Damət Salmanoğlu:Şeirlərim qəlbimin Qeybdən sədasıdır, Şeirlərim ruhumun İlahi duasıdır

Damət Salmanoğlu:Şeirlərim qəlbimin Qeybdən sədasıdır, Şeirlərim ruhumun İlahi duasıdır

Həyat səni aldadanda

Bu dünyanın ömür yolu,
Hər cığırı bir xatirə.
Hər xatirə ağır yükdür,
Yaşananlar — bir xatirə.
.
Çək gözünü bu yollardan,
Ümidini yorma daha.
Ay gözləri yolda qalan,
Addımla doğru sabaha.
.
Qoy hicran boğmasın səni,
Qayıt, qayıt özünə sən.
Boğ bələyində dərd-qəmi,
Qayıt özəl ününə sən.
Şəkilin açıqlaması yoxdur.
Həyat səni aldadanda,
Gülümsədi, sonra getdi.
Sən inanıb susdun ona,
O da ayrı yolla getdi.
05.02.2026

Sözlərim nurdan doğar

Şeirlərim qəlbimin
Qeybdən sədasıdır,
Şeirlərim ruhumun
İlahi duasıdır.
Sanki göydən vəhy gəlir,
Pıçıldayır astaca.
Əlimdəki bu qələm
Köçürür ağ vərəqə.
Gecələr ilham pərim,
Ulduzlarla sayrışar.
Sözüm nurdan süzülər,
Sözüm,sözlə danışar.
Şerim yazılan anı.
Zaman susar, dayanar,
Yazılanda hər misra,
Mələklər şahid olar.
Səssiz axan nəfəsə
Qəlbim sirr qapısıdır,
Yazdığım hər kəlmənin
Açarı göylərdədir.
Hər misrası bir sirrdir,
Açılmaz hər könülə.
Sözlərim nurdan doğar,
Düşər qəlbdən dilimə.
04.02.2026

Bir təbəssüm

Dalmısan bir anlıq…
Bu qış gecəsi.
Elə bil kimsə
susqun gecələrdə
ürəyinin pəncərəsini döyür.
Qışın soyuğunda, sazağında
sükut danışmağa başlayır,
külək belə adını pıçıldayır.
Sanki kiminsə baxışları
səni izləyir…
Bir baxışın istiliyi
illərin soyuğunu əridir,
bir təbəssüm
taleyin cizgilərini dəyişir.
Sənə sevməyi öyrədən
o baxışlar
pıçıltıyla deyir:
Qorxma, gəl yaxına.
İtirmək qorxusu ilə yox,
dua kimi sev.
Qoy, eşq —
qəlbində işıq olub parlasın,
sonsuzluğa qədər
ruhuna hakim olsun!
01.02.2026
Share: