Damət Salmanoğlu:Bu qış danışmır, təbiətin canlı möcüzəsi olan torpaqla qucaqlaşır.

Damət Salmanoğlu:Bu qış danışmır, təbiətin canlı möcüzəsi olan torpaqla qucaqlaşır.

Xatirələr ağlığa bürünür

Boz səma alçaqdan baxır yer üzünə,
buludlar ağır-ağır sürünür,
sanki qışın deməyə sözü var.
Külək əsir
nə sakitdir,
nə də tələsik;
ovucuna alıb hər şeyi,
buraxmaq istəmir.
Yağış düşür torpağa,
soyuq damlalar
payızın gecikmiş ahı kimi.
Sonra qar başlayır.
Külək qar dənələrini
öz hökmü ilə oynadır,
lopa-lopa,
səssiz, ağır-ağır yerə enir.
Yollar itir, izlər silinir,
xatirələr ağlığa bürünür.
Bu qış danışmır,
eleqiya kimi susur,
təbiətin canlı möcüzəsi olan
torpaqla qucaqlaşır.
18.01.2026

Mən türkəm –

hayqıran xalqım var mənim

Güneydə qırx milyon türküm var mənim,
Zəncirlə bağlanmaz haqqım var mənim.
Artıq oyanıbdır, yetişib zaman,
Mən türkəm – hayqıran xalqım var mənim.
.
Qadağa qoyulub ana dilimə,
Yüz ildir dözürük zalım zülümə.
Daha sığmaz bu xalq heç bir qəfəsə,
Mən türkəm – hayqıran xalqım var mənim.
.
Araz bölə bilməz qəlb birliyini,
Heç kim boğa bilməz xalqın dilini.
Min illik kökdür bu, qırılmaz üni,
Mən türkəm – hayqıran xalqım var mənim.
.
Bu səs dağ aşacaq, daş yaracaqdır,
Zülmün divarını aşıracaqdır.
Türkün haqqı yenə qayıdacaqdır,
Mən türkəm – hayqıran xalqım var mənim.
.
Millətin bir yolu, bir amalı var,
O yol şərəf yolu, ünvanı Turan.
Önündə titrəyər yalançı divan,
Mən türkəm – hayqıran xalqım var mənim.
11.01.2026
Share: