Dövlət hörməti təsadüfi ola bilməz – Şərafəddin İlkin yazdı

Dövlət hörməti təsadüfi ola bilməz – Şərafəddin İlkin yazdı

Dövlətin göstərdiyi hörmət heç vaxt təsadüfi olmamalıdır. Çünki bu hörmət təkcə bir şəxsə yönəlmir — bütöv bir dəyər sistemini ifadə edir.

Kimə, nə vaxt və hansı səviyyədə ehtiram göstərilməsi cəmiyyət üçün açıq mesajdır. Bu mesaj bəzən qanunla deyil, davranışla ötürülür və çox vaxt daha güclü təsir bağışlayır. Məhz buna görə dövlət strukturlarının nümayiş etdirdiyi hər bir təmtəraq, hər protokol jesti ictimai sual doğurur və doğurmalıdır. Xüsusilə də bu münasibət sənət, populyarlıq və dövlət ciddiyyəti arasındakı sərhədləri bulanıqlaşdıranda.
Röya mənim də sevdiyim müğənnidir. Onun səsi, repertuarı və böyük auditoriyası var. İstənilən insan belə diqqət və ehtiramla qarşılanmaq istəyə bilər — bunda qeyri-adi heç nə yoxdur. Qeyri-adi olan bu münasibətin məhz dövlət strukturu tərəfindən, özü də bu səviyyədə nümayiş etdirilməsidir.


Röya sənətkardırmı? Akademik mənada — xeyr. O, milli musiqi məktəbi yaratmayıb, mədəniyyətin fundamental qatına yeni istiqamət gətirməyib. Bu, ittiham deyil, faktın ifadəsidir. O, kütləvi mədəniyyətin uğurlu nümayəndəsidir və bu nə günahdır, nə də qüsur. Amma sual qalır: bu fakt dövlət protokolu üçün yetərlidirmi?
Xətai rayonunda Röyanın rayon icra hakimiyyətinin başçısı, yüksək vəzifəli şəxslər və hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən rəsmi protokol ab-havasında, xüsusi təmtəraqla qarşılanması izaha ehtiyac yaradır. Bu münasibət hansı konkret üstün xidmətə əsaslanırdı? Onun hansı fəaliyyəti dövlət üçün strateji əhəmiyyət daşıyır? Hansı töhfəsinə görə bu səviyyədə ehtiram göstərildi?
Əgər söhbət sənətə hörmətdən gedirsə, sual daha da kəskinləşir. Azərbaycan mədəniyyətində Röyadan qat-qat ağır yük daşımış, milli musiqinin formalaşmasında mühüm rol oynamış sənətkarlar var. Onların bir çoxu belə qarşılanmayıb. Əgər meyar fəxri addırsa, “Xalq artisti” adı ilə yanaşı ali dövlət ordenlərini daşıyan onlarla şəxs mövcuddur.
Belə olan halda yalnız bir ehtimal qalır — populyarlıq. Amma populyarlıq dövlət davranışının ölçüsü ola bilməz. Dövlət reytinqə görə yox, dəyərə görə münasibət qurmalıdır. Əks halda nümayiş etdirilən bu hörmət forması cəmiyyətdə yanlış anlayış yaradır.

Bu mənzərə gənclərə açıq mesaj verir: zəhmət, uzunmüddətli xidmət və peşəkarlıq ikinci plandadır; əsas olan tanınmaqdır. Dövlət strukturu tərəfindən verilən bu mesaj nə təsadüfidir, nə də zərərsiz. Çünki dövlət bəzən susaraq da tərbiyə edir.
Bu yazı Röyanın şəxsiyyətinə qarşı deyil. O, öz yolunu seçib və uğur qazanıb. Sual Röyaya yox, onu bu səviyyədə qarşılayanlara ünvanlanır. Dövlət protokolunu bu qədər ucuzlaşdırmaq olarmı? Hörmətin ölçüsü haradan başlayır və harada bitir?
Bu suallar cavabsız qaldıqca, problem də qalacaq.
Və son sual: Röyaya bu cür hesabat verən bir icra başçısı görəsən hansı şəhid anasına eyni diqqət və qayğını göstərir?

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: