Damət Salmanoğlu: Hər misram nur kimi enər könlünə

Damət Salmanoğlu: Hər misram nur kimi enər könlünə

Mən necə sevməyim

Mən necə sevməyim
Bənövşə boylu gülümü,
Məsum-məsum baxışlarıyla
Ürəyimə günəş kimi dolan sevgilimi?
.
Mən necə sevməyim
Qəlbimin sirdaşını,
Uşaq tək qayğıma qalan
Həyatımın yol yoldaşını…
.
Mən necə sevməyim,
Onu düşünəndə elə bil
Dünya bir anlığa dayanır.
Nə küləyin səsi gəlir, nə də zaman keçir,
Yalnız qəlbimdə onun nəfəsinin
İlıq əsintisi dolanır…
12.12 2025

Bu şəhərdə

Bu şəhərdə,
Ümidləri solan çox,
Sevgiləri nakam qalan çox…
Amma ki,
Sevgisinə sənintəki sadiq qalan yoxdur.
Bu şəhərin küçələri,
Küçəboyu uzanan ağacları,
Hər budağı, hər yarpağı
Sevgi dolu baxışlara şahiddir.
Bilirəm ki,
Hər gün, hər an
Axtarırsan hər ağacın yarpağında
Bəlkə də izlər qoyub gedən,
Sənə məxsus o baxışları.
Axtarırsan küçə-küçə
Ayaqlarının xəfif izlərini,
Küləyin içində gizlənmiş
Nəfəsinin isti hənirini…
Hiss edirsən ötən günlərin sevincini,
Səni özünə çəkən o sirli səsi,
O təravətli nəfəsi.
Bu şəhər də səni tanıyır,
Səninlə bərabər darıxır.
Hər döngəsi, hər səsi, hər addımı
Səninlə yaşanmış bir hekayəni xatırladır.
Çünki bu şəhərdə
Solan min ümidin içində
Hələdə yaşayan bir ümid var.
Adını deməsən də,
Hələ də ürəyində qalan, sevgin var..
10.12.2025

Seçilənlər 

Allahın seçdiyi bəndələrindən,
Şairlər seçilən bəndələridir.
Onlar ruhlarını sözlə yoğurar,
Onlar əzəl gündən ruh ortağıdır.
.
Göylərin sükutu uyuyan zaman
Üzünə açılar göylər qapısı.
Hər misra nur kimi enər könlünə,
Üzünə açılar sirlər qapısı.
.
Sözü misra-misra düzüb bəndlərə,
Hər sözün mənasın ariflər bilər.
Nur ilə açılan bəsirət gözün
Haqq aşiqlərini zahidlər görər.
07.12 2025
Share: