Cəmiyyətdə hər zaman bir həqiqət olub: düz söz acı olur. Onu demək də çətindir, qəbul etmək isə daha da çətin.
Çünki düz söz insanı, ailəni, cəmiyyəti və bütövlükdə sistemi güzgü qarşısına çıxarır. Bu güzgüdə isə çox zaman görmək istəmədiyimiz mənzərə ilə üz-üzə qalırıq. “Space TV”də yayımlanan “Gəl, danış!” verilişi ətrafında yaranan müzakirələr də məhz bu reallığın təzahürüdür.
Audiovizual Şuranın “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinə əsaslanaraq kanalın yayımını 3 saatlıq dayandırması cəmiyyətdə ciddi suallar doğurdu. Bu qərarı yanlış adlandıran deputat Fazil Mustafanın mövqeyi isə təkcə bir televiziya və ya bir aparıcının müdafiəsi deyil, daha geniş mənada ifadə azadlığının və jurnalistin cəmiyyət qarşısındakı missiyasının müdafiəsidir.
Aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər emosional ola bilərdi. Bəli, o gəncdir və bəlkə də sözlərini daha yumşaq formada ifadə edə bilərdi. Amma əsas sual budur, o, yalan danışırdı, yoxsa cəmiyyətin görmək istəmədiyi bir problemi dilə gətirirdi?
Verilişdə bölgələrdən Bakıya təhsil almağa gələn bəzi tələbələrin, xüsusilə qızların əxlaqsız davranışlar sərgilədiyi iddiası cəmiyyətdə birmənalı qarşılanmadı. Lakin bu mövzunun özü yeni deyil. Uzun illərdir valideynlərin maddi sıxıntı bahasına övladlarını paytaxta göndərməsi, nəzarətsiz mühit, yad təsirlər, ailədən uzaq həyat tərzi və nəticədə yaranan sosial-əxlaqi problemlər səssiz şəkildə müzakirə olunurdu. Amil Xəlil isə bu səssizliyi pozdu.
O, konkret olaraq kimisə təhqir etmədi, ad çəkmədi, söyüş söymədi. Əksinə, valideynlərə çağırış etdi. “İmkan varsa, övladlarınızı bölgələrdəki ali təhsil müəssisələrinə yönləndirin, ailə nəzarətini qoruyun” dedi. Bu çağırışla razılaşmaq və ya razılaşmamaq olar, lakin bu fikri səsləndirdiyinə görə cəza tətbiq etmək təhlükəli presedent yaradır.
Əgər jurnalist cəmiyyətdə baş verən mənfi halları dilə gətirə bilməyəcəksə, o zaman bu problemlər harada və kim tərəfindən müzakirə olunacaq? Sosial şəbəkələrdə anonim profillər tərəfindən? Yoxsa ümumiyyətlə susaraq, problemi görməzdən gələrək?
Burada daha bir incə məqam var. Cəmiyyətimizdə çox vaxt problemi yaradan səbəblərlə deyil, problemi dilə gətirənlə mübarizə aparılır. Əxlaqi problemi varsa, onu söyləyən günahkar sayılır. Halbuki sağlam cəmiyyətlərdə tənqid cəza ilə yox, dialoqla qarşılanır.
Deputatın da qeyd etdiyi kimi, cəmiyyətdə baş verən əxlaqi aşınmanı jurnalistin dilə gətirməsinə qarşı atılan bu cür addımlar zərərlidir. Bu, jurnalistləri özünü senzura etməyə, real problemlərdən qaçmağa vadar edir. Nəticədə isə efirlərdə süni mövzular, təhlükəsiz, amma faydasız müzakirələr qalır.
Unutmayaq ki, vətənpərvərlik yalnız şüarlarla ölçülmür. Vətənini sevən insan onun problemlərindən narahat olur, ağrılı mövzuları gündəmə gətirir. Amil Xəlilin çıxışında da məhz bu narahatlıq hiss olunurdu. Onu alqışlamaq əvəzinə, müzakirə etmək, arqumentlərlə cavab vermək daha sağlam yanaşma olardı.
Nəticə etibarilə, “Space TV”nin yayımının dayandırılması qərarı təkcə bir televiziya kanalına verilmiş cəza deyil, cəmiyyətə verilmiş mesajdır. Bu mesaj isə belə oxunur: “Ağrılı həqiqətləri yüksək səslə demək risklidir”. Halbuki inkişafın yolu məhz həmin həqiqətləri dinləməkdən və onlarla üzləşməkdən keçir.
Düz söz acı ola bilər. Amma onu susdurmaqla həqiqətiin ağzına daş basmaq mümkün deyil. Acını qəbul etmədən sağalma baş vermir.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.























