Duyğularım coşan selə dönübdü, Dayanmayır qabağımda dağ belə -Ziyafət Tovuzlu

Duyğularım coşan selə dönübdü, Dayanmayır qabağımda dağ belə -Ziyafət Tovuzlu
KEÇMƏDİ
Keçər demişdilər, keçmədi vallah…
İşlədi lap qana, iliyə kimi.
Dərdimi dağ etdim, dağlardan böyük.
Bıçaq da dirəndi, sümüyə kimi…
.
Yaxşı olar deyə, təsəlli etdim,
Aldatdım özümü elə min dəfə.
Sən demə arsızmış bəxtimin üzü,
Nədən güləmmədi axı, bir dəfə?.
.
Mən ki, deməmişdim yaxşıya yaman
Qorxub çəkinmişdim yaradanımdan.
Taleyin oynuna nədən getmişəm?-
Olarmı ömürdən bu boyda qurban?!.
TƏN GƏLƏ
Əllərinin istisi var əlimdə,
Nə gözəldi, üşümürəm mən daha.
Arzusu var ürəyimin sevgilim,
Əllərini buraxmasın əlim də.
.
Duyğularım coşan selə dönübdü,
Dayanmayır qabağımda dağ belə.
Səndən öyrəndim deyəsən sevməyi,
Çiçək açıb, bağçam belə, bağ belə.
.
Hal əhvalım qarışıbdı niyəsə,
Tələsirəm, can atıram görüşə.
Peşman etmə, nə olar ki, Allahım.
Bəlkə sevgim, bu sevgiyə tən gələ…
KÜL ƏLƏDİN GÖZÜMƏ
Nişan alıb, kürəyimdən oxladın,
Qəsdin ilə çalın-çarpaz dağladın.
Qismətimi, qara günə bağladın,
Qara tale, nə düşmüsən izimə?.
Gülə – gülə, kül ələdin gözümə.
.
Aman fələk, məni oda yaxmısan,
Zülmün ilə , axırıma çıxmısan.
Dərdin nəydi, məni belə yıxmısan?
Lənət olsun, məndə olan dözümə
Gülə-gülə, kül ələdin gözümə.
.
Ziyafətəm, düşmən oldu yarım da…
İşartı yox, qaralıbdı qorum da.
Dolu döydü, kal töküldü, barım da.
Dar günümdə, ürək verdim özümə,
Gülə-gülə , kül ələdin gözümə.
NƏVƏM MURAD ÜÇÜN
Mayböcəyi həyətdə,
İşıq saçırdı gecə.
Murad heyrətlə baxıb,
Seyr edirdi gizlicə.
.
Yanıb söndükcə böcək,
Maraqla izləyirdi.
Tərpənmək istəmirdi,
Sakitcə gözləyirdi.
.
Gecənin lal səsinə,
Səs qatınca qurbağa.
Mayböcəyi də həmən
Uçub getdi uzağa.
5.05.2025.
Share: