Düşünülmədən deyilən sözlər – Sevil Azadqızı yazdı

Düşünülmədən deyilən sözlər – Sevil Azadqızı yazdı

Düşünülmədən deyilən sözlər insan taleyində görünməz, amma çox dərin izlər buraxan hadisələrdəndir. Çünki söz təkcə səs deyil, o həm də niyyətdir, ruh halıdır, daxildə yığılanların ani və nəzarətsiz şəkildə çölə çıxmasıdır və insan çox vaxt elə bilir ki, bircə cümlə heç nəyi dəyişməz.

Amma əslində bircə cümlə illərlə qurulan münasibəti dağıda, qəlbdə sağalmaz yaralar aça, inamı sındıra və ya tam əksinə, təsadüfən deyilmiş bir sözlə ümidin qapısını aralaya bilər. Lakin düşünülmədən deyilən sözlərin çoxu xeyirdən çox zərər gətirir. Çünki bu sözlər ağlın süzgəcindən keçmir, vicdanın tərəzisində çəkilmir, zamanın nəticəsi hesablanmır və adətən qəzəbin, incikliyin, tələskənliyin, qorxunun və ya daxili narazılığın dili olur. İnsan qəzəbli olanda sözləri silah kimi istifadə edir, qarşısındakının zəif nöqtəsini axtarır, səsi yüksəlir, fikri daralır və bu an deyilən hər kəlmə sonradan “demək istəmirdim” pərdəsi ilə örtülməyə çalışılsa da, artıq eşidilmiş, qəbul edilmiş və yaddaşa yazılmış olur. Çünki söz qulaqdan çıxsa da, qəlbdən çıxmır, xüsusilə də sevdiklərimizə qarşı düşünülmədən deyilən sözlər daha ağır olur. Çünki bu sözlər yad adamın deyil, doğma bir səsin içindən gəlir və insanı sarsıdan da məhz budur. Sevəndən gələn söz daha kəsərli, daha ağrılı olur, bəzən valideynin övladına, bəzən övladın valideynə, bəzən dostun dosta, bəzən də iki sevən insanın bir-birinə tələsik söylədiyi cümlələr illərlə daşınan yükə çevrilir. İnsan sonradan peşman olur, üzr istəyir, izah verir, amma sözün yaratdığı boşluğu, sındırdığı güvəni bərpa etmək hər zaman mümkün olmur. Çünki üzr bir anda deyilə bilər, amma inam uzun zaman istəyir, düşünülmədən deyilən sözlər insanın özünü də yaralayır. Çünki hər dəfə o söz xatırlandıqca insan öz vicdanı ilə üz-üzə qalır, “kaş deməzdim” peşmanlığı insanın içində səssiz, amma davamlı bir sızıya çevrilir. Cəmiyyət səviyyəsində də düşünülmədən deyilən sözlər parçalanmalara, anlaşılmazlıqlara, nifrətə və qütbləşməyə yol açır. Bir fikri, bir etiqadı, bir insanı və ya bir toplumu düşünmədən deyilən sözlərlə damğalamaq, alçaltmaq, incitmək çox asandır, amma onun nəticələrini düzəltmək illər tələb edir. Söz azadlığı ilə söz məsuliyyəti arasındakı incə xətt də məhz burada ortaya çıxır. İnsan danışmaqda azad ola bilər, amma dediklərinə cavabdeh olduğunu unutduğu anda söz zülmə çevrilir. Halbuki düşünülmüş söz insanı ucaldar, münasibətləri möhkəmləndirər, susmağı lazım olan yerdə susmaq da söz mədəniyyətinin bir hissəsidir. Hər deyilən doğru olsa belə, hər doğru hər yerdə və hər vaxt deyilməməlidir, çünki zamanında deyilməyən söz də düşünülmədən deyilən söz qədər zərərli ola bilər.
Nəticə olaraq demək olar ki, düşünülmədən deyilən sözlər insanın özünə də, qarşısındakına da baha başa gəlir. Söz ağızdan çıxmazdan əvvəl bir anlıq düşünmək, onun haraya dəyəcəyini, kimi incidəcəyini, nəyi dəyişəcəyini hesablamaq insanın həm mənəvi yetkinliyini, həm də insani dəyərini göstərir. Çünki susmaq zəiflik deyil, düşünərək danışmaq isə sadəcə tərbiyə yox, vicdan məsələsidir və insan sözünə sahib çıxdıqca həm özünü, həm də ətrafındakı dünyanı qorumuş olur.

✍ Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.

Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.
29.01.2026

Share: