Əlövsət Əliyev- 65
Adətən “sən” kəlməsini işlətməyi xoşlamıram. Bu ona görə deyil ki, mədəniyyətim, nəzakətim çatmır, bu ona görədir ki, qorxuram səmimiyyətdən uzaq olar, daha çox rəsmi səslənər.
Bir də ki, Allaha “Sən” deyə müraciət ediriksə, düşünürəm qullarına “siz” deyə müraciət etmək Allahın acığına gələ bilər. Kiminsə haqqında yazarkən müraciətdə isə, “siz” kəlməsinin yerinə hörmət mənasında böyük hərflə “Sən” yazmaq da olar…
Nə isə, sözümün canı var. Bu gün sizə qürbətdə yaşayan, keçmiş polis polkovniki Əlövsət Əliyevdən söhbət açmaq istəyirəm. Bəli, xalq şairi Sabir Rüstəmxanlının ortancıl qardaşı Əlövsət bəydən. Axı, tezliklə onun 65 yaşı tamam olacaq…
Bizim yardımlılar demişkən, ürəyiyuxa adamdır. Maarifləndirmək, insanlar haqqında xoş danışmaq, nəsə yeni bir iş görüb cəmiyyətə fayda vermək onun şakəridir. Heç polis işləyəndə də zalım rəislərdən olmayıb. Necə deyərlər, yıxılanı qaldırmağa çalışıb. Kasıb-kusuba, fəqir-füqaraya arxa-dayaq olub. Söhbtimin əvvəlində Sabir Rüstəmxanlının adını nahaq yerə hallandırmadım. Çünki bir böyük qardaş kimi, nəinki ölkənin taleyində, həmçinin qardaşlarının yetişməsində də onun xidmətləri danılmazdır. Amma bundan da irəlidə, onun böyüyüb ərsəyə çatdığı ailədə atası, rəhmətlik Xudu kişinin halal süfrəsinin rolu da az olmayıb. Yəqin ki, doğulduğu Yardımlının saf bulaqlarından içdiyi suyun, udduğu dağ havasının da əhəmiyyəti böyükdür…
…Haqqında söhbət açdığım Əlövsət Xudu oğlu Əliyev 25 yanvar 1961-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Unversitetinin(BDU) hüquq fakültəsini bitirib. 1987-ci ildə Bakının Əzizbəyov rayon Daxili İşlər Şöbəsində inispektor kimi xidmətə başlayıb. Sonra Masallı rayon Polis Şöbəsində müstəntiq işləyib.
1991-ci ildən 2001-ci illədək Lerik, Lənkəran və Astara rayonlarında Polis şöbələrinin rəisi və Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı Baş İdarəsində şöbə rəisi vəzifələrində çalışıb. 2001- 2007-ci illərdə Beynəlxalq Miqrasiya təşkilatında hüquqşünas işləyib. 2007- ci ildə “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyini və “Leqat” Hüquq Firmasını təsis edərək orada çalışıb. 2005 və 2010-cu illərdə keçirilən parlament seçkilərində 45 saylı Abşeron Seçki Dairəsindən Milli Məclisə namizəd olub. 2014-cü ildən Almaniyada məskunlaşıb…
Deyir ki:- “Azərbaycanda jurnalistika sahəsində ciddi problemlər mövcuddur. Əlində normal peşəsi olmayan, peşəsinin öhdəsindən gəlməyən və ya başqa sahədə uğur əldə edə bilməyən bəzi şəxslər bu sahəyə can atır və nəticədə ziyanı cəmiyyət çəkir. Məsələn, Space TV-nin “Gəl danış” proqramında aparıcı Amil Xəlil bölgələrdən Bakıya gələn tələbə qızları “əxlaqsızlıq”da ittiham edərək, onların qanunla qorunan hüquqlarına zidd ifadələr işlədir. Əslində, başqa yöndən yanaşsaq bu yanaşma həm də Bakının “əxlaqsızlıq məkanı” kimi təqdim olunmasını təşviq edir. Hər kəsin təhsil hüququ, şəxsi şərəfi və ləyaqəti qanunla qorunur. Qadınları hədəf göstərərək “əxlaqsız” ifadəsini yalnız onlara yönəltmək, cinsi stereotiplərin möhkəmlənməsinə səbəb olur və həm işgüzar etikaya, həm də sahəni tənzimləyən qanunlara ziddir. Hesab efirəm ki, belə çıxışlar həm hüquqi, həm də ictimai məsuliyyət yaradır. Odur ki, aparıcıların etik və hüquqi məsuliyyəti təmin edilməlidir…”
Bu gün cəmiyyətimizdə baş verən neqativ hallara göz yuma bilmir. Bu, onun ziyalılığından, milli təəssübkeşliyindən irəli gəlir. Bəli, Əlövsət bəy haqqında söhbət açarkən “mən onu yaxşı tanıyıram” ifadəsini istifadə etməkdən çəkinmirəm. Odur ki, bir az da onun xarakterindən söhbət açmaq istəyirəm. Anadangəlmə liderdir. Ən sevimli işi, elə işləməkdir. Həyatdan ilham almağı bacarır və bu, ona güvən verir. Sakit, təmkinli, lakin çox güclüdür. Sarsılmaz iradəsi var. Fikirlərində sabitdir və qərarlarından asanlıqla geri çəkilmir. Əslində, o fədakarlıq, zəhmət və əzmlə əldə edilən zənginliyin simvoludur. Məqsədinə çatmaq üçün son dərəcə inadkardır, bu yolda qarşılaşdığı maneələrdən çəkinmir. Sözün əsl mənasında, planlı və proqramlaşdırılmış şəkildə hərəkət etməyi xoşlayır. Heç vaxt lazımsız yerə danışmır, lakin son dərəcə ağıllı və praktikdir. Mübahisələrdən və lazımsız dialoqlardan uzaq durmağa üstünlük verir. Fərdi düşünür, çünki təkbaşına nəyəsə nail olmağa daha çox meyllidir. Müstəqil düşüncəsi, hadisələrə özünəməxsus yanaşması var…
“Son günlər Suad Qarayevanın “Məhsəti” filminə görə ona olan hücumlar ciddi narahatlıq yaradır. Rejissorun kiminsə qızı olması onu avtomatik “milli dəyərlərə düşmən” etmir. Yaradıcılıq, kimin qızı olmaqla deyil, işlə qiymətləndirilməlidir. Daha təhlükəli məqam isə film yox, Məhsəti Gəncəvinin şəxsi həyatı üzərindən hökm kəsilməsidir. Onun sevə bilməsi, sevən və sevilən, meyxanəyə gedən bir qadın kimi təqdim olunması nədən “əxlaqsızlıq” kimi yozulur? Məhsəti şairədir, tarixi və ədəbi kontekstdə dəyərləndirilməlidir, mənəvi məhkəməyə çıxarılmamalıdır. Bundan başqa, rejissor Suad Qarayevadır, atası deyil, məsuliyyət də, yaradıcılıq haqqı da ona məxsusdur. Tarixi şəxsiyyətlərə fərqli baxış təqdim etmək düşmənçilik deyil. Əksinə, mədəni düşüncənin inkişafıdır. Sübutsuz ittihamlar və şəxsi hücumlar isə nə Məhsətiyə, nə də Azərbaycan mədəniyyətinə xidmət edir. Bu kampaniya dayandırılmalı, film şəxsi təhqirlərlə yox, peşəkar və obyektiv yanaşma ilə müzakirə olunmalıdır.”- söyləyir.
…Son dərəcə nəzakətli, nəcib adamdır. Ona görə də nizam-intizamla işləməyə meyllidir. İnadkar olsa da, çox fədakardır. Sevdiyi işdə daha məhsuldar olur, işini uğurla başa çatdırmaq üçün gecə-gündüz çalışır və bu vəziyyətdən böyük həzz alır. Nəzərə çarpacaq dərəcədə ağıllıdır. Hədəfə doğru əmin addımlarla irəliləməyi bacarır. Harad yaşamasından, hansı mühitə düşməsindən asılı olmayaraq praktik zəkası və bacarığı ilə seçilən yaxşı bir sirdaş və ən sadiq bir dostdur…
Hə, nəhayət gəlib çatdım “Sən”lə “siz” məsələsinə. Elə ona da Sən deyə müraciət edəcəm ki, altmış illik səmimiyyətimə xələl gətirməyim. Hörməti Əlövsət bəy, mən Səni sözün həqiqi mənasında çox istəyirəm, Sənə böyük rəğbətim var. 65 illik yubileyinə nə az, nə çox, cəmi on bir gün vaxt qalıb. Düşünmə ki, tələsirəm, əsla yox! İstəyirəm ki bu söhbət, el-obanın qələm adamlarının, dostların qələmə alacağı xoş sözlərlə dolu təbriklərə bir ilk olsun, onları da həvəsləndirsin…
Çox yaşa, qardaşım! Sən dünyanın ən gözəl insanlarından birisən…
Hörmətlə, Elman Eldaroğlu






















