Doğma dilim və kimliyim – Samir ƏSƏDLİ yazdı

Doğma dilim və kimliyim – Samir ƏSƏDLİ yazdı
Orta məktəblərdə, xüsusən ibtidai siniflərdə “Ana dili” günü ilə bağlı keçirilən fləşmoblar və tədbirlər olduqca təqdirəlayiq və yerində atılmış addımlardır.
Bu cür aksiyalar uşaqlarda doğma dilə sevgi, hörmət və məsuliyyət hissini formalaşdırır. Vətəndaşın öz ölkəsinin rəsmi dilinə, xüsusilə ana dilinə göstərdiyi qayğı milli şüurun göstəricisidir. Hər bir toplum öz dilinə diqqət və həssaslıqla yanaşmalıdır.
Ana dili insanın kimliyini yaşadan ən əsas dəyərdir. İnsan dünyanı ilk dəfə ana dilində dərk edir, düşüncələrini bu dildə formalaşdırır və hisslərini bu dildə ifadə edir. Dil yalnız ünsiyyət vasitəsi deyil, bir xalqın tarixi yaddaşı, mənəvi varlığı və milli kimliyidir.
21 fevral – Beynəlxalq Ana Dili Günü bizə bir daha xatırladır ki, ana dilini qorumaq hər bir vətəndaşın milli məsuliyyətidir. Dilinə sahib çıxmayan xalq zamanla öz kökündən, tarixindən və mənəvi dəyərlərindən uzaq düşür. Azərbaycan dili əsrlər boyu xalqımızın düşüncəsini, mübarizəsini, sevincini və kədərini yaşadaraq bu günə qədər gəlib çıxmışdır.
Bu gün ana dilimizi sevmək, onu düzgün, saf və zəngin şəkildə işlətmək hər birimizin borcudur. Çünki ana dili yaşadıqca xalq yaşayır, xalq yaşadıqca dövlət möhkəmlənir.
Doğma dilə diqqət özünə, keçmişinə və gələcəyinə hörmətdir.
Share: