Son zamanlar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kiber-cinayətkarlıq halları ilə bağlı vətəndaşlara davamlı olaraq müraciətlər edilir. Əlbəttə ki, buna görə başda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov olmaqla bütün polis əməkdşalarına təşəkkür edirik.
Vətəndaşlarımızın kiber talamaya məruz qalmamaları üçün Daxili İşlər Nazirliyinin kiber-maarifləndirmə çağırışları Nəsimi rayonunda da həyata keçirilir. Əhalinin bu istiqamətdə məlumatlandırılması üçün Nəsimi rayonu polis idarəsi tərəfindən də aidiyyəti sahə üzrə təbliğat-maarifləndirmə tədbirləri davam etdirilir.
Vətəndaşlara qarşı kiber-üsulla törədilən cinayətlərin qarşısının alınması məqsədilə Nəsimi rayonu polis idarəsinin əməkdaşları tərəfindən də əhaliyə paylanılan maarifləndirmə tədbirləri bunlardır:
- Whatsapp, Telegram və s. kimi platformalarda xarici nömrələrdən pul qazanmaq məqsədilə gəlmiş mesajlardakı linklərə daxil olmayın. Məsələn – Sizə xarici nömrələrdən müxtəlif mesajlar gəlir, mesajlardakı səhifələrə keçid etdikdə sizə müəyyən məbləğ pul qoymaqla daha çox qazanc əldə etmək vədi verirlər. Siz də səviyyələri keçdikcə məsələn 10 manat qoymaqla 20 manat, 20 manat qoymaqla 50 manat, 100 manat qoymaqla 200 manat və s. təklif edirlər. Ən sonda məbləğ yüksəldikcə siz daha çox pul qoyursunuz və nəticədə aldadılmış olursunuz.
- Mesaj vasitəsilə poçt və yaxud başqa adla karqoların çatdırılması ilə bağlı ünvan yaxud kart məlumatlarını qeyd etməyin. Məsələn – Sizə Azərpoçt yaxud buna bənzər hər hansı başqa bir adla mesaj vasitəsi ilə link göndərilir və nəticədə Siz həmin linkə daxil olduqdan sonra kart məlumatlarınız dələduzlara ötürülərək mobil tətbiqiniz ələ keçirilir. Beləliklə pul vəsaitləriniz talanır.
- Turbo.az, Lalafo.az, Tap.az, Bina.az və.s kimi saytlarda yerləşdirilmiş elanlarınızla bağlı beh atmaq yaxud digər məqsədlər üçün kart məlumatlarınızı (3 rəqəmli məxfi kod və ya OTP kod) paylaşmayın. Məsələn – Siz özünüzə məxsus hər hansı bir predmeti satmaq üçün elan saytına yerləşdirirsiniz. Dələduz Sizə zəng edərək və ya sms yazaraq Azərbaycanda olmadığını, kart məlumatlarınızı və şəxsiyyət vəsiqənizi istəyərək beh atmaq istədiyini bildirir. Nəticədə Sizdən həmin predmeti almaq üçün beh atacaqları adı ilə kart məlumatlarınızı (əsasən də kartın arxasında olan məxfi CVV kodu) istədikdə kart məlumatlarınız ələ keçirilir və nəticədə pullarınız talanır.
- Xarici və yaxud yerli mobil nömrələrdən zəng edib özünü hər hansı bankın əməkdaşı kimi təqdim edən, kartınızdan pul vəsaitinin çıxarılmasına cəhd edildiyini bildirən şəxslərlə inanmayın və heç bir dialoqa girməyin. Məsələn – Sizə hər hansı nömrədən zəng gəlir və özünü bank əməkdaşı kimi təqdim edən şəxs kartınıza dələduzlar tərəfindən müdaxilə edildiyini söyləyir və kartınızın bloklanması lazım olduğunu deyib sizi aldadıb bütün məlumatlarınızı istəyir və siz təbii olaraq həyəcanlanıb ona bütün məlumatlarınız verirsiniz. Kart nömrənizi, kartın arxa hissəsində olan “CVV” (kartın arxasında olan 3 rəqəmli məxfi kod) məxfi kodu deyirsiniz və bütün pullarınızı çəkirlər.
- Facebook, instagram, telegram kimi sosial şəbəkələrdən missiyalar keçərək pul qazanmaq eləcə də müxtəlif səhmlər alaraq əlavə gəlir qazanc əldə etmək məqsədilə göndərilmiş linklərə daxil olmayın və elə vədlərə inanmayın. Məsələn -Bu sosial şəbəkələr vasitəsilə sizi müxtəlif səhifələrə yönləndirirlər. Sizə bu səhifələrdə müxtəlif əşya və predmetləri reklam etməklə pul qazanmaq vədi verirlər. Daha sonra səviyyələr artdıqca sizə pul qoyub daha çox pul götürməyi vəd edirlər. Daha sonra siz 20 manat qoyub 50 manat götürürsünüz, 200 manat qoyub 300 manat qazanırsınız. Sonda böyük məbləğ yatırım edəndə sizi aldadıb sizə qarşı dələduzluq edirlər.
- Dələduzluq faktını başa düşdükdən sonra boş bank kartınızı (İçərisində pul olmayan) paylaşmayın. Məsələn – Sizə hər hansı dələduzluq əməlinin həyata keçirməyə çalışan şəxs zəng edir. Və siz də bunu başa düşüb, həmin şəxsin əməlini ifşa etmək məqsədilə ona içərisində pul olmayan kartınızı göndərirsiniz. Həmin boş kartla bir bank sistemi vasitəsilə dələduzlar Ssizin digər hesablarınıza daxil olmağı bacarıb pul çəkə bilirlər.
- Mobil telefonlarınızı sazlamaq üçün proqromistlərə verdikdə diqqətli olun. Məsələn – Siz hər hansı telefonunuzu telefon mağazalarında işləyən usta və ya proqromistlərə verdikdə telefonunuzda olan məlumatları yeni telefona köçürmək istəyərkən telefonunuzda heç bir bank tətbiqini açıq saxlamayın.
- Sosial şəbəkələrdən müəyyən səhifələrə girib bilet almaq məqsədilə kart məlumatlarınızı heç bir cədvəldə qeyd etməyin. Məsələn – Siz hər hansı bir sosial şəbəkədən bilet almaq məqsədilə hər hansı səhifəyə keçid edərkən. Bilet almaq üçün Sizə cədvəl formasında anket məlumatlarınızı və kart məlumatlarınızı qeyd etmək üçün səhifə açılır. Siz həmin səhifədə şəxsi məlumatlarınızı qeyd edən zaman kartınızda olan bütün pullar dələduzlar tərəfindən çəkilə bilir.
- Sosial şəbəkələrdə (əsasən də TİKTOK) onlayn qaydada kredit vermək məqsədilə tanımadığınız şəxslərlə şəxsiyyət vəsiqənizi, fin kodunuzu, kart məlumatlarınızı heç bir halda paylaşmayın. Məsələn – Sizə instagramda kredit verilir, faizə pul verilir, faizə kredit və s. bu kimi adlı səhifələrdən mesaj yazırlar ki, rəsmi iş yeri olmadan kredit verilir. Siz də bu kimi səhifələr aldanıb şəxsiyyət vəsiqənizi və kart nömrənizi atırsınız. Daha sonra sizə deyirlər ki, sizə kredit verilməsi üçün balansınızda ən azı 300 manat, 500 manat, 700 manat və s. məbləğ olmalıdır. Sizdə kartınızın balansını artıran kimi kartınızdakı pulları çəkirlər.
- Bankomatlarda (Terminallarda) pul vəsaitlərinizi çıxardıqdan bir müddət sonra hesabınızda olan pul vəsaitləri oğurlanır. Məsələn – Siz pul çıxartmaq üçün terminala yaxınlaşırsınız kartınızı daxil etmədən WİFİ və ya NFC (simsiz əlaqə) vasitəsi ilə pulunuzu çıxardıqdan sonra Sizin səhifə açıq qalır növbədə olan şəxs bundan istifadə edərək hesabınızda olan digər məbləğdə pulu öz hesabına göndərir və yaxud Bankomatdan çıxarır. Bu kimi hallarda pul çıxardıqdan sonra 20 saniyə gözləyin səhifəniz bağlansın.
- Başqa şəxslərə məxsus bank kartları vasitəsi ilə pulun nağdlaşdırılması- Məsələn oğurlanmış pul vəsaitlərini saxta nömrələr ilə açılmış elektron pul kisələrinə köçürürlər, daha sonra Bankomatların, (Terminalın) qarşısında dayanan şəxslərə yaxınlaşaraq hansısa ad ilə aldadaraq onlara məxsus kartlara oğurlanmış pulları köçürərək nağdlaşdırılmasına nail olurlar.
- Yaşlı vətəndaşların ev telefonlarına və ya mobil telefonlarına xarici nömrələrdən zəng edərək- Məsələn dələduzlar zəng edərək özlərini Həkim, Rusiya Federasiyasının və yaxud hansısa bir ölkənin dövlət işçisi kimi təqdim edərək övladınızın, Bacı, Qardaş, Ata, Ana və yaxın qohumlarının qəzaya düşdüyünü, güya ölümcül halda olduqlarını, və ya övladlarının sürdüyü maşınla 2-3 nəfər şəxsi birdən vurduğunu yalandan məlumat verərək, təcili pul lazım olduğunu bildirib mənzillərə kuriyerlər göndərərk pullarınızı alaraq sizləri aldadırlar. Bu kimi zənglərlə qarşılaşdıqda dər hal DİN-nin 102 xidmətinə müraciət edin.
- Online qaydada gül və s. kimi sifarişi edib kart vasitəsilə qabaqcadan ödəniş etməyin. Məsələn – 3-5 gün qabaqcadan istədiyiniz tarixə gül və ya başqa bir əşya sifarişi verirsiniz və hesabını kart vasitəsilə online qaydada ödəyirsiniz və ya beh atırsınız. Güman edirsiniz ki, müəyyən məbləğdə ödənişini etdiyiniz gülü və ya digər əşyanı istədiyiniz tarixdə Sizə çatdıracaqlar. Lakin belə olmur və dələduzlar tərəfindən aldanılmış olursunuz.
- Süni intellekt yolu ilə aldatma– Yəni xarici nömrələrdən Sizin mobil nömrənizə zəng gələrək övladınızın, ata, ana, bacı, qardaşınızın və yaxud yaxın qohumlarınızın səsi ilə danışılaraq hansısa yolla yalandan pul lazım olduğunu bildirirlər belə olduğu halda Siz qarşı tərəfdən görüntülü danışmağı tələb edin.
- Android sistem tərəfindən müxtəlif virusların göndərilməsi – Bu hallar əsasən android sistemə malik mobil telefonlara (Samsung, Xiomi, Redmi və.s) link göndərirlər və nəticədə Siz həmin linkə daxil olarkən telefonunuz sönür. Müəyyən vaxt keçdikdən sonra telefonunuz açılır və nəticədə hesabınızda olan pullar talanmış olur. MƏNŞƏYİ BİLİNMƏYƏN LİNKLƏRƏ DAXİL OLMAYIN.
- Hesabınızda külli miqdarda pul vəsaitinin və ya kriptovalyutanın olması – Belə ki, dələduzlar (əsasən də Nigeriya və Cənubi Amerika ölkələrinə məxsus nömrələr ilə) Sizə zəng edərək və ya smslər göndərərək adınıza külli miqdarda pul vəsaitinin və ya kriptovalyuta (USDT) olmasını bildirirlər. Daha sonra montajlanmış şəkildə külli miqdarda pul vəsaitinin təyyarəyə yüklənməsi fotolarını atırlar. Siz də ona aldanırsınız və nəticədə həmin pul və ya kriptovalyutanı almaq üçün vergi ödənilməlidir və ya audit xidmətinə vəsait ödənilməlidir kimi bəhanələr gətirərək Sizdən pullar köçürmənizi istəyirlər. ALDANMAYIN.
- Bank işçisi adı ilə – Dələduzlar müxtəlif ölkələrə məxsus lakin sonu Azərbaycan ərazisində fəaliyyət göstərən bankların “qaynar xəttinə oxşayan mobil nömrələr (məsələn: +99424000196) ilə Sizə zəng edərək bank əməkdaşı olmasını və kartınıza müdaxilə olunmasını bildirirlər. Siz də aldanaraq kart məlumatlarınızı ona verirsiniz və nəticədə hesablarınız ələ keçirilərək pullarınız talanır.
- İtirilmiş pulların qaytarılması ilə – bağlı Dələduzlar zəng edərək kartınıza hal hazırda müdaxilə olunduğunu bildirir və buna qarşı təhlükəsizlik tədbiri görəcəklərini vəd verərək kart məlumatlarınızı əldə etməklə hesablarınıza daxil olub pullarınız talayır.
- Guya dələduzun və ya oğurluq edən şəxsin saxlanılması – Sizə zəng edən şəxs özünü polis işçisi kimi təqdim edərək guya dələduzluq və oğurluq edən şəxsi saxladıqlarını bildirməklə hesab məlumatlarınızı öyrənərək pullarınızı talaya bilər. Belə olan halda DİN-in “102” xidmətinə zəng edin.
- İzləmə proqramları – Sosial şəbəkələrdə (əsasən də TİKTOK-da) xaker xidməti göstərdiklərini bildirərək istənilən şəxsi izləyə bildiklərini vəd verən səhifələrə aldanmayın. Onlar Sizdən göstərdikləri xidmət qarşılığında pul tələb edəcəklər və nəticədə Siz onlara pul göndərərk aldanacaqsınız. BƏLKƏ DƏ DƏLƏDUZ TƏRƏFİNDƏN ŞANTAJA MƏRUZ QALACAQSIZNIZ. Sizə izlətmək istədiyiniz adama bu barədə məlumat verərək şantaj edəcək və əlavə pul tələb edə biləcəklər.
- Ev kirayələmək adı ilə beh istəyən şəxsləri görmədən, evə baxmadan pul göndərməyin – Bu məsələ əsasən yay aylarında və ya uzunmüddətli tətil olan günlərdə aktual olur. İstirahətə getmək istəyən şəxslər müxtəlif elan saytlarında və ya Tik-Tokda belə elanlar görür. Danışdığı şəxs onlara evi saxlamaq üçün beh istəyir. Siz beh atırsınız. Və nəticədə aldanmış olursunuz.
- Bank işçisi adı ilə dələduzluq – Əsasən bayram günlərində Sizə zəng edən şəxs kart məlumatlarınızı əldə etmək üçün müxtəlif bəhanələr gətirərək məlumatlarınız əldə edirlər. Çünki onlar yaxşı bilirlər ki, tətil günlərində banklar işləmir və vətəndaşlar məlumat ala bilməyəcəklər.
- Elan saytlarında avtomobil ehtiyat hissələrinin satışının təşkil edilməsi ilə bağlı elan yerləşdirilir. Bu zaman beh və ya tam ödəniş tələb olunur. Satılan əşyaları və ya hər hansı məhsulu görmədən beh və ya tam pul köçürməyin.
ƏGƏR HƏR HANSI BİR FORMADA PUL KÖÇÜRMƏK İSTƏSƏNİZ ANCAQ BANK HESAB NÖMRƏSİ (kartın üzərində olan 16 rəqəmi və ya son 8 rəqəmi) İSTƏYİN. M10, Mpay, Xəzri, Epul və.s kimi ödəmə hesablarına pul köçürməyin”.






















