Son günlər beynəlxalq ictimaiyyətin diqqəti Ukrayna və Rusiya arasında hazırlanmaqda olan sülh planına yönəlib. Lakin ekspertlər xəbərdarlıq edir ki, əgər bu plan uğursuz olarsa və müharibə uzun müddət davam edərsə, nəticələr yalnız regionla məhdudlaşmayacaq. Bu vəziyyət qlobal geosiyasi balansı sarsıda, iqtisadi sabitliyi təhdid edə və humanitar böhranları dərinləşdirə bilər.
Enerji resurslarının təminatı, ərzaq təhlükəsizliyi, miqrasiya və beynəlxalq diplomatiya — bütün bu sahələr uzunmüddətli münaqişədən təsirlənəcək. Bu baxımdan, yalnız silahlı münaqişənin sona çatması deyil, həm də uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün beynəlxalq və regional aktorların strateji qərarları həyati əhəmiyyət daşıyır.
Belə bir vəziyyət dünya ictimaiyyəti üçün alternativlərin və risklərin ciddi şəkildə qiymətləndirilməsini tələb edir. Hər bir gecikmiş və ya yanlış addım, regional və qlobal təsirlərin daha da dərinləşməsinə səbəb ola bilər.

Müstəqil.Az bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az -a danışan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, siyasi şərhçi Samir Əsədli bildirib ki, ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü və Ukraynanın faktiki kapitulyasiyasını nəzərdə tutduğu iddia olunan “sülh planı” beynəlxalq səviyyədə qəbul olunmadı:
“Gərgin tənqidlərdən sonra Tramp özü də geri addım ataraq bunun son plan olmadığını və alternativ variantların müzakirəyə açıq olduğunu bildirdi. Avropa liderlərinin sərt mövqeyi və Ukrayna prezidentinin diplomatik manevrləri isə Kreml üçün əlverişli hesab olunan təhlükəli bir mexanizmin reallaşmasının qarşısını aldı.
Bu fonda Avropa İttifaqı 24 maddədən ibarət yeni atəşkəs sənədi hazırlayıb. ABŞ-nin də prosesin davamlılığı naminə bu sənədlə uzlaşmaqdan başqa yolu qalmayacaq. Moskva isə ciddi seçim qarşısındadır: ya Qərbin şərtlərini nəzərə alaraq kompromisə gəlmək, ya da müharibənin daha da dərinləşməsi riskini qəbul etmək.”
Samir Əsədlinin sözlərinə görə, 2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsinin bu qədər uzanacağını, həmçinin Zelenski hökumətinin bir gün bu cür mürəkkəb vəziyyətlə üz-üzə qalacağını çoxları təxmin etmirdi:
“Başlanğıc mərhələdə Qərbin siyasi və hərbi dəstəyi Ukraynanın müqavimətini gücləndirirdi. Lakin zaman göstərdi ki, Qərbin dəstəyi daha çox Ukraynanın tam qələbəsinə deyil, onun mübarizəni davam etdirib mövcudluğunu qorumasına xidmət edir. Bu isə həm Kiyevdə, həm də Moskvada tükənmə prosesini sürətləndirir. Bununla belə, Qərb ölkələrinin bir qismi müharibənin uzanmasına dolayı şəkildə şərait yaradır. Ayrı-ayrı Avropa dövlətlərinin Ukraynanı silahlandırması Kiyevi döyüş əməliyyatlarını davam etdirməyə sövq edir. Münaqişənin uzunmüddətli xarakter alması artıq yalnız hərbi deyil, həm də geosiyasi balansı dəyişdirən faktora çevrilib.
Müharibənin uzanması isə regional deyil, qlobal təsirlərə də yol açır: dünya iqtisadiyyatında dalğalanmalar artır, enerji və ərzaq bazarları təzyiq altında qalır, qiymətlər stabilləşmir, nəqliyyat xərcləri yüksəlir və beynəlxalq logistika zəncirləri pozulur.
Nəticədə, qlobal ticarətin ritmi zəifləyir və bir çox ölkələr yeni iqtisadi adaptasiya modelləri axtarmağa məcbur olur. Eyni zamanda, iqtisadi qeyri-sabitlik yeni güc mərkəzlərinin formalaşması üçün zəmin yaradır.”
Siyasi şərhçi qeyd edib ki, Rusiya isə Qərbin sanksiyalarından yayınmaq üçün cənub və şərq istiqamətlərində yeni ixrac marşrutları açmağa, Çin, Hindistan, İran, Yaxın Şərq və Afrika ölkələri ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır:
“Lakin bu cəhdlər Qərb bazarlarına çıxışın, yüksək texnologiyaların və xarici investisiyaların itkisinin yaratdığı boşluğu tam doldurmur. Nəticədə Rusiyanın iqtisadiyyatı çətinliklərlə üzləşir, rubl dəyər itirir, sənaye sahəsində problemlər artır, əhali arasında sosial narazılıq dərinləşir. Hökumətin iqtisadi manevr imkanlarının daralması isə uzunmüddətli perspektivdə Moskvanın siyasi qərar qəbul etmə prosesinə də təzyiq göstərir. Eyni zamanda ABŞ və Avropa İttifaqı sanksiya siyasətini genişləndirərək Moskvanın neft-qaz satışlarını, maliyyə əməliyyatlarını və texnoloji resurslara çıxışını sərt şəkildə məhdudlaşdırır.
Məqsəd Rusiyanın strateji imkanlarını zəiflətmək və onu danışıqlarda daha yumşaq mövqeyə məcbur etməkdir. Bu təzyiq aləti həm də Qərbin müharibənin sonrakı mərhələlərinə yönəlik strategiyasının əsas komponentinə çevrilib.”
















