. Şeirlərindəki bütün misralar sünbül kimi dop- doludu. Şeirləri tutumludu, yüklüdü, bitkindi. Dövri mətbuatda Yazıçılar Birliyinin ədəbi orqanlarında dəyərli qələm adamlarımız Faiq Balabəylinin yaradıcılığı haqqında silsilə yazılar yazmış və ədəbi təhlillər aparmışlar. Ona görə də nəhəng söz xiridarlarının verdikləri qiyməti uca tutub nəsə əlavə etmək fikrindən uzağam. Deyilən deyilib, yazılan yazılıb. Düşüncələrimi hörmətli oxucularla bölüşmək qərarına gəldim. F. Balabəylini ilk dəfə mərhum şairəmiz, bacı kimi xətrini istədiyim Fərqanə Mehdiyevanın poetik pəncərəsindən boylananda görmüşəm. Ağız dolusu tərif yağdırırdı gözəl şairimizin ünvanına. Fərqanə xanım hər şairi tərifləməzdi. Təriflədiyi şair gərək tərifi haqq edəydi. F. Balabəyli üçün mövzu qıtlığı yoxdu.Nədən yazırsa yazsın, özünü, hisslərini, duyğularını ifadə edir. Özünün dəst- xətti, poetik üslubu var. Heç kəsə bənzəmir. Sevilən şairdi. F. Balabəyli dənizdə işləyir. Gəmi kapitanıdı. Mənə elə gəlir ki, yazdığı şeirlər də maviyə çalır, dəniz rəngindədi. Süfrəsinin çörəyi Xəzərin mavi sularından, köhlən at kimi şahə qalxan dalğalarından, qışın qarı kimi bəm- bəyaz ləpələrindən çıxır. Dərdini dənizə danışır, şeirlərini dənizə oxuyur. Dənizin səbri gen, ürəyi də böyükdü axı.Qələm dostuma dəniz ömrü, su ömrü arzulayıram. Arzu edirəm ki həmişə sağlam və gümrah olsun. İndən belə də yazacağı şeirləri ilə oxucularını heyrətləndirsin.
















